PDF Oxu

Siyasət

  • 297

Azərbaycan–Vyetnam əməkdaşlığının yeni gündəliyi - ŞƏRH

Azərbaycan–Vyetnam əməkdaşlığının yeni gündəliyi - ŞƏRH

Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə Azərbaycan–Vyetnam münasibətlərinin iqtisadi məzmunu, ticarət əlaqələrinin genişləndirilməsi və nəqliyyat-logistika əməkdaşlığının perspektivləri əsas mövzulardan olub. Rəsmi səfər ərəfəsində verilən müsahibə göstərir ki, təxminən yetmiş illik dostluq tarixi üzərində qurulan münasibətlərin növbəti mərhələsində diqqət konkret iqtisadi layihələrə, investisiyalara və yeni bazarlara çıxış imkanlarına yönəlir.
Prezidentin açıqladığı məlumata görə, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla yanaşı, dövlət başçısı mövcud göstəricinin iqtisadi potensialı tam əks etdirmədiyini və qarşılıqlı ticarətin artırılması üçün geniş imkanların olduğunu bildirib. Bu yanaşma iqtisadi münasibətlərin yalnız hazırkı dövriyyə ilə qiymətləndirilməməli, məhsul çeşidinin genişləndirilməsi, biznes əlaqələrinin qurulması və investisiya layihələrinin təşviqi baxımından inkişaf etdirilməli olduğunu göstərir.
Energetika sahəsi Azərbaycan–Vyetnam əməkdaşlığının ənənəvi istiqamətlərindən biridir. Prezident müsahibəsində SOCAR ilə Vyetnamın Milli Neft və Qaz Şirkəti PetroVietnam arasında əlaqələrin dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur. Bu sənəd iki ölkənin enerji şirkətləri arasında təcrübə mübadiləsi və qarşılıqlı fəaliyyət üçün çərçivə yaradır. Enerji dialoqunun davamlı inkişafı üçün texniki və kommersiya imkanlarının konkret layihələr səviyyəsində araşdırılması vacibdir.
İnvestisiya sahəsində Vyetnam biznesinin Azərbaycana marağının nümunəsi kimi ROX Group-un fəaliyyəti qeyd olunub. Şirkət tikinti, infrastrukturun inkişafı, Günəş və külək enerjisi layihələri ilə maraqlandığını bildirib. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ROX Group ilə müvafiq sənədlərin imzalanması bu marağın institusional müstəvidə müzakirə olunduğunu göstərir. Belə təşəbbüslər xarici investisiyaların cəlbi, yeni texnologiyaların tətbiqi və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətlidir.
Müsahibənin diqqətçəkən istiqamətlərindən biri tranzit daşımaları olub. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Bu rəqəm nəqliyyat-logistika əlaqələrinin genişlənməsi üçün mövcud imkanlara diqqət çəkir. Azərbaycanın coğrafi mövqeyi, limanları, dəmir yolları və avtomobil yolları Asiya ilə Avropa arasında yükdaşımaların təşkili üçün mühüm infrastruktur bazası yaradır.
Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında istifadə oluna biləcəyini bildirib. Bu marşrutlar yük axınlarının şaxələndirilməsi və biznes üçün alternativ logistika imkanlarının yaradılması baxımından əhəmiyyət daşıyır. Daşımaların davamlı artımı üçün marşrutların əlaqələndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, xidmət keyfiyyətinin və tarif rəqabətliliyinin qorunması vacibdir.
İqtisadi əməkdaşlığın genişləndirilməsi yalnız enerji və logistika ilə məhdudlaşmır. Müsahibədə sənaye, kənd təsərrüfatı və digər aparıcı sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi üçün hər iki ölkənin resurslara malik olduğu vurğulanıb. Universitetlər və biznes dairələri arasında əlaqələr də iqtisadi əməkdaşlığı insan kapitalı və bilik mübadiləsi ilə tamamlaya bilər.
Bunun üçün iki ölkənin aidiyyəti qurumları arasında müntəzəm təmasların, sahibkarlar üçün biznes forumlarının və birbaşa işgüzar görüşlərin təşkili əhəmiyyətlidir. İstehsalçılar arasında uzunmüddətli müqavilələr, birgə müəssisələr və texnologiya mübadiləsi ticarətin strukturunu daha dayanıqlı edə bilər. Eyni zamanda, Vyetnam şirkətlərinin Azərbaycan üzərindən Avropa bazarlarına çıxış imkanlarını, Azərbaycan şirkətlərinin isə Cənub-Şərqi Asiya bazarlarında tərəfdaşlıq perspektivlərini araşdırması iqtisadi əlaqələrə qarşılıqlı xarakter qazandırar. Peşəkar kadrların hazırlanması və təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi də bu prosesin uzunmüddətli dayaqlarından biri ola bilər.
Nəticə etibarilə, müsahibədə təqdim olunan gündəlik Azərbaycan–Vyetnam tərəfdaşlığının iqtisadi istiqamətlərini konkretləşdirir. Ticarət dövriyyəsinin artırılması, SOCAR–PetroVietnam əməkdaşlığının inkişafı, investisiya layihələri və tranzit marşrutlarından istifadənin genişləndirilməsi qarşılıqlı maraqların praktik nəticələrə çevrilməsi üçün əsas istiqamətlərdir. Bu imkanların reallaşması ardıcıl danışıqlardan, biznes əlaqələrinin möhkəmləndirilməsindən və razılaşdırılmış təşəbbüslərin icrasından asılı olacaq.

Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər