Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabrın 20-də “Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcər rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 13514,98 hektar, Şuşa rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 5314,34 hektar və Laçın rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 217,09 hektar ayrılaraq və xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasına aid edilməklə, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 88418,00 hektar sahədə Azərbaycan Respublikasının Qarabağ Milli Parkı yaradılacaq.
Qarabağ Milli Parkının yaradılması təkcə təbiətin qorunması ilə bağlı qərar deyil, bu addım işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası, nadir canlı növlərinin mühafizəsi, turizmin inkişafı və yerli iqtisadi imkanların genişləndirilməsi baxımından çox böyük əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurun zəngin təbii irsinin qorunması həm Azərbaycan ekologiyasına, həm də təbii ekosistemlərin qorunması biomüxtəlifliyə və karbon emissiyalarının udulmasına töhfə verəcək addımdır.
Bildiyimiz kimi, Ermənistan işğalı dövründə Qarabağın flora və faunası, məşhur təbiət abidələri də böyük ölçüdə məhv edilib. İşğal dövründə ərazilərin biomüxtəlifliyinə dəyən ziyan, nadir bitki və heyvan növləri məhv edilib, habelə bölgədə ekoloji tarazlıq pozulub. İşğaldan əvvəl Qarabağda 228794 hektarı meşə ilə örtülü olan 260311 hektar meşə fondu olub və bunun 54328 hektarı ermənilər tərəfindən məhv edilib ki, bu da regionda mövcud olmuş meşə ehtiyatının 24%-dir.
Regionda bitən 460-dan artıq yabanı və kol bitkilərinin 70-i endemikdir, yəni, dünyanın başqa heç bir yerində təbii mühitdə bitmir. Xüsusi mühafizə rejimi yaratmaqla təbii yaşayış mühitlərinin qorunması, canlı növlərin vəziyyətinin izlənilməsi və ekosistemlərin bərpası istiqamətində böyük işlər görülə bilər. Müntəzəm monitorinq, qanunsuz ovçuluğa qarşı nəzarət və meşə ehtiyatlarının mühafizəsi istiqamətləri birlikdə yürüdülərək ekoloji sahədə mühüm işlər görüləcək.
Qeyd etmək yerinə düşər ki, Qarabağın zəngin təbiəti - dağları, meşələri, çayları və zəngin landşaftı yerli turizm üçün geniş imkanlar vəd edir. Milli Parkın yaradılması bu istiqamətdə də faydalı olacaq, gələcəkdə ekoloji marşrutların, turistik səfərlərin, təbiət bələdçiliyi xidmətlərinin, yerli və beynəlxalq eko-maarifləndirici proqramların təşkilinə şərait yarada bilər. Bölgənin əsrarəngiz təbiətinin daha peşəkar və professional forrmada təqdim edilməsi turistlərin regiona marağını artıra bilər. Lakin bütün bunlar təbiətə zərər verməyəcək yollarla həyata keçirilməlidir.
Başqa bir əhəmiyyətli məsələ də yeni iş yerlərinin yaranacağı məsələsidir. Əgər Milli Parkın fəaliyyəti düzgün təşkil olunarsa, ətraf ərazilərdə yaşayan insanlar üçün yeni iş imkanları yaranacaq. Turizm bələdçiliyi, nəqliyyat xidmətləri, qonaqlama, ev oteli, kiçik kafelər, yerli məhsulların, əl işlərinin satışı və digər xidmət sahələri kiçik sahibkarlığın inkişafına töhfə verəcək.
Ümumilikdə, Qarabağ Milli Parkının yaradılması təbiətin qorunması fonunda regionun sosial-iqtisadi inkişafını vəd edir deyə bilərik. Parkın yaradılması Azərbaycanın təbii irsinin gələcək nəsillərə ötürülməsi, işğaldan azad edilmiş ərazilərin ekoloji baxımdan bərpası istiqamətində mühüm addım olacaq.
Lalə Mehralı