Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsini əks etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizin xarici siyasət prioritetlərinin, beynəlxalq əməkdaşlıq fəlsəfəsinin və dost dövlətlərlə münasibətlərin inkişafına verdiyi önəmin növbəti təzahürü kimi diqqət çəkir. Müsahibədə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi inkişaf yolu, strateji tərəfdaşlığın mahiyyəti, iqtisadi əməkdaşlığın perspektivləri, humanitar və mədəni əlaqələrin xalqlarımızın yaxınlaşmasındakı rolu geniş şəkildə öz əksini tapıb.
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən əsas məqamlardan biri Azərbaycan ilə Vyetnam arasında münasibətlərin möhkəm tarixi təməllərə söykənməsidir. Təxminən 70 illik tarixə malik olan bu dostluq əlaqələrinin əsası hələ 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə qoyulub. Sonrakı illərdə, xüsusilə 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Vyetnama həyata keçirilən səfər iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verib. Bu tarixi faktlar bir daha göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri təsadüfi siyasi yaxınlaşmanın deyil, qarşılıqlı hörmətə, etimada və uzun illər ərzində formalaşmış dostluq ənənələrinə əsaslanır. Ulu Öndər Heydər Əliyevin hələ sovet dövründə Vyetnamla əlaqələrin inkişafına göstərdiyi diqqət bu gün də iki ölkə arasındakı münasibətlərin möhkəm təməlini təşkil edir.
Münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı isə 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri ilə bağlıdır. Həmin səfər çərçivəsində Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi ikitərəfli münasibətlərin məzmununu və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə oldu. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu sənəd Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldırdı.
Mən hesab edirəm ki, strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə yalnız iki dövlət arasında siyasi münasibətlərin yüksək səviyyəsini təsdiqləyən sənəd deyil, həm də qarşıdakı illərdə konkret əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar yaradan mühüm yol xəritəsidir. Bu sənəd enerji, investisiya, sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, müdafiə və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə güclü siyasi zəmin formalaşdırır.
Müasir beynəlxalq münasibətlər sistemində iqtisadi əməkdaşlıq dövlətlərarası tərəfdaşlığın əsas istiqamətlərindən biridir. Bu baxımdan Azərbaycan və Vyetnamın malik olduğu iqtisadi potensial bir-birini tamamlayan mühüm imkanlar yaradır. Vyetnam Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadiyyatlarından biri, Azərbaycan isə Cənubi Qafqazın mühüm enerji, nəqliyyat və logistika mərkəzidir.
Ölkələrimiz arasında neft-qaz sektorunda uzun illərdir davam edən əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi, bərpaolunan enerji sahəsində birgə təşəbbüslərin reallaşdırılması, qarşılıqlı investisiyaların təşviqi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın beynəlxalq nəqliyyat-logistika imkanları, xüsusilə Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılması üçün əlverişli imkanlar yaradır.
Bununla yanaşı, Prezident İlham Əliyevin müsahibəsində humanitar əməkdaşlığa xüsusi diqqət yetirməsi olduqca əhəmiyyətlidir. Dövlət başçısının qeyd etdiyi kimi, humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır. Bu fikir Azərbaycan-Vyetnam münasibətlərinin yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmadığını, eyni zamanda, mənəvi dəyərlərə, qarşılıqlı ehtirama və xalqlar arasında səmimi dostluğa əsaslandığını ifadə edir.
Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi qeyd olunmalıdır. Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin inşası, təhsil proqramlarına göstərilən dəstək və müxtəlif humanitar təşəbbüslər Azərbaycan xalqının dost Vyetnam xalqına münasibətinin real ifadəsidir. Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri, təhsil və mədəniyyət sahəsində keçirilən görüşlər, Hanoi Ticarət və Turizm Kollecinə göstərilən maliyyə yardımı humanitar əlaqələrin daha da genişlənməsinə xidmət edir.
Təhsil sahəsində əməkdaşlıq da münasibətlərimizin mühüm istiqamətlərindəndir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması xalqlarımız arasında formalaşmış tarixi bağlılığın mühüm göstəricisidir. Bu insanların öz ölkələrində müxtəlif sahələrdə fəaliyyət göstərməsi Azərbaycan təhsilinin və elmi potensialının Vyetnamın inkişafına verdiyi töhfənin bariz nümunəsidir. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirə otağının açılması da bu dostluğun tarixi yaddaşda yaşadılmasına xidmət edən əlamətdar hadisədir.
Mədəni əlaqələrə gəldikdə isə xüsusi vurğulamaq lazımdır ki, xalqlarımız arasında mədəni dialoq onilliklərdir davam edir. Hələ 1955-ci ildə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin ilk sovet-vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı yaratması mədəni əməkdaşlığımızın erkən və parlaq nümunələrindəndir. Görkəmli Azərbaycan kinorejissoru Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda yaşayıb fəaliyyət göstərməsi, milli kino məktəbinin formalaşmasına və yerli kadrların yetişdirilməsinə verdiyi töhfələr isə bu əlaqələrin əhatə dairəsini daha da genişləndirib.
Bu gün də həmin ənənələr uğurla davam etdirilir. Azərbaycanda Vyetnam Günlərinin keçirilməsi, 2026-cı ildə festivalın ilk dəfə Bakı və Qəbələ şəhərlərini əhatə etməsi, tanınmış vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycan dilində nəşr olunması mədəni münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Mənim qənaətimcə, xalqlar arasında dostluğun möhkəmlənməsində mədəniyyətin, ədəbiyyatın, incəsənətin və təhsilin rolu əvəzsizdir. Çünki siyasi sənədlər dövlətlər arasında münasibətlərin hüquqi və siyasi əsaslarını müəyyənləşdirirsə, mədəni və humanitar əlaqələr həmin münasibətlərin mənəvi dayaqlarını möhkəmləndirir.
Azərbaycanın Vyetnama 2024-cü ildə “Yaqi” tayfununun, 2025-ci ildə isə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün maliyyə yardımı göstərməsi də dostluğun çətin günlərdə qarşılıqlı dəstəklə təsdiqləndiyini nümayiş etdirir. Bu, Azərbaycan dövlətinin beynəlxalq həmrəylik və humanitar məsuliyyət prinsiplərinə sadiqliyinin göstəricisidir.
Prezident İlham Əliyevin müsahibəsində əksini tapan mühüm məqamlardan biri də Azərbaycanın beynəlxalq əməkdaşlıqda bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan mövqeyidir. Ölkəmiz bütün dövlətlərlə, onların coğrafi mövqeyindən və siyasi sistemindən asılı olmayaraq, qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişafına tərəfdardır. Vyetnamla münasibətlər də bu siyasətin uğurlu nümunələrindən biridir.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-Vyetnam münasibətləri zəngin tarixi keçmişə, möhkəm siyasi iradəyə və böyük gələcək potensialına malikdir. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə yeni mərhələyə qədəm qoyan əlaqələrimiz bundan sonra da qarşılıqlı faydalı əməkdaşlıq, iqtisadi tərəqqi və xalqlarımızın yaxınlaşması istiqamətində inkişaf edəcək.
Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və çoxşaxəli xarici siyasət Azərbaycanın beynəlxalq tərəfdaşlıq coğrafiyasını genişləndirməklə yanaşı, ölkəmizin etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycan-Vyetnam dostluğu isə tarixi sınaqlardan keçmiş əlaqələrin müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin uğurlu nümunəsidir.
Mansur QULİYEV
YAP Ağdam rayon təşkilatının sədri