İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması sadəcə dağılmış binaların bərpası demək deyil. Bu, yeni həyatın, müasir şəhərlərin və gələcəyə hesablanmış yaşayış mühitinin yaradılması deməkdir. Bu baxımdan “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” Kəlbəcərin gələcəyinin yol xəritəsidir. Kəlbəcər şəhəri günü münasibətilə bu sənədin əsas prinsiplərinə və onun həyata keçirilməsi istiqamətində görülən işlərə nəzər salmaq maraqlıdır.
Kəlbəcər şəhərinin Baş planı 2022-ci il iyunun 26-da Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı dövlət başçısına təqdim olundu. Baş plan şəhərin uzunmüddətli inkişafının bütün aspektlərini əhatə edir: yaşayış zonaları, sosial infrastruktur, inzibati binalar, mədəniyyət və turizm obyektləri, yaşıllıq sahələri, nəqliyyat sistemi və mühəndis kommunikasiyaları vahid konsepsiya əsasında planlaşdırılıb.
Baş planın əsas məqsədi Kəlbəcəri müasir, rahat, təhlükəsiz və ekoloji təmiz dağ şəhərinə çevirməkdir. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonu olduğundan şəhərsalma zamanı relyefin, iqlimin və təbii landşaftın xüsusiyyətləri xüsusi diqqətlə nəzərə alınır. Binaların hündürlüyü, memarlıq üslubu və istifadə olunan materiallar dağ mühitinə uyğun seçilir. Şəhərin təbii gözəlliyini qorumaq, onu ətraf mühitlə harmoniyada inkişaf etdirmək planın əsas prinsiplərindəndir.
Baş planın mühüm istiqamətlərindən biri yaşayış fondunun yaradılmasıdır. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi inşa olunur. İlk yaşayış məhəlləsinin təməli 2023-cü il mayın 27-də qoyulub. 2024-cü il sentyabrın 2-də şəhərdə 2-ci yaşayış kompleksinin, 2025-ci il avqustun 21-də isə 3-cü və 4-cü yaşayış komplekslərinin təməli qoyulub. Həmin gün Kəlbəcər şəhərinin sakinlərinə mənzillərin açarları təqdim olunub. Yaşayış komplekslərinin mərhələli tikintisi şəhər əhalisinin planlı şəkildə artmasına imkan verir.
Şəhərin sosial infrastrukturu da Baş plana uyğun formalaşır. 2023-cü ildə Kəlbəcər şəhərində məktəb binasının təməli qoyulub. Kəlbəcər Şəhər Təhsil Kompleksində müasir təhsil mühiti yaradılır, modul tipli məktəb layihəsi həyata keçirilib. 2023-cü ildə istifadəyə verilən hərbi hospital bölgədə tibbi xidmətin təşkilinə töhfə verir. 2024-cü ildə şəhərdə inzibati binanın təməli qoyulub.
Baş planda tarixi yaddaşın qorunmasına xüsusi yer ayrılıb. 2022-ci il iyunun 26-da Kəlbəcərdə İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub. Bu kompleks Kəlbəcərin həm faciəli, həm də qəhrəmanlıq dolu tarixini əks etdirəcək. İşğal muzeyi 27 illik işğalın, dağıntıların və vandalizmin həqiqətlərini, Zəfər muzeyi isə Vətən müharibəsinin şanlı salnaməsini gələcək nəsillərə çatdıracaq.
Müasir idarəetmə də planın vacib tərkib hissəsidir. Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməli 2022-ci ildə qoyulub. Bu mərkəz şəhər həyatının müxtəlif sahələrinin – kommunal xidmətlərin, təhlükəsizliyin, nəqliyyatın və enerji təchizatının rəqəmsal texnologiyalar əsasında idarə olunmasını təmin edəcək. Beləliklə, Kəlbəcər müasir “ağıllı şəhər” prinsiplərinin tətbiq olunduğu yaşayış məntəqəsinə çevriləcək.
Yaşıllıq və istirahət zonaları da planın diqqət mərkəzindədir. 2025-ci il avqustun 21-də Kəlbəcər şəhər parkının təməli qoyulub. Park sakinlərin və qonaqların istirahəti üçün geniş yaşıl məkan olacaq. Şəhərin ətrafındakı təbii landşaft, dağ yamacları və çay sahilləri də istirahət və turizm məqsədilə istifadə olunacaq.
Baş plan Kəlbəcəri dağ turizminin regional mərkəzinə çevirməyi nəzərdə tutur. Şəhərin yaxınlığında yerləşən İstisu kurort zonası, “İstisu” Müalicə-İstirahət Kompleksi və tarixi abidələr turistlərin diqqətini cəlb edəcək. Bu məqsədlə nəqliyyat infrastrukturu da genişləndirilir: Toğanalı-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yolları şəhəri ölkənin digər bölgələri ilə rahat əlaqələndirəcək.
Enerji təchizatı baxımından Baş plan yaşıl enerji prinsiplərinə əsaslanır. Kəlbəcər rayonunda istifadəyə verilən kiçik su elektrik stansiyaları şəhərin və ətraf yaşayış məntəqələrinin ekoloji təmiz enerji ilə təmin olunmasına imkan verir. Binaların layihələndirilməsində enerji səmərəliliyi tələbləri nəzərə alınır.
Baş planın həyata keçirilməsində yerli sakinlərin rəyi və ehtiyacları da nəzərə alınır. Kəlbəcərlilərin ənənəvi həyat tərzi, təsərrüfat fəaliyyəti və mədəni xüsusiyyətləri şəhərsalma qərarlarında öz əksini tapır. Məsələn, arıçılıq və maldarlıqla məşğul olan ailələr üçün əlverişli şərait yaradılması, yerli məhsulların satışı üçün ticarət məkanlarının ayrılması, mədəniyyət və icma mərkəzlərinin tikilməsi nəzərdə tutulur. Bu yanaşma şəhərin həm müasir, həm də öz kimliyinə sadiq qalmasını təmin edir. Kəlbəcər yeni simada olsa da, öz ruhunu qoruyacaq.
2040-cı ilədək Kəlbəcər canlı, məskun və inkişaf edən bir şəhərə çevriləcək. Baş plan keçmişin yaddaşını qoruyaraq gələcəyin şəhərini qurmaq məqsədi daşıyır. İşğalçının yandırıb dağıtdığı Kəlbəcər yerində müasir, gözəl və rahat bir dağ şəhəri ucalır. Bu, Zəfərin quruculuqla davam etdirilməsinin ən bariz nümunəsidir.
Gülbəniz Əliyeva,
YAP Füzüli küçəsi 65 üzrə ƏPT sədri (ARXKOM), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi İşlər və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri