PDF Oxu

Siyasət

  • 292

Azərbaycan–Vyetnam əməkdaşlığında iqtisadi imkanlar: yeni layihələr, yeni perspektivlər - ŞƏRH

Azərbaycan–Vyetnam əməkdaşlığında iqtisadi imkanlar: yeni layihələr, yeni perspektivlər - ŞƏRH

Müasir dünyada dövlətlərarası münasibətlərin davamlı inkişafı siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı investisiyaların təşviqini və yeni tərəfdaşlıq imkanlarının reallaşdırılmasını da zəruri edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri bu baxımdan iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanların müəyyənləşdirilməsi ilə diqqət çəkir.

19–21 noyabr tarixlərində baş tutan səfər çərçivəsində Azərbaycan və Vyetnam rəhbərləri iqtisadiyyat, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, investisiya və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, enerji resursları, müasir nəqliyyat infrastrukturu və beynəlxalq logistika imkanları Vyetnamla iqtisadi əlaqələrin inkişafı üçün mühüm zəmin yaradır. Eyni zamanda, Vyetnamın sənaye istehsalı, ixrac potensialı və Cənub-Şərqi Asiya regionundakı iqtisadi mövqeyi qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir.
Səfər zamanı əldə olunan razılaşmalarda enerji sahəsi xüsusi yer tutur. Neft-qaz sənayesində kəşfiyyat, hasilat, emal, texniki xidmətlər və mütəxəssis hazırlığı ilə yanaşı, bərpaolunan enerji sahəsində də əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Bu istiqamətdə imzalanmış sənədlər arasında Azərbaycanın Energetika Nazirliyi ilə ROX Group arasında ölkəmizdə günəş və külək elektrik stansiyaları layihələrinin qiymətləndirilməsi, hazırlanması və həyata keçirilməsinə dair İcra Sazişi xüsusi qeyd olunmalıdır. Bu sənəd bərpaolunan enerji sahəsində konkret layihələrin reallaşdırılması üçün əməkdaşlıq çərçivəsi yaradır.
Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Şərq ilə Qərb arasında mühüm tranzit məkanlarından birinə çevrilməsi, Orta Dəhlizin imkanlarının genişləndirilməsi Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılması baxımından da yeni perspektivlər yarada bilər. Tərəflərin dəmir yolu, avtomobil, hava və dəniz nəqliyyatı sahələrində təcrübə mübadiləsinə dair razılaşmaları bu baxımdan əhəmiyyətlidir.
Bununla yanaşı, sənaye, dağ-mədən, alüminium istehsalı, kənd təsərrüfatı, ərzaq məhsullarının ticarəti və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi də qarşılıqlı maraq doğuran məsələlər sırasındadır.
İqtisadi münasibətlərin inkişafında humanitar əlaqələrin də özünəməxsus rolu var. Birbaşa aviareyslərin açılması, turizm mübadiləsinin artırılması, tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat layihələri və mədəniyyət günlərinin təşkili iki xalqın bir-birini daha yaxından tanımasına xidmət edə bilər.
Beləliklə, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycan–Vyetnam münasibətlərində iqtisadi əməkdaşlığın yeni mərhələsinə keçid üçün mühüm zəmin formalaşdırıb. Əldə olunmuş razılaşmaların konkret layihələrə çevrilməsi, biznes dairələri arasında əlaqələrin genişlənməsi və qarşılıqlı investisiya imkanlarının reallaşdırılması gələcək əməkdaşlığın əsas istiqamətlərindən olacaq.
Bu səfər bir daha göstərdi ki, Azərbaycanın xarici iqtisadi əlaqələrinin coğrafiyasının genişləndirilməsi, yeni bazarlara çıxış imkanlarının araşdırılması və beynəlxalq nəqliyyat-logistika sistemində mövqeyinin gücləndirilməsi ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindəndir.

Bəhruz Ramazanov

YAP Qusar rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər