PDF Oxu

Siyasət

  • 306

Xalqlarımız arasında mədəni dialoq onilliklərdir davam edir - ŞƏRH

Xalqlarımız arasında mədəni dialoq onilliklərdir davam edir - ŞƏRH

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətləri uzun illərə söykənən zəngin tarixə malikdir. Bu münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 19 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində Azərbaycan-Vyetnam münasibətlərinin tarixi inkişaf yolundan, əldə olunan nailiyyətlərdən və gələcək əməkdaşlıq perspektivlərindən ətraflı bəhs edib.

Prezident İlham Əliyev vurğulayıb ki, iki ölkə arasında dostluq əlaqələrinin əsası 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfəri ilə qoyulub. 1983-cü il isə münasibətlərin inkişafında mühüm mərhələ kimi yadda qalıb. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin başçılıq etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri və onun təşəbbüsü ilə səfərin səkkiz günədək uzadılaraq ölkənin əsas regionlarını əhatə etməsi əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verib. Səfər zamanı əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına təkan verməklə gələcək tərəfdaşlığın əsas istiqamətlərini müəyyənləşdirib.

Azərbaycan-Vyetnam dostluğunun təməlini qoymuş Heydər Əliyev və Ho Şi Min kimi böyük şəxsiyyətlərin tarixi xidmətləri bu gün də dərin ehtiramla xatırlanır.

İllər ərzində möhkəmlənən dostluq münasibətləri əsasında iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafı ardıcıl şəkildə davam etdirilib. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri münasibətlərin inkişafında mühüm rol oynayıb. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olub.Səfər çərçivəsində aparılan konstruktiv danışıqların nəticəsi olaraq imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Energetika, investisiya, müdafiə və kibertəhlükəsizlik kimi mühüm sahələri əhatə edən bu sənəd qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə hər iki tərəfin böyük maraq göstərdiyini təsdiqləyir.Bu gün dövlət başçıları arasında siyasi dialoqla yanaşı, hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları və müvafiq dövlət qurumları vasitəsilə də səmərəli əməkdaşlıq həyata keçirilir. Eyni zamanda, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələr də inkişaf etdirilir. Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə dəstək göstərərək qarşılıqlı fəaliyyətlərini genişləndirirlər. İqtisadi-ticari əməkdaşlıq da münasibətlərin əsas istiqamətlərindən biridir. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud potensial daha böyük göstəricilərə nail olmağa imkan verir. Xüsusilə enerji, sənaye, kənd təsərrüfatı, investisiya və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Bununla yanaşı, Vyetnam şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı da artır. “ROX Group” şirkətinin tikinti, infrastruktur, Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində iştiraka maraq göstərməsi bu baxımdan diqqətəlayiqdir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması iqtisadi tərəfdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımdır.Nəqliyyat və logistika sahəsində də müsbət dinamika müşahidə olunur. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq dəhlizlərdə artan rolu Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün geniş imkanlar yaradır.

Əminliklə demək olar ki, Azərbaycan ilə Vyetnam arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək, yeni birgə layihələr xalqlarımızın rifahına və dövlətlərimizin tərəqqisinə mühüm töhfə verəcəkdir. Xalqlarımız arasında onilliklər ərzində formalaşmış mədəni dialoq, qarşılıqlı hörmət və səmimi dostluq isə bu münasibətlərin ən möhkəm dayağı olaraq qalacaqdır.

Vüqar İsmayılov

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər