İşğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlandırılması, dağıdılmış infrastrukturun bərpası və insanların doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycanın qarşıya qoyduğu əsas strateji vəzifələrdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər dövlətin gücünü, iqtisadi imkanlarını və milli inkişaf prioritetlərinə sadiqliyini nümayiş etdirir. Kəlbəcərdə aparılan genişmiqyaslı quruculuq işləri də bu siyasətin mühüm tərkib hissəsidir. Rayonun azad edilməsindən sonra burada təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, nəqliyyat əlaqələrinin yaradılması, yaşayış və sosial obyektlərin inşası, sənaye və xidmət sahələrinin bərpası istiqamətində ardıcıl addımlar atılıb. Bu prosesin diqqətçəkən xüsusiyyətlərindən biri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bölgəyə mütəmadi səfərləri, layihələrin gedişi ilə yerində tanış olması və bir sıra mühüm obyektlərin açılışında, təməlqoyma mərasimlərində şəxsən iştirak etməsidir.
Dövlət başçısının Kəlbəcərə səfərləri azad edilmiş ərazilərin bərpasına münasibətdə müəyyənləşdirilmiş siyasi iradənin və konkret fəaliyyət proqramının ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Bu səfərlər çərçivəsində verilən tapşırıqlar, təqdim olunan layihələr və istifadəyə verilən obyektlər bölgənin inkişafının müxtəlif istiqamətlərini əhatə edir. Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, quruculuq prosesi ayrı-ayrı layihələrin icrası ilə məhdudlaşmır, təhlükəsizlikdən iqtisadiyyata, nəqliyyatdan sosial infrastruktura qədər bütün sahələri əhatə edən kompleks yanaşma əsasında reallaşdırılır.
Prezident İlham Əliyevin 2022-ci il iyunun 26-da Kəlbəcərə səfəri bu istiqamətdə həyata keçirilən işlərin miqyasını və prioritetlərini aydın nümayiş etdirdi. Həmin səfər zamanı “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışında və rayon ərazisində hərbi hissənin açılışında iştirak edən dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə bağlı görülən işlərlə tanış oldu. Bununla yanaşı, Kəlbəcər şəhərinin Baş planı təqdim edildi, İşğal və Zəfər muzeyləri kompleksinin, Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun və sanatoriyasının təməlləri qoyuldu. Dövlət başçısı “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə də maraqlandı. Bu səfər çərçivəsində təhlükəsizlik, infrastruktur, iqtisadi fəaliyyət və turizm istiqamətlərinin vahid inkişaf strategiyası daxilində nəzərdə tutulduğu bir daha aydın oldu.
2022-ci ildə əsası qoyulan layihələrin davamı olaraq növbəti illərdə Kəlbəcərdə daha genişmiqyaslı işlər həyata keçirildi. Xüsusilə nəqliyyat infrastrukturunun qurulması bölgənin əlçatanlığının artırılması və iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından mühüm istiqamətə çevrildi. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Mürəkkəb dağ relyefində inşa olunan yol və tunellər Kəlbəcərlə digər bölgələr arasında daha rahat və təhlükəsiz nəqliyyat əlaqəsinin yaradılmasına xidmət edir. 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu yolun tikintisi çərçivəsində inşa olunan dördüncü tuneldə və 15,2 kilometrlik hissədə görülən işlərlə tanış oldular. Layihənin mövcud yolun 100 kilometrdən 82 kilometrə qədər qısaldılmasını nəzərdə tutması nəqliyyat imkanlarının yaxşılaşdırılması ilə yanaşı, bölgənin iqtisadi və turizm potensialının daha səmərəli reallaşdırılması üçün də yeni imkanlar yaradır.
2024-cü il sentyabrın 2-də dövlət başçısının Kəlbəcərə səfəri zamanı yaşayış infrastrukturunun yaradılması istiqamətində görülən işlər də diqqət mərkəzində oldu. Prezident İlham Əliyev şəhərdə ikinci yaşayış kompleksinin və inzibati binanın təməlini qoydu, 524 ailəlik yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış oldu. Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər, modul tipli məktəbin layihəsi ilə bağlı təqdimatlar isə bölgədə sosial infrastrukturun formalaşdırılmasının prioritet istiqamətlərdən olduğunu göstərdi. Bu layihələr doğma yurda qayıdacaq insanların müasir yaşayış şəraiti, təhsil və digər sosial xidmətlərlə təmin olunmasına hesablanıb. Kəlbəcərin yenidən qurulması zamanı yaşayış binaları ilə yanaşı, məktəb, inzibati müəssisə və ictimai xidmət obyektlərinin də nəzərdə tutulması gələcək şəhər həyatının bütün zəruri komponentlərini əhatə edən yanaşmanın tətbiq edildiyini təsdiqləyir.
