PDF Oxu

Siyasət

  • 407

Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: tarixi dostluqdan strateji tərəfdaşlığa doğru - ŞƏRH

Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: tarixi dostluqdan strateji tərəfdaşlığa doğru - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan ilə Vyetnam arasında münasibətlərin mövcud vəziyyətini, əməkdaşlığın prioritet istiqamətlərini və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm siyasi-diplomatik məzmun daşıyır. Dövlət başçısının müsahibəsi iki ölkə arasında formalaşmış dostluq ənənələrinin müasir geosiyasi və iqtisadi reallıqlar şəraitində daha da möhkəmləndirilməsinə yönəlmiş strateji yanaşmanı nümayiş etdirir. Bu baxımdan müsahibə yalnız ikitərəfli münasibətlərin təhlili deyil, həm də Azərbaycanın Asiya regionunda əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl xarici siyasətin mühüm ifadəsidir.
İkitərəfli münasibətlərin müasir mərhələsində siyasi dialoqun intensivləşməsi mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Sanın Azərbaycana səfəri, eləcə də 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri əlaqələrin inkişafında mühüm siyasi hadisələr kimi qiymətləndirilir. Xüsusilə 2025-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin etmişdir.
Bu sənəd iki ölkənin əməkdaşlıq gündəliyini genişləndirməklə yanaşı, siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə qarşılıqlı fəaliyyət üçün mühüm institusional əsas formalaşdırmışdır. Dövlət başçısının müsahibəsində vurğuladığı kimi, Azərbaycan və Vyetnam arasında münasibətlər bərabərlik, qarşılıqlı hörmət və tərəflərin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanır. BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq platformalarda əməkdaşlıq da bu siyasi tərəfdaşlığın mühüm istiqamətlərindəndir. Vyetnamın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstək ikitərəfli münasibətlərdə qarşılıqlı etimadın əhəmiyyətli göstəricisidir.
Müsahibədə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi məsələləri də xüsusi yer tutur. Prezident İlham Əliyevin diqqətə çatdırdığı məlumata əsasən, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər iqtisadi potensialın tam reallaşdırıldığını ifadə etmir. Hər iki ölkənin malik olduğu resurslar və iqtisadi imkanlar qarşılıqlı ticarətin artırılması, investisiya layihələrinin həyata keçirilməsi və yeni biznes əlaqələrinin qurulması üçün geniş perspektivlər yaradır.
Energetika sektoru Azərbaycan–Vyetnam iqtisadi əməkdaşlığının ənənəvi və prioritet istiqamətlərindən biridir. SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu bu sahədə əməkdaşlığın daha sistemli xarakter almasına xidmət edir. Neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi istiqamətlər üzrə əməkdaşlıq hər iki ölkənin təcrübə və imkanlarının birləşdirilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, bərpaolunan enerji sahəsində, xüsusilə günəş və külək enerjisi layihələrində qarşılıqlı investisiya imkanlarının mövcudluğu iqtisadi tərəfdaşlığın şaxələndirilməsi üçün əlverişli zəmin yaradır.
Vyetnam şirkətlərinin Azərbaycanda fəaliyyətə maraq göstərməsi də iqtisadi əlaqələrin inkişafında yeni imkanlar açır. ROX Group şirkətinin tikinti, infrastruktur və alternativ enerji sahələrində layihələrə maraq nümayiş etdirməsi bu baxımdan diqqətəlayiqdir. 2026-cı ilin sentyabrında Bakıda keçirilmiş İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması investisiya əməkdaşlığının praktiki müstəviyə keçdiyini göstərir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsində əlavə üstünlüklər yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit yükdaşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb. Bu dinamika Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində artan rolunun göstəricisidir. Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Vyetnam məhsullarının Avropa bazarlarına, eləcə də digər istiqamətlərə daşınması üçün mövcud imkanlardan istifadə qarşılıqlı ticarətin inkişafına mühüm töhfə verə bilər.
