Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlanan genişmiqyaslı bərpa və quruculuq prosesi dövlətimizin gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızda həyatın yenidən canlandırılması, müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin bərpası və iqtisadi potensialın hərəkətə gətirilməsi Azərbaycanın yalnız ərazi bütövlüyünü deyil, həmin ərazilərin davamlı inkişafını da təmin etmək əzmində olduğunu nümayiş etdirir. Bu prosesdə Kəlbəcər xüsusi yer tutur. Mürəkkəb dağ relyefi, zəngin su ehtiyatları, əlverişli turizm imkanları və geniş enerji potensialı ilə seçilən rayon bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur. Burada həyata keçirilən layihələr keçmişin ağır dağıntılarının aradan qaldırılması ilə yanaşı, müasir şəhərsalma, yaşıl enerji və iqtisadi səmərəlilik prinsiplərinə əsaslanan yeni inkişaf modelinin formalaşdırılmasına xidmət edir.
Bu yeni mərhələnin siyasi və mənəvi ifadələrindən biri də 25 noyabr tarixinin Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis olunması tarixi Zəfərin əbədiləşdirilməsi, azadlıq günlərinin milli yaddaşda yaşadılması baxımından xüsusi məna daşıyır. Həmin Sərəncama əsasən, 25 noyabr – Kəlbəcərin Azərbaycana qaytarıldığı gün şəhərin rəsmi bayramı kimi müəyyənləşdirilib. Bu tarix xalqımızın uzun illər davam edən həsrətinin sona çatmasını, dövlətimizin siyasi iradəsinin və hərbi qüdrətinin konkret nəticəyə çevrilməsini ifadə edir. Kəlbəcər Şəhəri Günü artıq yalnız bir təqvim tarixi deyil, Zəfərdən sonra başlanan quruculuq mərhələsinin, doğma yurda qayıdışın və yeni həyatın rəmzi kimi qeyd olunur.
Kəlbəcərin gələcək inkişafının planlı və sistemli şəkildə təmin edilməsi istiqamətində atılan mühüm addımlardan biri şəhərin 2040-cı ilədək inkişafına dair Baş planın hazırlanması və təsdiqidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə təsdiqlənən sənəd şəhərin uzunmüddətli inkişaf perspektivlərini, məskunlaşma prinsiplərini, sosial-iqtisadi və mühəndis-kommunikasiya infrastrukturunun qurulmasını müəyyənləşdirir. Baş planın əsas xüsusiyyətlərindən biri Kəlbəcərin özünəməxsus təbii landşaftının və coğrafi şəraitinin nəzərə alınması, şəhərsalma həllərinin ekoloji tarazlıqla uzlaşdırılmasıdır. Sənədə əsasən, şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Yaşayış fondunun genişləndirilməsi, çoxmənzilli və fərdi evlərin inşası, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət və ictimai xidmət obyektlərinin yaradılması şəhərin hərtərəfli inkişafına hesablanıb. Eyni zamanda, ərazinin 22 faizinin yaşıllıq sahələri kimi planlaşdırılması, müasir yol və velosiped infrastrukturlarının qurulması Kəlbəcərin ekoloji baxımdan dayanıqlı və rahat yaşayış məkanına çevrilməsinə xidmət edir.
Baş planın əhəmiyyəti yalnız yeni tikililərin və infrastruktur obyektlərinin yaradılması ilə məhdudlaşmır. Burada əsas məqsəd sakinlərin bütün zəruri sosial xidmətlərə əlçatanlığını təmin edən, iqtisadi fəallığı stimullaşdıran, müasir şəhər mühitini formalaşdıran bütöv yaşayış sisteminin qurulmasıdır. Kəlbəcərin təbii şəraitinə uyğun planlaşdırılan bu yanaşma şəhərin gələcək inkişafında turizm, kənd təsərrüfatı, xidmət və digər iqtisadi fəaliyyət sahələrinin genişlənməsi üçün də imkanlar yaradır. Xüsusilə İstisu mineral su mənbələrinin və müalicəvi turizm potensialının şəhərin iqtisadi həyatına inteqrasiyası bölgənin gələcək inkişaf perspektivlərini daha da genişləndirir. Baş planın reallaşdırılması nəticəsində Kəlbəcərin müasir yaşayış standartlarına cavab verən, təbii mühiti qorunan və iqtisadi imkanları səmərəli istifadə olunan şəhərə çevrilməsi hədəflənir.
