Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin tarixi köklərini, mövcud əməkdaşlığın əsas istiqamətlərini və gələcək inkişaf perspektivlərini əks etdirən mühüm siyasi hadisədir. Dövlət başçısı müsahibədə iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, nəqliyyat, təhsil, humanitar və mədəni sahələrdə əməkdaşlığın yeni imkanları barədə ətraflı fikirlər səsləndirib. Müsahibə Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal mövqeyini və müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan siyasətini bir daha nümayiş etdirib.
İki ölkə arasında münasibətlər uzun tarixi keçmişə, qarşılıqlı hörmətə və xalqların bir-birinə olan rəğbətinə söykənir. Prezident İlham Əliyev bu əlaqələrin təməlində dayanan tarixi hadisələri xatırladaraq, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Həmin səfər iki xalq arasında dostluq əlaqələrinin formalaşmasında mühüm mərhələ olub və qarşılıqlı əməkdaşlığın inkişafına zəmin yaradıb. Bu münasibətlər sonrakı illərdə də müxtəlif istiqamətlər üzrə davam etdirilərək dövlətlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edib.
Azərbaycan–Vyetnam münasibətlərinin inkişafında Ümummilli Lider Heydər Əliyevin də xüsusi rolu olub. 1983-cü ildə onun rəhbərliyi ilə sovet nümayəndə heyətinin Vyetnama səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi baxımından əlamətdar hadisə kimi yadda qalıb. Heydər Əliyevin təşəbbüsü ilə səfərin səkkiz gün davam etməsi və Vyetnamın əsas regionlarını əhatə etməsi əlaqələrin daha dərindən inkişafına imkan yaradıb. Həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına təkan verməklə yanaşı, uzunmüddətli əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirib.
Müasir dövrdə Azərbaycan–Vyetnam siyasi dialoqu ardıcıl inkişaf edir və qarşılıqlı maraqlar əsasında yeni məzmun qazanır. 2014-cü ildə Azərbaycan Prezidentinin Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin may ayında Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verib. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olub. Danışıqlar enerji, investisiya, müdafiə, kibertəhlükəsizlik və digər sahələri əhatə edib. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi Azərbaycan–Vyetnam münasibətlərini yeni keyfiyyət səviyyəsinə yüksəldən mühüm sənəd kimi qiymətləndirilir.
Azərbaycan–Vyetnam arasında siyasi dialoqun dövlət başçıları ilə yanaşı, hökumətlərarası komissiyalar, dövlət qurumları, parlamentlərarası dostluq qrupları və siyasi partiyalar vasitəsilə davam etdirilməsi əməkdaşlığın institusional əsaslarını möhkəmləndirir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələrin inkişafı da münasibətlərin daha geniş müstəvidə qurulmasına şərait yaradır. Azərbaycan və Vyetnam BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq platformalarda əməkdaşlıq edirlər. Prezident müsahibəsində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı məsələlərində Vyetnamın dəstəyini xüsusi qeyd edib. Bu, dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadın və prinsipial siyasi mövqelərin əhəmiyyətini göstərir.
Azərbaycan–Vyetnam əməkdaşlığının əsas istiqamətlərindən biri iqtisadi-ticari münasibətlərdir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər tərəflərin iqtisadi potensialını tam əks etdirmir. Hər iki ölkənin istehsal və ixrac imkanları, yeni bazarlara çıxış potensialı qarşılıqlı ticarətin daha da artırılmasına şərait yaradır. İqtisadi əlaqələrin inkişafı yeni investisiya layihələrinin həyata keçirilməsi, istehsalın genişləndirilməsi, iş yerlərinin yaradılması və iqtisadiyyatların şaxələndirilməsi baxımından əhəmiyyətlidir.
Energetika sahəsi Azərbaycan–Vyetnam münasibətlərinin tarixi və strateji istiqamətlərindən biridir. Sovet dövründən formalaşmış neft əməkdaşlığı bu gün də əlaqələrin əsas sütunlarından biri olaraq qalır. SOCAR ilə Vyetnamın Milli Neft və Qaz Şirkəti PetroVietnam arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı və digər sahələrdə qarşılıqlı fəaliyyətin inkişafını nəzərdə tutur. Bu əməkdaşlıq Azərbaycanın enerji təcrübəsinin paylaşılmasına, yeni layihələrin reallaşdırılmasına və hər iki ölkənin iqtisadi maraqlarının təmin olunmasına imkan yarada bilər.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat-logistika infrastrukturu Vyetnamla iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açır. Orta Dəhliz və Şimal–Cənub Nəqliyyat Dəhlizinin imkanlarından istifadə etməklə Vyetnamdan Avropaya və əks istiqamətdə yük daşımalarının həyata keçirilməsi perspektivləri diqqətə çatdırılıb. 2026-cı ilin yanvar–sentyabr aylarında tranzit yükdaşımalarının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu keçməsi nəqliyyat sahəsində əməkdaşlığın inkişaf dinamikasını göstərir. Azərbaycanın tranzit imkanlarının daha geniş istifadəsi ölkəmizin beynəlxalq ticarət sistemində mövqeyini gücləndirə bilər.