Dövlət başçısının səfəri zamanı iqtisadi həyatın canlandırılması və Kəlbəcərin istehsal potensialının bərpası baxımından əlamətdar hadisələrdən biri də “İstisu” mineral su zavodunun açılışı oldu. Uzun illər işğal səbəbindən fəaliyyəti dayandırılmış bu istehsal müəssisəsinin yenidən istifadəyə verilməsi Kəlbəcərin tanınmış mineral su brendinin ölkə iqtisadiyyatına qaytarılması deməkdir. 1976-cı ildən fəaliyyət göstərən əvvəlki istehsal sahəsinin işğal nəticəsində fəaliyyətini dayandırmasından sonra müasir texnologiyalar əsasında yeni zavodun yaradılması bölgənin sənaye potensialının bərpasında mühüm addımdır. Bu müəssisənin fəaliyyəti yerli təbii sərvətlərin iqtisadi dövriyyəyə cəlb edilməsinə, yeni iş imkanlarının yaranmasına və Kəlbəcərin istehsal coğrafiyasının genişlənməsinə şərait yaradır.
Kəlbəcərin müalicəvi turizm imkanlarının yenidən inkişaf etdirilməsi də dövlət başçısının diqqət yetirdiyi əsas məsələlərdəndir. 2022-ci ildə təməli qoyulan “İstisu” sanatoriyasının yerində müasir Müalicə-İstirahət Kompleksinin yaradılması bu istiqamətdə həyata keçirilən işlərin davamlılığını göstərir. 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin tikinti sahəsində görülən işlərlə tanış oldular. Layihəyə mehmanxana, kotteclər, SPA mərkəzi, müalicə və istirahət zonaları, müxtəlif xidmət obyektləri daxildir. İstisu mineral sularının müalicəvi xüsusiyyətlərinin müasir infrastrukturla birləşdirilməsi Kəlbəcərin sağlamlıq və dağ turizmi mərkəzi kimi potensialının üzə çıxarılmasına imkan verəcək. Həmin səfər zamanı İstisu qəsəbəsinin təməlinin qoyulması isə bu ərazidə yaşayışın və sosial həyatın yenidən formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri oldu.
Kəlbəcərdə aparılan quruculuq işlərinin mühüm istiqamətlərindən biri də enerji infrastrukturunun genişləndirilməsi və müasir idarəetmə sistemlərinin tətbiqidir. 2024-cü il sentyabrın 2-də Tərtər çayı üzərində inşa edilmiş “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışı, “Zar” Kiçik Su Elektrik Stansiyasının istifadəyə verilməsi və “İstisu” yarımstansiyasının açılışı bu sahədə görülən işlərin konkret nəticələridir. Həmin gün SCADA sistemi vasitəsilə Göygöl rayonundakı “Toğanalı” Kiçik Su Elektrik Stansiyasının da açılışı həyata keçirildi. Bu obyektlərin istifadəyə verilməsi bölgənin enerji təminatının möhkəmləndirilməsi, yerli su ehtiyatlarından səmərəli istifadə və bərpaolunan enerji istehsalının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Bütün bu layihələrə vahid inkişaf strategiyasının tərkib hissəsi kimi yanaşılması Kəlbəcərin gələcək iqtisadi və sosial mənzərəsinin kompleks şəkildə formalaşdırıldığını göstərir. Yol infrastrukturu bölgənin əlçatanlığını artırır, istehsal müəssisələri iqtisadi fəallığa təkan verir, turizm obyektləri yeni xidmət sahələrinin inkişafına şərait yaradır, yaşayış və sosial obyektlər isə insanların doğma torpaqlarında məskunlaşması üçün zəruri imkanlar yaradır. Prezident İlham Əliyevin səfərləri zamanı bu istiqamətlərin hər biri üzrə görülən işlərlə yerində tanış olması və layihələrin icrasına xüsusi diqqət yetirməsi dövlətin qarşıya qoyduğu məqsədlərin ardıcıl həyata keçirilməsinə xidmət edir.
Bu gün Kəlbəcərdə müşahidə olunan dəyişikliklər Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə quruculuq siyasətinin real nəticələridir. Vaxtilə dağıntılara məruz qalmış yaşayış məntəqələrində yeni binalar, yollar, istehsal və xidmət obyektləri inşa olunur, bölgənin iqtisadi imkanları yenidən hərəkətə gətirilir. Dövlətin güclü siyasi iradəsi, maliyyə imkanları və sistemli fəaliyyəti sayəsində Kəlbəcər yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu prosesin əsas hədəfi isə rayonun iqtisadi potensialını tam reallaşdırmaq, sosial həyatını canlandırmaq və sakinlərin doğma torpaqlarında təhlükəsiz, rahat yaşayışını təmin etməkdir.
Təranə Səmədova,
ETİHİ Salyan rayon komitəsinin aparıcı məsləhətçisi, YAP fəalı