PDF Oxu

Araşdırma

  • 852

Qubadlının azadlıq salnaməsi - ŞƏRH

Qubadlının azadlıq salnaməsi - ŞƏRH

Qubadlının azadlığına qovuşması Azərbaycan dövlətinin illər ərzində apardığı ardıcıl siyasətin və Ordumuzun döyüş meydanında qazandığı uğurların nəticəsi oldu. Vətən müharibəsində əldə edilən Qələbə işğalın yaratdığı maneələri aradan qaldıraraq azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa prosesinə yol açdı. Qubadlının yenidən qurulması da məhz bu strateji yanaşmanın tərkib hissəsidir. Məqsəd yalnız dağıdılmış tikililəri bərpa etmək deyil, müasir infrastruktura, əlverişli yaşayış şəraitinə və davamlı inkişaf imkanlarına malik şəhər formalaşdırmaqdır.

Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindən biri, özünəməxsus təbiəti, zəngin tarixi və mədəni irsi ilə seçilən diyardır. Bərgüşad və Həkəri çaylarının əhatəsində yerləşən bu torpaqlar əsrlər boyu xalqımızın həyatında mühüm yer tutub, burada formalaşmış adət-ənənələr, milli-mənəvi dəyərlər və el-obaya bağlılıq nəsildən-nəslə ötürülüb. Qubadlı sakinlərinin doğma yurda bağlılığı, ağır sınaqlar qarşısında milli kimliyini və qayıdış ümidini qoruması rayonun tarixinin ayrılmaz hissəsidir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Qubadlı uzun illər işğal altında qaldı. Rayonun sakinləri doğma evlərindən didərgin düşdü, yaşayış məntəqələri dağıntılara məruz qaldı, tarixi və mədəni irsə ciddi ziyan dəydi. Lakin işğal Qubadlının Azərbaycan xalqının yaddaşındakı yerini dəyişə bilmədi. Məcburi köçkün həyatı yaşayan insanlar doğma yurdlarına qayıdacaqları günün həsrəti ilə yaşadılar. Dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində apardığı ardıcıl siyasət və xalqımızın sarsılmaz iradəsi bu ümidin gerçəkləşməsi üçün möhkəm zəmin yaratdı.

Azərbaycan xalqının ərazi bütövlüyünün bərpası istiqamətində apardığı mübarizənin həlledici mərhələsi 2020-ci ildə başlandı. Sentyabrın 27-də başlayan Vətən müharibəsi dövlətimizin hərbi qüdrətini, xalqımızın birliyini və Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altındakı torpaqlarımız bir-birinin ardınca azad edildi. Bu müharibə Azərbaycanın müasir tarixində dönüş nöqtəsinə çevrildi, uzun illər davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası üçün həlledici zəmin yaratdı.

Bu gün Qubadlıda həyata keçirilən quruculuq tədbirləri, infrastrukturun yenilənməsi, yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı bölgənin gələcək inkişafı üçün yeni imkanlar yaradır. Uzun illər yurd həsrəti ilə yaşayan insanların öz evlərinə dönməsi, doğma torpaqlarında yeni həyata başlaması Böyük Qayıdışın ən mühüm mənəvi nəticələrindəndir. Bu qayıdış yalnız insanların yaşayış yerlərinə dönməsi deyil, həm də milli yaddaşın, ənənələrin və doğma yurda bağlılığın yenidən canlanmasıdır. Qubadlının azadlığı Azərbaycan xalqının tarixində heç vaxt unudulmayacaq hadisələrdəndir. Bu Zəfər sübut etdi ki, xalqın birliyi, dövlətin qətiyyəti və ordunun qüdrəti qarşıya qoyulan ən mühüm məqsədlərə çatmaq üçün əsas amillərdir. Qubadlı uğrunda döyüşlərdə canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, qazilərimizin fədakarlığı isə gələcək nəsillər üçün Vətənə sədaqət nümunəsi olacaq. Oktyabrın 25-i hər bir azərbaycanlı üçün doğma torpağa qayıdışın, ədalətin bərpasının və milli qürurun rəmzidir. Qubadlıya öz sahiblərinin qayıtması Azərbaycanın tarixi Zəfərinin mahiyyətini, torpaqlarımızın əsl sahibinin Azərbaycan xalqı olduğunu və milli iradəmizin sarsılmazlığını bir daha təsdiqləyir.

Aydın Hüseynov, millət vəkili

Digər xəbərlər