Azərbaycan jurnalistlərinin IX Qurultayı keçirilib.
Qurultay iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Mütaciətdə deyilir:
“Möhtərəm cənab Prezident!
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları bəyan edirlər ki, dövlət müstəqilliyimizin qorunması, milli birliyimizin möhkəmləndirilməsi və həqiqətlərimizin dünyaya obyektiv çatdırılması üçün bundan sonra da peşəkarlıqla çalışacaqlar. Jurnalistlərimiz dünyəvilik prinsiplərinin cəmiyyətdə möhkəmlənməsi, ictimai mühitimizə yad təsirlərin qarşısının alınması, tolerantlığın və vətəndaş həmrəyliyinin təşviqi işinə bütün təcrübə və bacarıqları ilə yeni töhfələr verməyə hazırdırlar.
Sizi əmin edirik ki, media mənsubları olaraq Azərbaycanın dövlətçilik əsaslarının qorunması və gücləndirilməsi naminə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün ardıcıl və qətiyyətli səylər göstərəcəyik.
Sizə Azərbaycanın milli-dövlətçilik maraqlarını daim uca tutduğunuza, xalqa təmənnasız xidmət nümunəsi göstərdiyinizə, o cümlədən jurnalistlərə olan yüksək diqqət və qayğınıza görə minnətdarlığımızı bildirir, Vətənimizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Uca Tanrı yardımçınız olsun!"