PDF Oxu

Siyasət

  • 1 179

Kəlbəcər şəhəri: tarixi qayıdış və yeni inkişaf mərhələsi

Kəlbəcər şəhəri: tarixi qayıdış və yeni inkişaf mərhələsi

25 noyabr Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutan, milli qürur və zəfər ruhunu təcəssüm etdirən əlamətdar gündür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən Kəlbəcər Şəhəri Günü xalqımızın bu qədim torpağa qayıdışının, tarixi ədalətin bərpasının və dövlətimizin gücünün rəmzidir.

Kəlbəcər zəngin tarixi, qədim mədəniyyət nümunələri və əsrarəngiz təbiəti ilə Azərbaycanın ən qiymətli bölgələrindən biridir. Tarixi daş abidələr, mağaralar və müxtəlif dini-mədəni irs nümunələri bu torpağın zəngin keçmişindən xəbər verir.
Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər özünəməxsus coğrafiyası, meşələri, mineral su ehtiyatları və təbii sərvətləri ilə də seçilir. 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcərin ərazisi 3054 kvadratkilometr, işğaldan əvvəl əhalisi isə 53 mindən çox idi.
Təəssüf ki, 1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsi işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etsə də, bu tələb uzun illər yerinə yetirilmədi. Sonrakı dövrdə bölgədə həyata keçirilən qanunsuz məskunlaşdırma siyasəti də beynəlxalq hüququn norma və prinsiplərinə zidd idi.
2020-ci ildə başlanan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş yaratdı. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Kəlbəcərin strateji yüksəklikləri nəzarətə götürüldü, Ermənistan silahlı qüvvələrinin hərəkət imkanları ciddi şəkildə məhdudlaşdırıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla nəticələndi. Həmin sənədə əsasən, 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Beləliklə, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
2020-ci il noyabrın 26-da təsis edilən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə rayonun azadlığı uğrunda döyüşlərdə iştirak etmiş 9455 hərbi qulluqçunun təltif olunması bu tarixi mübarizənin qəhrəmanlarının xidmətlərinə verilən yüksək qiymətdir.
Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan təsdiq edilib. Həmin plana əsasən, şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur.
Bölgənin iqtisadi potensialının bərpası da dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşası rayonun nəqliyyat əlçatanlığını əhəmiyyətli dərəcədə artırır. Kiçik su elektrik stansiyalarının yenidən qurulması və yenilərinin tikilməsi Kəlbəcərin hidroenerji potensialından səmərəli istifadəyə imkan yaradır. Digər tərəfdən, tarixi İstisu mineral su ehtiyatlarının iqtisadi dövriyyəyə qaytarılması bölgənin turizm və sənaye imkanlarını genişləndirir. İstisu Müalicə-İstirahət Kompleksinin inşası və illik istehsal gücü 100 milyon şüşədən artıq olan mineral su zavodunun fəaliyyətə başlaması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Kəlbəcərin yenidən qurulması yalnız dağıdılmış binaların bərpası deyil, həm də tarixi-mədəni irsin qorunması, iqtisadi həyatın canlandırılması, müasir infrastrukturun yaradılması və insanların doğma torpaqlarında layiqli yaşayışının təmin edilməsidir.
Bu gün Kəlbəcər işğalın ağrı-acısını geridə qoyaraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Bir zamanlar həsrət və nisgil rəmzi olan bu qədim yurd indi quruculuğun, dirçəlişin və Böyük Qayıdışın ünvanına çevrilir.

Əli Hüseynli
Milli Məclisin deputatı

Digər xəbərlər