Dövlət başçısının müsahibəsində humanitar, elmi, təhsil və mədəni əlaqələrə geniş yer ayırması iki ölkə arasında münasibətlərin yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmadığını təsdiqləyir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar təşəbbüslər, Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, təhsil müəssisələrinə göstərilən dəstək xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi baxımından əlamətdar hadisə olmuşdur.
Təhsil sahəsində əlaqələrin tarixi ənənələri xüsusilə diqqətəlayiqdir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması xalqlarımız arasında formalaşmış möhkəm humanitar əlaqələrin göstəricisidir. Bu gün həmin ənənələrin universitetlərarası əməkdaşlıq, elmi mübadilə və təhsil proqramları vasitəsilə davam etdirilməsi gələcək nəsillər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə imkan yaradır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirə otağının açılması isə tarixi dostluğun qorunmasının rəmzi əhəmiyyətini nümayiş etdirir.
Mədəniyyət sahəsində də qarşılıqlı əlaqələr ardıcıl şəkildə inkişaf edir. Azərbaycanda Vyetnam Günlərinin keçirilməsi, 2026-cı ildə bu festivalın ilk dəfə Bakı və Qəbələ şəhərlərini əhatə etməsi, Vyetnam şairi May Van Fanın şeirlər toplusunun Azərbaycan dilində nəşri mədəni dialoqun genişlənməsinə xidmət edən mühüm təşəbbüslərdir. Qara Qarayevin 1955-ci ildə bəstələdiyi “Vyetnam süitası” və rejissor Əjdər İbrahimovun Vyetnam kinematoqrafiyasının inkişafına verdiyi töhfələr isə bu dostluğun mədəniyyət tariximizdə də dərin izlər buraxdığını göstərir.
Azərbaycanın Vyetnamda 2024-cü ildə Yagi tayfununun, 2025-ci ildə isə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə maliyyə yardımı göstərməsi humanitar həmrəyliyin konkret nümunəsidir. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə humanizm, qarşılıqlı dəstək və məsuliyyət prinsiplərinə əsaslanan siyasətinin təzahürüdür.
Prezident İlham Əliyevin Vyetnama gözlənilən rəsmi səfərlə bağlı ifadə etdiyi fikirlər isə münasibətlərin gələcək inkişafına dair nikbin gözləntiləri əks etdirir. Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövlətlərindən biri olan Vyetnam ilə Cənubi Qafqazın mühüm enerji və logistika mərkəzi Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün yeni bazarlara çıxış, investisiya imkanlarının artırılması və birgə layihələrin həyata keçirilməsi baxımından əlverişli perspektivlər yaradır.
Beləliklə, dövlət başçısının Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin çoxşaxəli inkişaf strategiyasını aydın şəkildə ortaya qoyur. Tarixi dostluq ənənələri, yüksək səviyyəli siyasi dialoq, iqtisadi maraqların uzlaşdırılması və humanitar əməkdaşlığın genişləndirilməsi bu tərəfdaşlığın əsas dayaqlarını təşkil edir. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə möhkəmlənən siyasi iradə və qarşılıqlı etimadın konkret layihələrlə zənginləşdirilməsi gələcək əməkdaşlığın uğurunu şərtləndirən başlıca amillərdir.
Azərbaycanın xarici siyasətində Asiya regionu ilə əlaqələrin inkişafına verilən önəm fonunda Vyetnamla münasibətlərin daha da dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq təkcə iki dövlətin milli maraqlarına deyil, həm də regionlararası iqtisadi və humanitar əlaqələrin genişlənməsinə xidmət edir. Prezident İlham Əliyevin müsahibəsində ifadə olunan əsas siyasi mesaj da məhz bundan ibarətdir: tarixi dostluq qarşılıqlı faydalı tərəfdaşlığa çevrilməli, əldə edilmiş razılaşmalar isə xalqların rifahına xidmət edən real nəticələrlə möhkəmləndirilməlidir.

Nurlana Yusifova
YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər