PDF Oxu

Siyasət

  • 292

Azərbaycan–Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa doğru - ŞƏRH

Azərbaycan–Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa doğru - ŞƏRH

Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin keçmişinə, bugünkü inkişaf mərhələsinə və gələcək perspektivlərinə işıq salan mühüm siyasi hadisə kimi diqqət çəkir. Dövlət başçısının müsahibəsi bir daha göstərir ki, Azərbaycan özünün xarici siyasətində dostluq, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanaraq dünyanın müxtəlif regionlarında etibarlı tərəfdaşlarla əlaqələrini genişləndirir.
Azərbaycanla Vyetnam arasında münasibətlərin tarixi təxminən 70 ilə yaxın bir dövrü əhatə edir. Bu dostluğun təməli hələ 1959-cu ildə Vyetnamın o zamankı Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə möhkəmlənməyə başlamışdır. İki xalq arasında qarşılıqlı hörmət və dostluq münasibətlərinin formalaşmasında mühüm mərhələlərdən biri isə 1983-cü ildə ulu öndər Heydər Əliyevin Vyetnama səfəri olmuşdur. Həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri səkkiz gün davam etmiş, ölkənin müxtəlif bölgələrini əhatə etmişdir. Səfər çərçivəsində əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına dəstək vermiş, iki ölkə arasında uzunmüddətli əməkdaşlığın əsasını daha da möhkəmləndirmişdir.
Ulu öndər Heydər Əliyevin Vyetnamla münasibətlərin inkişafına verdiyi töhfələr bu gün də iki ölkə arasında dostluq əlaqələrinin tarixi təməli kimi qiymətləndirilir. Bu, həm də onun uzaqgörən siyasətinin, beynəlxalq münasibətlərə geniş baxışının və xalqlar arasında dostluğa verdiyi yüksək dəyərin göstəricisidir.
Müstəqillik dövründə də Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı ardıcıl şəkildə davam etdirilmişdir. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Sanqın Azərbaycana qarşılıqlı səfəri münasibətlərin yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır. 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə ikitərəfli əlaqələrdə xüsusi əhəmiyyət daşıyır. Məhz həmin səfər zamanı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi münasibətləri daha yüksək səviyyəyə qaldırmışdır.
Bu gün Azərbaycanla Vyetnam arasında siyasi dialoqla yanaşı, iqtisadiyyat, energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq genişlənir. Hər iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında əlaqələrin inkişafı da siyasi münasibətlərin mühüm istiqamətlərindən biridir. BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi beynəlxalq platformalarda əməkdaşlıq ölkələrimizin ortaq maraqlarının ifadəsinə xidmət edir.
Müsahibədə iqtisadi əməkdaşlığın perspektivləri xüsusi yer tutur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər tərəfdaşlığın bütün imkanlarını əks etdirmir. Xüsusilə neft-qaz sahəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış anlaşma memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, mütəxəssislərin hazırlanması kimi istiqamətləri əhatə edir.
Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılmasında ölkəmizə mühüm imkanlar yaradır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit yükdaşımalarının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu keçməsi əməkdaşlığın real nəticələrini göstərir.
Gələcəkdə energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika və bərpaolunan enerji sahələrində birgə layihələrin həyata keçirilməsi Azərbaycan-Vyetnam iqtisadi tərəfdaşlığını daha da gücləndirə bilər. Vyetnam şirkətlərinin Azərbaycanda tikinti, infrastruktur və günəş-külək enerjisi layihələrinə maraq göstərməsi də bu perspektivlərin real olduğunu təsdiqləyir.
İki ölkə arasında münasibətlərin mühüm istiqamətlərindən biri də humanitar, təhsil və mədəniyyət sahəsində əməkdaşlıqdır. Bu əlaqələrin inkişafında Heydər Əliyev Fondunun xüsusi xidmətləri vardır. Fondun Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək göstərməsi, təhsil proqramlarında iştirakı xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri, müxtəlif görüşlər keçirməsi və Hanoi Ticarət və Turizm Kollecinə maliyyə yardımı göstərilməsi də bu istiqamətdə görülən işlərin nümunəsidir.
Təhsil sahəsində əməkdaşlığın da zəngin tarixi vardır. Sovet dövründə təxminən 5 min vyetnamlı gənc Azərbaycanda təhsil almış, burada qazandıqları bilik və təcrübəni öz ölkələrinin inkişafına yönəltmişlər. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirə otağının açılması bu tarixi dostluğun rəmzi hadisələrindən biri olmuşdur.
Mədəni əlaqələr də iki xalqın bir-birini daha yaxından tanımasına imkan yaradır. Azərbaycanda Vyetnam günlərinin keçirilməsi, 2026-cı ildə bu festivalın ilk dəfə Bakı ilə yanaşı, Qəbələdə də təşkil olunması, vyetnamlı şair Mai Van Fanın şeirlər toplusunun Azərbaycan dilində nəşr edilməsi bu əməkdaşlığın gözəl nümunələridir. Dahi bəstəkar Qara Qarayevin 1955-ci ildə yaratdığı «Vyetnam süitası» və kinorejissor Əjdər İbrahimovun Vyetnam kinematoqrafiyasının inkişafına verdiyi töhfələr isə mədəni əlaqələrimizin nə qədər qədim köklərə malik olduğunu göstərir.
Azərbaycanın 2024-cü ildə «Yagi» qasırğasının, 2025-ci ildə isə güclü daşqınların yaratdığı fəsadların aradan qaldırılması üçün Vyetnama maliyyə yardımı göstərməsi də dostluğun yalnız xoş günlərdə deyil, çətin anlarda da özünü büruzə verdiyini təsdiqləyir.
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən əsas məqamlardan biri də gələcək əməkdaşlığa dair nikbin baxışıdır. Dövlət başçısı vurğulayır ki, Vyetnam Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən ölkələrindən, Azərbaycan isə Cənubi Qafqazın mühüm nəqliyyat, logistika və enerji mərkəzlərindən biridir. Bu imkanların birləşdirilməsi hər iki dövlət üçün yeni bazarlara çıxış, investisiya imkanlarının genişlənməsi və birgə layihələrin həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin yalnız tarixi dostluq üzərində qurulmadığını, həm də konkret iqtisadi və siyasi maraqlara əsaslanan perspektivli tərəfdaşlığa çevrildiyini nümayiş etdirir. Ulu öndər Heydər Əliyevin vaxtilə qoyduğu möhkəm təməllər bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və yeni istiqamətlər qazanır.
Azərbaycan-Vyetnam münasibətləri bir daha sübut edir ki, möhkəm tarixi dostluq, qarşılıqlı etimad və ortaq maraqlar dövlətlər arasında uzunmüddətli və səmərəli əməkdaşlığın ən etibarlı əsaslarıdır. İnanmaq olar ki, qarşıdakı illərdə bu əlaqələr daha da genişlənəcək, həyata keçiriləcək birgə layihələr hər iki xalqın rifahına və dövlətlərimizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə töhfə verəcəkdir.

Vüsalə Əliyev
YAP Sədərək rayon təşkilatının sədri

Digər xəbərlər