Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının reallaşdırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkəmiz coğrafi mövqeyinin yaratdığı üstünlüklərdən, iqtisadi potensialından və beynəlxalq nüfuzundan səmərəli istifadə edərək müxtəlif regionları təmsil edən dövlətlərlə əlaqələrini ardıcıl şəkildə inkişaf etdirir. Bu baxımdan Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövlətlərindən biri olan Vyetnam Sosialist Respublikası ilə münasibətlər xüsusi diqqətə layiqdir. Azərbaycan və Vyetnam arasında uzun illər ərzində formalaşmış dostluq ənənələri, qarşılıqlı hörmət və etimada əsaslanan siyasi dialoq iki ölkənin əməkdaşlığının daha geniş müstəviyə çıxarılması üçün möhkəm zəmin yaradıb.
Azərbaycan-Vyetnam münasibətlərinin tarixi kökləri ötən əsrin ortalarına gedib çıxır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalq arasında dostluq əlaqələrinin formalaşmasında mühüm mərhələ olub. Bu münasibətlərin inkişafında 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri də xüsusi yer tutur. Həmin səfər çərçivəsində əldə olunan razılaşmalar iqtisadi və siyasi əməkdaşlığın genişlənməsinə, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verib.
1992-ci il sentyabrın 23-də Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin qurulması dövlətlərarası əlaqələrin yeni mərhələsinin başlanğıcı olub. Sonrakı illərdə siyasi, iqtisadi, humanitar və parlamentlərarası əməkdaşlığın inkişafı üçün zəruri hüquqi və institusional baza formalaşıb. 2013-cü ildən Azərbaycanın Vyetnamda səfirliyinin fəaliyyətə başlaması diplomatik əlaqələrin daha sistemli inkişafına şərait yaradıb.
İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayıb. 2014-cü ilin mayında Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri siyasi dialoqun intensivləşməsinə və əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə təkan verib. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə münasibətlərin tarixində xüsusi mərhələ olub. Səfər çərçivəsində Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanatın imzalanması iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini təsdiqləyib.
İkitərəfli münasibətlərin inkişafında növbəti mühüm mərhələ Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19–21-də Vyetnam Sosialist Respublikasına həyata keçirdiyi rəsmi səfər olub. 2014-cü ildən sonra dövlət başçısının Vyetnama ikinci səfəri olan bu səfər siyasi dialoqun daha da intensivləşdirilməsi, strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın konkret istiqamətlər üzrə genişləndirilməsi baxımından diqqətəlayiqdir. Səfər ərəfəsində, noyabrın 19-da Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə isə iki ölkə arasında münasibətlərin tarixi, mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinin geniş təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı müsahibədə Azərbaycan-Vyetnam dostluğunun tarixi köklərinə, siyasi və iqtisadi əməkdaşlığın imkanlarına, humanitar əlaqələrə toxunaraq, qarşılıqlı faydalı tərəfdaşlığın daha da dərinləşdirilməsinə dair fikirlərini bölüşüb.
Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, bir sıra regional və qlobal məsələlərdə yaxın mövqelər nümayiş etdirirlər. Vyetnamın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək ölkəmiz tərəfindən yüksək qiymətləndirilir. BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət dövlətlərimizin ortaq maraqlarının müdafiəsinə xidmət edir.
İqtisadi əməkdaşlıq münasibətlərin ən perspektivli istiqamətlərindən biridir. Energetika sahəsi uzun illərdir ki, tərəfdaşlığın əsasını təşkil edir. SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər və mütəxəssislərin hazırlanması sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı, sənaye, kənd təsərrüfatı, bərpaolunan enerji və investisiya sahələrində birgə layihələrin həyata keçirilməsi üçün də geniş imkanlar mövcuddur. Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat-logistika infrastrukturu Orta Dəhliz vasitəsilə Vyetnamın Avropa bazarlarına çıxışında ölkəmizin rolunu artırmaq potensialına malikdir.
Humanitar və mədəni əlaqələr də Azərbaycan-Vyetnam dostluğunun mühüm dayaqlarındandır. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar təşəbbüslər, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin inşasına dəstək bu əməkdaşlığın konkret nümunələridir. Ötən əsrdə minlərlə Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması xalqlarımız arasında tarixi yaxınlığın formalaşmasına mühüm töhfə verib. Görkəmli bəstəkar Qara Qarayevin Vyetnama həsr etdiyi musiqi əsəri və kinorejissor Əjdər İbrahimovun Vyetnam kinematoqrafiyasının inkişafındakı fəaliyyəti də mədəni əlaqələrimizin zəngin tarixini nümayiş etdirir.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi “Dost Vyetnama səfərim əminəm ki, Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addım olacaq” fikri iki ölkə arasındakı münasibətlərin gələcəyinə dair siyasi baxışı aydın ifadə edir. Bu yanaşma mövcud dostluq ənənələrinin qorunması ilə yanaşı, əməkdaşlığın yeni sahələr üzrə genişləndirilməsinə və qarşılıqlı faydalı təşəbbüslərin həyata keçirilməsinə yönəlmiş iradəni nümayiş etdirir.
Yeganə Cəfərova,
Salyan Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktor əvəzi, YAP fəalı