Azərbaycan ilə Vyetnam arasında uzun illər ərzində formalaşmış dostluq münasibətləri bu gün qarşılıqlı maraqlara əsaslanan iqtisadi tərəfdaşlığın genişlənməsi ilə yeni məzmun qazanır. Siyasi dialoqun yüksək səviyyəsi iqtisadi-ticari əlaqələrin inkişafı, investisiya imkanlarının genişləndirilməsi və nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Hər iki ölkənin malik olduğu iqtisadi resurslar və strateji imkanlar tərəfdaşlığın daha geniş istiqamətlər üzrə inkişaf etdirilməsinə şərait yaradır.
Prezident İlham Əliyev 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə iki ölkə arasında iqtisadi-ticari münasibətlərin ardıcıl inkişaf etdiyini vurğulayaraq, əldə olunan nəticələrin gələcək əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırıb. Dövlət başçısının bildirdiyinə görə, 2025-ci ilin yekunlarına əsasən, Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Prezident İlham Əliyev bu göstəricinin mövcud potensialı tam əks etdirmədiyini, qarşılıqlı ticarətin əhəmiyyətli dərəcədə artırılması üçün hər iki tərəfin geniş imkanlara malik olduğunu qeyd edib. Bu yanaşma iqtisadi əlaqələrin yalnız mövcud nəticələrlə məhdudlaşmadığını, yeni bazarlara çıxış və ticarət əlaqələrinin şaxələndirilməsi baxımından ciddi perspektivlərə malik olduğunu göstərir.
İqtisadi tərəfdaşlığın mühüm istiqamətlərindən biri enerji sektorudur. Azərbaycan və Vyetnam arasında bu sahədə əməkdaşlığın tarixi ənənələri mövcuddur və neft-qaz sənayesi ikitərəfli iqtisadi münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır. Prezident İlham Əliyev SOCAR ilə Vyetnamın Milli Neft və Qaz Şirkəti – PetroVietnam arasında əlaqələrin dərinləşdirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssislərin hazırlanması kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur. Bu sənəd iki ölkənin enerji şirkətləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı faydalı layihələrin reallaşdırılması üçün yeni imkanlar yaradır.
Vyetnam şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağının artması da münasibətlərin praktiki məzmununun genişləndiyini göstərən amillərdəndir. Prezident İlham Əliyev bu baxımdan “ROX Group” şirkətinin fəaliyyətinə diqqət çəkərək, onun tikinti, infrastrukturun inkişafı, günəş və külək enerjisi sahələrində layihələr həyata keçirməkdə maraqlı olduğunu bildirib. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması bu marağın konkret əməkdaşlıq təşəbbüslərinə çevrildiyini nümayiş etdirir. Bu cür layihələr xarici investisiyaların cəlb olunması, müasir texnologiyaların tətbiqi və iqtisadiyyatın müxtəlif sahələrində yeni tərəfdaşlıq əlaqələrinin qurulması baxımından əhəmiyyətlidir.
Müsahibədə diqqət çəkilən digər mühüm istiqamət nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu Vyetnam yüklərinin Avropa və digər bazarlara çatdırılması üçün geniş imkanlar yaradır. Dövlət başçısının açıqladığı göstəricilərə əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb. Bu dinamika Azərbaycan üzərindən həyata keçirilən daşımaların genişləndiyini və ölkəmizin beynəlxalq logistika marşrutlarında etibarlı tərəfdaş kimi mövqeyinin gücləndiyini göstərir.
Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə Vyetnamdan Avropaya, eləcə də əks istiqamətdə yüklərin daşınması üçün səmərəli istifadə imkanlarını xüsusi vurğulayıb. Bu marşrutların imkanlarından yararlanmaq təkcə yükdaşımaların həcminin artmasına deyil, yeni iqtisadi əlaqələrin qurulmasına, əlavə dəyərin yaradılmasına və qarşılıqlı ticarətin genişlənməsinə də xidmət edə bilər. Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyi Vyetnam üçün Avropa bazarlarına çıxışda əlverişli alternativlər formalaşdırır, ölkəmiz üçün isə Cənub-Şərqi Asiya istiqamətində iqtisadi əlaqələrin dərinləşdirilməsi baxımından yeni perspektivlər açır.
Dövlət başçısının müsahibədə səsləndirdiyi fikirlər Azərbaycan və Vyetnam arasında iqtisadi əməkdaşlığın gələcək inkişaf istiqamətlərini də aydın şəkildə ortaya qoyur. Enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi üçün hər iki ölkənin kifayət qədər resurs və potensiala malik olduğunu vurğulayan Prezident İlham Əliyev planauyğun birgə fəaliyyətin qısa müddətdə əhəmiyyətli praktiki nəticələr verəcəyinə əminliyini ifadə edib.
Azərbaycanın iqtisadi və tranzit imkanları ilə Vyetnamın dinamik inkişaf edən iqtisadiyyatının uzlaşdırılması qarşılıqlı faydalı tərəfdaşlığın daha geniş miqyas almasına xidmət edəcək.
Vasif Hümmətov,
Salyan Regional Qaz İstismarı İdarəsinin rəis müavini, YAP fəalı