PDF Oxu

Araşdırma

  • 837

Alzeymer xəstəliyinin daha erkən əlamətləri aşkar edilib

Alzeymer xəstəliyinin daha erkən əlamətləri aşkar edilib

Johns Hopkins Universitetinin tədqiqatçıları Alzeymer xəstəliyinin hipokampusa çatmazdan əvvəl beyində iz buraxan iki nahiyəsini müəyyən ediblər. Bu tapıntı xəstəliyin əlamətləri başlamazdan əvvəl aşkarlanmasına kömək edə biləcək yeni biomarkerlərin yaradılmasına yol aça bilər.

Tədqiqatçılar xəstəliyin müxtəlif mərhələlərində olan insanların yüzlərlə beyin görüntüsünü təhlil ediblər. Nəticələr göstərib ki, beynin entorinal korteks və amiqdala nahiyələri yaddaşdan məsul əsas bölgə olan hipokampusdan əvvəl kiçilməyə başlayır. Həkimlər Alzeymer xəstəliyinin əlamətlərini adətən hipokampusda axtarırlar.

“Biz beyində klinik simptomlar yaranmazdan on ilədək əvvəl atrofiya əlamətlərinin müşahidə olunduğu erkən dəyişikliklər aşkar etmişik”, — tədqiqatın baş müəllifi, biotibbi mühəndis Maykl Miller bildirib. Onun sözlərinə görə, beyin dəyişiklikləri simptomlar üzə çıxmazdan 5–10 il əvvəl başlaya bilər. Bu dəyişiklikləri yaddaş pozuntuları yaranandan sonra deyil, daha erkən mərhələdə müalicə etmək mümkün olarsa, bu, böyük irəliləyiş olar.

Tədqiqatın nəticələri NeuroImage Reports jurnalında dərc olunub. Araşdırma həmçinin Neyroelm Cəmiyyətinin illik toplantısı olan Neuroscience 2026-da təqdim edilir.

Alzeymer xəstəliyi dünyada demensiyanın əsas səbəbidir. Məlumdur ki, xəstəlik yaddaş itkisi əlamətləri görünməzdən onilliklər əvvəl beyində inkişaf etməyə başlayır. Tədqiqatçılar müalicənin məhz bu erkən mərhələlərdə daha təsirli ola biləcəyini düşünürlər. Buna görə xəstəliyin ilkin mərhələlərini müəyyən edən etibarlı biomarkerlərin hazırlanması mühüm əhəmiyyət daşıyır.

“Bizim məqsədimiz Alzeymer xəstəliyinin əlamətləri yaranmazdan əvvəl insanları müalicə edə bilməkdir ki, xəstəliyin inkişafı ləngidilsin, hətta dayandırılsın”, — tədqiqatın həmmüəllifi, Johns Hopkins Alzeymer Xəstəliyi Araşdırma Mərkəzinin direktoru Merilin Albert deyib.

Komanda Alzeymer xəstəliyi olan, lakin hələ simptomları müşahidə edilməyən, koqnitiv pozuntular yaşayan və xəstəlikdən vəfat etmiş insanların maqnit-rezonans tomoqrafiyası (MRT) və pozitron-emissiya tomoqrafiyası (PET) görüntülərini araşdırıb. Məlumatlar iki müstəqil tədqiqat qrupundan — Alzeymer Xəstəliyinin Neyrogörüntüləmə Təşəbbüsündən və Normal Fərdlərdə Koqnitiv Geriləmə Biomarkerləri Araşdırmasından əldə edilib.

Hər iki tədqiqat qrupunda xəstəliyin erkən mərhələsində entorinal korteks və amiqdalada hipokampusla müqayisədə daha nəzərəçarpan atrofiya və həcm itkisi müşahidə olunub. Entorinal korteks əvvəlki xatirələrin yada salınmasında, amiqdala isə emosional yaddaşda iştirak edir.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, boz maddənin kiçilməsi məkan baxımından tau zülalındakı dəyişikliklərlə üst-üstə düşür. PET görüntüləmə və rəqəmsal patoloji vasitəsilə ölçülən tau patologiyası Alzeymer xəstəliyinin məlum əlamətlərindən biridir.

Alimlərin fikrincə, bu iki beyin nahiyəsindəki atrofiyanı birlikdə ölçmək xəstəliyin erkən mərhələdə aşkarlanması üçün daha yaxşı göstərici ola bilər. Beyin görüntüləmə texnologiyaları daha əlçatan və ucuz olduqca, bu yanaşmanın tətbiq imkanları da arta bilər.

Alzeymer xəstəliyi ailə tarixçəsində olan və ya başqa narahatlıqları yaşayan insanlar üçün həkimlər gələcəkdə 30–40 yaşlarından etibarən bu beyin nahiyələrinin görüntülənməsini nəzərdən keçirə bilərlər.

“Biomarkerlər və müalicə üsulları getdikcə əlçatan olduqca, kimin koqnitiv geriləmə yaşayacağını əvvəlcədən müəyyənləşdirmək daha vacib olacaq”, — tədqiqatın həmmüəllifi, Alzeymer və digər demensiya növlərini araşdıran neyropatoloq Meqan Morris bildirib. Onun sözlərinə görə, bu yanaşma yaxın gələcəkdə koqnitiv geriləmə riski olan şəxsləri müəyyənləşdirməyə və xəstəliyin gedişini ləngitmək ümidi ilə müalicəyə daha erkən başlamağa kömək edə bilər.

Yeni nəticələrin Alzeymer xəstəliyinin diaqnostikasında istifadə olunması üçün əlavə araşdırmalara ehtiyac var. Tədqiqatçılar xəstəlik inkişaf etməyə başlayarkən baş verən molekulyar prosesləri daha yaxşı anlamaq məqsədilə bu beyin nahiyələrini dərindən öyrənməyi planlaşdırırlar.

Miller bildirib ki, növbəti mərhələdə alimlər atrofiyanın klinik biomarkerləri ilə əlaqəli tau zülalı dəyişikliklərinin ətrafındakı molekulyar mühiti daha dəqiq araşdıracaqlar. Bu proseslər barədə daha çox məlumat əldə edildikdən sonra yeni müalicə üsullarının hazırlanması mümkün ola bilər.

Lalə Mehralı

Digər xəbərlər