Azərbaycan-Vyetnam münasibətləri onilliklər bundan əvvəl təməli qoyulmuş səmimi dostluğun bu gün strateji dialoq və qarşılıqlı faydalı əməkdaşlıq üçün necə mühüm rol oynadığının parlaq nümunəsidir. Dövlət başçısı İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixindən bəhs edərkən, hər şeydən əvvəl, bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırlamaq lazımdır.
Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri idi. 1983-cü il isə əsl sıçrayışla əlamətdar oldu. Həmin vaxt Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyəti Vyetnama səfər etdi. Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə bu səfərin müddəti səkkiz günə qədər uzadıldı və ölkənin əsas regionlarını əhatə etdi. Həmin vaxt əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verdi və çoxillik əməkdaşlığın istiqamətini müəyyənləşdirdi.
Möhkəm, zamanın sınaqlarından çıxmış dostluğa əsaslanaraq əlaqələrin gücləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi ardıcıl şəkildə davam etdirildi. Belə ki, 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri baş tutdu. 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanq Azərbaycana səfər etdi. Keçən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni səhifə açdı. Aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan tutmuş müdafiə və kibertəhlükəsizliyə qədər geniş spektrli istiqamətləri əhatə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın - Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin qəbul edilməsi bu görüşlərin məntiqi nəticəsi oldu. Bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və onun praktiki məzmunla zənginləşdirilməsi üzrə qarşılıqlı marağı bir daha nümayiş etdirdi.
Cənab İlham Əliyev müsahibəsində vurğuladı ki, dövlət başçılarının siyasi təmasları ilə paralel olaraq hökumətlərarası komissiyaların, müvafiq idarələrin, həmçinin parlamentlərarası dostluq qruplarının xətti ilə səmərəli dialoq aparılır. Bundan əlavə, iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli dialoqla yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Bütün bunlar Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə alınması əsasında dayanıqlı şəkildə dərinləşməsini göstərir.
Prezident İlham Əliyevin 19-21 noyabr tarixlərində Vyetnama rəsmi səfəri zamanı yüksəksəviyyəli görüşlər keçirildi. Noyabrın 21-də Hanoyda Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verildi. Tədbirdəki çıxışlar zəngin tarixə malik olan Azərbaycan-Vyetnam münasibətlərinin gələcəyi barədə aydın təsəvvür yaratdı.
Vyetnam lideri To Lamın “Vyetnamı və Azərbaycanı minlərlə kilometr ayırır. Hər iki ölkənin özünəməxsus coğrafi və mədəni xüsusiyyətləri var. Ölkələrdən biri Şərq dənizinin, digəri isə Xəzər dənizinin sahilində yerləşir. Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur. Ölkəniz ecazkar Qafqaz dağlarını, geniş Xəzər dənizini, yüz illərlə tarixi olan qala və sarayların müasir memarlıq tikililəri ilə birlikdə harmoniya içində mövcud olduğu qədim, lakin müasir paytaxt şəhəri Bakını yada salır. Bundan da heyrətamizi xalqlarımızı birləşdirən oxşar mənəvi, duyğusal və mədəni dəyərlərdir. Bunlara ana vətənimizə sevgi, milli qürur və məğlubedilməz iradə daxildir. Hər iki xalq sarsılmaz olmaqla yanaşı, mehriban, qonaqpərvər və sadiqdir” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirdi ki, Vyetnama səfərinin nəticələrindən çox məmnundur. Səmərəli görüşlər keçirərək ikitərəfli əlaqələrimizin geniş spektrinə və əməkdaşlığımızın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparıldı, vacib sənədlər imzalandı. Azərbaycanla Vyetnam arasında yüksəksəviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma siyasi, iqtisadi-ticari, enerji, müdafiə, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradır. Bu əminlik də ifadə edildi ki, birgə səylərimizlə strateji tərəfdaşlığımızın daha da güclənməsinə nail olacağıq. Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır.
Elmar Əhmədov