PDF Oxu

Siyasət

  • 906

Azərbaycan-Vyetnam: tarixi ənənələr, siyasi reallıqlar və gələcək hədəflər

Azərbaycan-Vyetnam: tarixi ənənələr, siyasi reallıqlar və gələcək hədəflər

Beynəlxalq münasibətlər sistemində dövlətlər arasında möhkəm əlaqələrin formalaşması yalnız siyasi qərarlardan və iqtisadi maraqlardan deyil, həm də xalqların tarixi yaddaşından, qarşılıqlı hörmətindən və mənəvi yaxınlığından qaynaqlanır. Azərbaycan ilə Vyetnam arasındakı münasibətlər bu baxımdan özünəməxsus nümunə təşkil edir. Təxminən yetmişillik tarixə malik dostluq əlaqələri müxtəlif dövrlərin sınaqlarından keçərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə də məhz bu münasibətlərin tarixi, siyasi və mənəvi əsaslarını, eləcə də gələcək inkişaf istiqamətlərini əhatə edir.

Azərbaycan-Vyetnam münasibətlərinin mühüm xüsusiyyəti onların möhkəm tarixi yaddaşa söykənməsidir. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalq arasında dostluq münasibətlərinin formalaşmasında əlamətdar hadisə olub. Bu səfər Azərbaycan və Vyetnam xalqlarını birləşdirən əlaqələrin başlanğıcını qoymaqla yanaşı, qarşılıqlı rəğbət və etimad mühitinin yaranmasına da şərait yaradıb.
Həmin tarixi ənənələrin davam etdirilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi qeyd olunmalıdır. 1983-cü ildə Ulu Öndərin rəhbərliyi ilə Vyetnama həyata keçirilən səfər ölkələrimiz arasında əməkdaşlığın inkişafına güclü təkan verib. Səfərin Vyetnamın əsas regionlarını əhatə etməsi Heydər Əliyevin dost ölkə ilə əlaqələrin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətin ifadəsi idi. Bu gün həmin tarixi hadisələr Azərbaycan–Vyetnam dostluğunun möhkəm təməli kimi xatırlanır.
Prezident İlham Əliyevin xarici siyasət kursunda tarixi dostluq münasibətlərinin qorunması və yeni əməkdaşlıq imkanları ilə zənginləşdirilməsi mühüm yer tutur. Dövlət başçısının 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfəri, 2025-ci ildə isə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri münasibətlərin inkişafında mühüm mərhələlərdir. Xüsusilə 2025-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi iki dövlət arasında əməkdaşlığın yeni siyasi-hüquqi əsaslarını formalaşdırıb. Bu münasibətlərin dəyəri yalnız iqtisadi göstəricilərlə ölçülmür. Azərbaycan Vyetnamın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi yüksək qiymətləndirir. Prezident İlham Əliyevin müsahibəsində Vyetnamın 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi nümayiş etdirdiyi ədalətli mövqeyə diqqət yetirməsi də bunun göstəricisidir. Belə münasibət dövlətlər arasında siyasi etimadın və dostluğun ən mühüm təzahürlərindən biridir.
Azərbaycanın Vyetnamda baş verən təbii fəlakətlər zamanı göstərdiyi dəstək də humanitar münasibətlərin mühüm tərəfidir. 2024-cü ildə “Yaqi” fırtınasının, 2025-ci ildə isə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün ölkəmizin maliyyə yardımı göstərməsi dostluğun yalnız xoş günlərdə deyil, çətin anlarda da özünü büruzə verdiyini təsdiqləyir.
Təbii ki, xalqlar arasında mövcud olan mənəvi yaxınlığın dövlətlərarası əməkdaşlığın digər istiqamətləri ilə tamamlanması da vacibdir. Bu baxımdan iqtisadi münasibətlərin genişləndirilməsi xüsusi aktuallıq daşıyır. 2025-ci ildə ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötüb keçməsi müsbət göstərici olsa da, hər iki ölkənin potensialı daha böyük nəticələr əldə etməyə imkan verir. SOCAR ilə PetroVietnam arasında əməkdaşlığın dərinləşdirilməsi, “ROX Group”un Azərbaycanda investisiya təşəbbüsləri və bərpaolunan enerji layihələrinə marağı bu perspektivlərin reallığa çevrilməsinin nümunələridir.
Nəqliyyat-logistika sahəsində də yeni imkanlar yaranır. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının təxminən altı dəfə artaraq 8 min tondan çox olması Azərbaycanın beynəlxalq nəqliyyat əlaqələrindəki rolunu nümayiş etdirir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutları vasitəsilə Vyetnamın Avropa bazarlarına çıxışının genişləndirilməsi hər iki ölkənin iqtisadi maraqlarına uyğundur. Bu əməkdaşlıq Azərbaycanı Asiya ilə Avropa arasında daha mühüm iqtisadi bağlantı mərkəzinə çevirə biləcək imkanlara malikdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar: “Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək”.
Noyabrın 19-21-də Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri tarixi dostluğun müasir diplomatik münasibətlərlə daha da möhkəmləndirilməsi baxımından mühüm hadisə oldu. Səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi, Birgə Bəyanatın qəbul edilməsi və ikitərəfli sənədlərin mübadiləsi strateji tərəfdaşlığın konkret istiqamətlər üzrə inkişafına xidmət edir. Azərbaycan və Vyetnam mövcud əlaqələri yeni layihələr və praktiki təşəbbüslərlə zənginləşdirməkdə maraqlıdırlar.
Prezident İlham Əliyevin müsahibəsində ifadə olunan yanaşmanın əsas mahiyyəti də bundan ibarətdir: tarixi dostluq müasir dövrün tələblərinə uyğun olaraq yeni əməkdaşlıq imkanlarına çevrilməlidir. Azərbaycan və Vyetnamın müxtəlif regionlarda yerləşməsinə baxmayaraq, ortaq maraqları, qarşılıqlı etimadı və əməkdaşlıq potensialı onları daha da yaxınlaşdırır.
Beləliklə, Azərbaycan-Vyetnam münasibətləri tarixi yaddaşın, siyasi etimadın və xalqlar arasında mənəvi bağlılığın üzərində yüksələn nümunəvi tərəfdaşlıq modelidir. Ho Şi Min və Heydər Əliyev tərəfindən möhkəm təməli qoyulmuş dostluq Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun qazanır. Əminliklə demək olar ki, bu münasibətlərin gələcək inkişafı yalnız iki dövlətin deyil, həm də Azərbaycan və Vyetnam xalqlarının ortaq maraqlarına, rifahına və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edəcəkdir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Digər xəbərlər