İnvestisiya əməkdaşlığı da müsahibədə diqqətəlayiq məsələlərdən biri kimi ön plana çıxıb. Vyetnam şirkətlərinin Azərbaycanda layihələrə maraq göstərməsi iqtisadi əlaqələrin yeni mərhələyə keçdiyini nümayiş etdirir. ROX Group şirkətinin tikinti, infrastruktur, günəş və külək enerjisi sahələrində layihələrə marağı bu baxımdan əhəmiyyətlidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması investisiya münasibətlərinin konkret layihələr əsasında inkişaf etdirilməsi üçün zəmin yaradır.
Azərbaycan–Vyetnam münasibətlərində humanitar, elmi, təhsil və mədəni əməkdaşlıq da xüsusi yer tutur. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr, o cümlədən Ha Giang vilayətində ibtidai məktəbin tikintisi və təhsil proqramlarına dəstək göstərilməsi humanitar əməkdaşlığın nümunəsidir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki xalq arasında elm və təhsil əlaqələrinin möhkəm ənənələrə malik olduğunu göstərir. Bu gün universitetlər arasında əməkdaşlıq müqavilələrinin imzalanması, tələbə mübadiləsi və təhsil qrantları əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkan yaradır. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirə otağının açılması da tarixi dostluğun rəmzi hadisələrindən biri olub.
Mədəni əlaqələr xalqların bir-birini daha yaxından tanımasına və ortaq dəyərlərin formalaşmasına mühüm təsir göstərir. 2026-cı ildə Vyetnam Günləri festivalının ilk dəfə Bakı və Qəbələ şəhərlərini əhatə etməsi mədəni əməkdaşlığın genişləndiyini göstərir. Vyetnam şairi Mai Van Phanın “Gün doğarkən” adlı şeirlər toplusunun Azərbaycanda nəşri ədəbi əlaqələrin inkişafına xidmət edən əlamətdar hadisədir. Mədəni əməkdaşlığın tarixi kökləri də zəngindir: 1955-ci ildə bəstəkar Qara Qarayev “Vyetnam süitası”nı yaradıb, rejissor Əjdər İbrahimov isə 1959–1962-ci illərdə Vyetnamda çalışaraq kino sənətinin inkişafına töhfə verib. Onun Vyetnam haqqında yazdığı kitablardan birinin tərcümə olunaraq Hanoyda təqdim edilməsi bu əlaqələrin davamlılığını nümayiş etdirir.
Azərbaycanın Vyetnama çətin anlarda dəstək göstərməsi də dostluq münasibətlərinin mühüm təzahürüdür. 2024-cü ildə “Yaqi” tayfununun yaratdığı dağıntıların aradan qaldırılması, 2025-ci ildə baş verən genişmiqyaslı daşqınların nəticələrinin yüngülləşdirilməsi məqsədilə Azərbaycanın maliyyə yardımı göstərməsi humanitar həmrəyliyin nümunəsidir. Bu cür dəstək dövlətlər arasında münasibətlərin səmimiliyini, xalqların bir-birinə qarşı qayğı və məsuliyyət hissini ifadə edir.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin gələcək inkişafına dair aydın mesajlarla yadda qalıb. Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkə, Azərbaycan isə Cənubi Qafqazda mühüm enerji, nəqliyyat və logistika mərkəzidir. Bu iki ölkənin imkanlarının birləşdirilməsi yeni bazarlara çıxış, birgə layihələrin həyata keçirilməsi, investisiya mühitinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından böyük perspektivlər yaradır. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, siyasi dialoqun dərinləşməsi, iqtisadi əlaqələrin inkişafı, humanitar və mədəni əməkdaşlığın genişlənməsi Azərbaycan–Vyetnam dostluğunun yeni mərhələyə yüksəlməsinə xidmət edəcəkdir.
Qadir İbrahimov
YAP Culfa rayon təşkilatının sədri