PDF Oxu

Əsas

  • 1 047

Azərbaycançılıq ideologiyası: dünən, bu gün, sabah

Azərbaycançılıq ideologiyası: dünən, bu gün, sabah

Millətləri, cəmiyyətləri və və onların kökünü formalaşdıran birgə həyata istiqamətlənmiş vahid iradə və ideallardır. Vahid ideya, iradə, ideal ilə yüklənməmiş millətlər məhvə məhkumdur, necə ki biz tarixi mənbələrdə bunun bir neçə örnəyini görmüşük. İdeyasız, idealları olmayan cəmiyyətlər tarixin amansız qovğalarından sağ çıxa, uzunömürlü ola bilmir. Azərbaycan xalqının milli ideyasının təkamülü prosesində ideoloji konsepsiyanı formalaşdıran müxtəlif tarixi şəxsiyyətləri olub. Biz sərkərdələrimizin, hökmdarlarımızın yaratdığı, vahid amal kimi böyütdüyü ideallarının sayəsində tarixin ən qüdrətli dövlətlərinin yarandığı torpaqlara sahib olmuşuq.

Azərbaycanın qədim, köklü tarixində fəaliyyətləri ilə dərin izlər buraxmış, Azərbaycan xalqının taleyini dəyişmiş şəxsiyyətlər, hökmdarlar çox olub. Onların bir amalı, bir məqsədi olub: bütöv Azərbaycan və təhlükəsiz xalq. Azərbaycançılıq ideologiyasının banisi, Ümummilli Lider Heydər Əliyevin də amalı bu idi və o ən çətin dönəmdə azərbaycanlıları milli inkişaf naminə birləşdirirdi.

Heydər Əliyev hesab edirdi ki, yalnız milli zəmin- Azərbaycançılıq ideyası, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin bərabərliyi və əməkdaşlığı, milli həmrəylik, milli-mənəvi dəyərlərin qorunması, ümumi tarix və ümumi ünsiyyət dili, bir bayraq altında toplaşmaq etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlıya özünü hamı üçün ümumi evin qurulmasına səfərbər edilmiş müstəqil insan kimi hiss etmək imkanı verəcəkdir.

Ümummilli Lider başa düşürdü ki, tarix dəyişir, onun səhifələrinə hadisələr yüklənir, keçmişimiz və günümüz zənginləşir. Zaman gələcək, vaxt yetişəcək, Azərbaycan xalqının sabahkı günə inamı artacaq, işğaldakı torpaqlarını azad edəcək, milli birliyin yaratdığı güclü iradənin sayəsində bütöv Azərbaycan xəyalı gerçəkləşəcək. O bütün xalqı buna inandırdı, insanların əzminin, döyüş ruhunun ölməsinə imkan vermədi. Bu ruhu formalaşdırmaq asan deyildi, böyük imperiyanın məngənəsindən azad olmuş bir xalq gələcəyini, torpaqlarını azad görmə fikrinə şübhə ilə yanaşırdı. Lakin Ümummilli Lider azadlıq eşqini, işğaldakı torpaqlarımızın azad edilmə fikrini böyük ustalıqla azərbaycanlılara mənimsətdi, ruh yüksəkliyi yaratdı. Onun başladığı bu yol sonralar layiqli varisi tərəfindən davam etdirildi.

Uzun illərdir ki, Azərbaycanda bütün etnik qruplar dinc və sülh şəraitində yaşayır, özlərini ölkənin siyasi və iqtisadi inkişafında, bütün millətlərin nümayəndələrinin birgə yaşayışında bərabərhüquqlu vətəndaşları kimi hiss edirlər. Heydər Əliyev həmişə bir devizlə yaşayır, bu devizi ölkəmizi məskən, yurd, yuva hesab edən bütün millətlərin şüarı kimi qəbul edirdi: "Kim özünü azərbaycanlı kimi hiss edirsə, o azərbaycanlıdır".

Bu gün Azərbaycan bu müsbət təcrübəni uğurla tətbiq edir. Bu deviz bu ölkənin vətəndaşlarını bir bayraq, bir dövlət altında birləşdirir. Azərbaycançılıq ideologiyasını zənginləşdirən də məhz bu birlikdir. Milliyətindən asılı olmayaraq hər bir vətəndaş özünü dövlətin bir hissəsi hiss edir, vətəninin müdafiəsinə qalxır, torpaqlarının azadlığı uğrunda şəhid olur, qazi olur. Heydər Əliyevin dövlətçilik və siyasi kursunun davamçısı Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, müxtəlif millətlərin nümayəndələri bir bayraq altında birləşib xalq ola bilir, yan-yana döyüşə bilir, qardaşlaşa, doğmalaşa bilir.

Azərbaycançılığın gücü də ondadır ki, o, insanları etnik mənsubiyyətinə, dilinə və dini inancına görə ayırmır. Bu ideologiya vahid milli kimliyi ortaq dövlətçilik, vətəndaşlıq, tarixi yaddaş və vətən sevgisi üzərində formalaşdırır. Talış, ləzgi, avar, rus, yəhudi, udin və digər xalqların nümayəndələrinin Azərbaycanı öz vətəni hesab etməsi bu ideologiyanın ictimai əsasını təşkil edir. Azərbaycançılıq ideologiyasının gələcəyi əmin əllərdədir. Bu gün müstəqil, qalib və özünəinamlı Azərbaycan gəncliyi formalaşır. Biz bu gəncliyi Vətən Müharibəsində gördük, kəşf etdik, onlara inandıq.

Azərbaycançılıq ideologiyasının böyüklüyü onun həm də ölkə sərhədləri daxilində qalmaması, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını birləşdirən ortaq dəyərlərə, dilə, mədəniyyətə və tarixi yaddaşa çevrilməsidir. Dünya azərbaycanlılarının həmrəyliyi, diaspor təşkilatlarının fəaliyyəti, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması da milli ideyanın qlobal müstəvidə yaşadılmasına xidmət edir. Bu baxımdan Azərbaycançılıq həm də ölkədən kənarda yaşayan soydaşlarımızın vətənlə əlaqəsini qoruyan mühüm ideoloji bağdır.

Azərbaycançılıq ideologiyası dünənin tarixi yaddaşı, bu günün milli həmrəyliyi, sabahın isə dövlətçilik təminatıdır. Onu yaşatmaq, gücləndirmək, köklərini qorumaq hamımızın vətəndaşlıq borcudur.

Lalə Mehralı

Digər xəbərlər