PDF Oxu

Araşdırma

  • 1 106

Azərbaycan–Qazaxıstan qardaşlığının Şuşada nümayişi: strateji tərəfdaşlığın möhkəm təməlləri - ŞƏRH

Azərbaycan–Qazaxıstan qardaşlığının Şuşada nümayişi: strateji tərəfdaşlığın möhkəm təməlləri - ŞƏRH

Azərbaycan və Qazaxıstan xalqlarını birləşdirən dostluq, qardaşlıq və qarşılıqlı etimad münasibətləri uzun illərin sınağından keçərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hər iki ölkə ortaq tarixi köklərə, zəngin mədəni irsə, milli-mənəvi dəyərlərə və türk dünyasının birliyinə əsaslanan möhkəm əlaqələrə malikdir. Azərbaycan və Qazaxıstan prezidentlərinin Şuşaya birgə səfəri də məhz bu münasibətlərin yüksək səviyyəsinin, qarşılıqlı hörmətin və siyasi həmrəyliyin mühüm ifadəsi kimi yadda qalmışdır.
Şuşa Azərbaycan xalqının milli qürurunu, tarixi yaddaşını və mədəniyyətini özündə yaşadan müqəddəs şəhərdir. Uzun illər işğal altında qalmış bu qədim şəhərin azadlığı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Şuşanın yenidən qurulması, tarixi simasının bərpası və əvvəlki şöhrətinə qovuşması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu baxımdan, xarici dövlət rəhbərlərinin Şuşaya səfərləri Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və tarixi həqiqətlərinə verilən siyasi dəstəyin mühüm göstəricisidir.
Şuşaya səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev şəhərin tarixi və mədəni abidələri ilə yaxından tanış olmuşlar. Dövlət başçıları Azərbaycanın görkəmli şəxsiyyətləri Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin heykəllərinə baxmışlar. İşğal dövründə zədələnmiş bu heykəllərin yenidən əvvəlki yerlərinə qaytarılması Azərbaycan xalqının öz milli-mədəni irsinə sahib çıxmasının parlaq nümunəsidir. Həmin abidələrin qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, Şuşa azad edildikdən sonra isə Prezident İlham Əliyevin tapşırıqları mühüm rol oynamışdır
Səfər çərçivəsində prezidentlər Şuşa şəhərinin Baş planı ilə də tanış olmuşlar. Onlara şəhərdə aparılan bərpa və quruculuq işləri, tarixi memarlıq nümunələrinin qorunması, yeni infrastrukturun yaradılması və yaşayış məkanlarının yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir. Şuşanın tarixi görkəminin qorunması ilə müasir şəhərsalma prinsiplərinin uzlaşdırılması qarşıya qoyulan əsas məqsədlərdəndir. Bu şəhər yalnız keçmişin yadigarı deyil, həm də Azərbaycanın gələcək inkişafının, quruculuq əzminin və milli iradəsinin rəmzidir.
Dövlət başçıları Natəvan bulağını ziyarət etmiş, Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan Yaradıcılıq Mərkəzindəki “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olmuşlar. Sərgidə Ulu Öndərin Qarabağın ictimai-siyasi, iqtisadi və mədəni həyatının inkişafı istiqamətində gördüyü işləri əks etdirən nadir fotoşəkillər, sənədlər və video materiallar nümayiş etdirilir. Bu ekspozisiya Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyevin rolunu, Qarabağa göstərdiyi xüsusi diqqəti və onun tarixi xidmətlərini bir daha diqqətə çatdırır.
Səfərin diqqətçəkən məqamlarından biri də Saatlı məscidinin ziyarəti olmuşdur. XIX əsrdə Qarabağ memarlıq məktəbinin görkəmli nümayəndəsi Kərbəlayı Səfixan Qarabağinin layihəsi əsasında inşa edilmiş bu məscid Şuşanın dini-mədəni irsinin mühüm nümunələrindəndir. İşğal illərində zərər görmüş məscidin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunması tarixi və dini abidələrimizin qorunmasına göstərilən diqqətin nəticəsidir. Prezidentlərin bu məscidi ziyarət etməsi Azərbaycanın zəngin mənəvi irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından da əhəmiyyətli idi.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bülbülün ev-muzeyinə və Cıdır düzünə səfəri də xüsusi məna daşımışdır. Bülbülün ev-muzeyi Azərbaycan musiqi mədəniyyətinin zənginliyini, milli sənət ənənələrinin davamlılığını nümayiş etdirən məkanlardan biridir. Cıdır düzü isə Şuşanın ən tanınmış rəmzlərindən olmaqla, Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutur. Bu məkanın azadlığı xalqımızın uzun illər davam edən həsrətinin sona çatmasının və tarixi ədalətin bərpasının simvoluna çevrilmişdir.
Prezidentlərin Qarabağ memarlıq məktəbinin ənənələri əsasında inşa edilmiş Yasəmən hotelinə baxış keçirməsi də şəhərdə aparılan bərpa və yenidənqurma işlərinin miqyasını nümayiş etdirmişdir. Şuşada həyata keçirilən layihələr qədim şəhərin memarlıq üslubunun qorunmasına, turizm imkanlarının genişləndirilməsinə və iqtisadi fəallığın artırılmasına xidmət edir.
Azərbaycan və Qazaxıstan arasında münasibətlərin inkişafında bu səfərin siyasi və diplomatik əhəmiyyəti də böyükdür. Hər iki ölkə türk dünyasının ayrılmaz hissəsi olaraq beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, regional təhlükəsizlik, iqtisadi inkişaf, nəqliyyat-kommunikasiya əlaqələri və humanitar məsələlər üzrə ortaq mövqelər nümayiş etdirir. Prezidentlərin qarşılıqlı səfərləri dövlətlərimiz arasında siyasi dialoqun möhkəmlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına və əldə edilmiş razılaşmaların həyata keçirilməsinə mühüm töhfə verir.

Rəvanə Seyidova
YAP Ordubad rayon təşkilatının fəalı

Digər xəbərlər