Kəlbəcərin inkişaf strategiyasında xüsusi yer tutan istiqamətlərdən biri də bölgənin zəngin enerji ehtiyatlarından səmərəli istifadə edilməsidir. Rayonun dağlıq relyefi, bol su ehtiyatları və çaylarının hidroenerji imkanları bərpaolunan enerji istehsalı üçün əlverişli şərait yaradır. Bu potensialın hərəkətə gətirilməsi Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi strategiyasının mühüm tərkib hissəsidir. İşğaldan azad olunmuş ərazilərdə enerji infrastrukturunun yenidən qurulması, su elektrik stansiyalarının yaradılması və mövcud imkanların müasir texnologiyalar əsasında qiymətləndirilməsi dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətlə uzlaşır.
Kəlbəcərdə kiçik su elektrik stansiyalarının fəaliyyətə başlaması bu istiqamətdə görülən işlərin konkret nəticəsidir. Tərtərçay və digər su mənbələrinin hidroenerji potensialından istifadə etməklə yaradılan enerji obyektləri bölgənin elektrik enerjisi ilə təminatına töhfə verməklə yanaşı, bərpaolunan enerji istehsalının genişləndirilməsi baxımından da əhəmiyyətlidir. “Kəlbəcər-1”, “Qamışlı”, “Meydan” və digər kiçik su elektrik stansiyaları rayonun enerji potensialının iqtisadi dövriyyəyə cəlb olunmasının nümunələridir. Bu layihələr enerji təminatında yerli mənbələrin rolunu artırır, ekoloji baxımdan daha təmiz enerji istehsalına şərait yaradır və bölgənin uzunmüddətli iqtisadi inkişafına dəstək verir.
Enerji potensialının səmərəli istifadəsi Kəlbəcərin gələcək iqtisadi mənzərəsinin formalaşmasında bir neçə istiqamət üzrə əhəmiyyət daşıyır. İlk növbədə, yerli enerji mənbələrinin inkişafı yaşayış məntəqələrinin, sənaye və xidmət obyektlərinin etibarlı elektrik enerjisi ilə təmin olunmasına imkan verir. Digər tərəfdən, yaşıl enerji layihələri bölgənin ekoloji tarazlığının qorunmasına, müasir texnologiyaların tətbiqinə və yeni iqtisadi fəaliyyət sahələrinin yaranmasına zəmin yaradır. Bu baxımdan, Kəlbəcərdə enerji infrastrukturunun qurulması yalnız bugünkü tələbatın ödənilməsinə deyil, gələcək nəsillər üçün dayanıqlı iqtisadi və ekoloji mühitin formalaşdırılmasına hesablanıb.
Bu gün Kəlbəcərdə həyata keçirilən layihələr Azərbaycanın Zəfərdən sonrakı inkişaf gündəliyinin mahiyyətini aydın şəkildə ortaya qoyur. Bir tərəfdən şəhərin müasir Baş plan əsasında yenidən qurulması, digər tərəfdən təbii və enerji ehtiyatlarının səmərəli istifadəsi bölgənin sosial-iqtisadi həyatında yeni mərhələnin əsasını qoyur. Dövlətimizin müəyyən etdiyi inkişaf strategiyası Kəlbəcərin yalnız yenidən məskunlaşdırılmasını deyil, onun müasir, təhlükəsiz, iqtisadi cəhətdən fəal və ekoloji baxımdan dayanıqlı yaşayış məkanına çevrilməsini nəzərdə tutur.
Elmin Abasov,
Salyan şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin direktor müavini, YAP fəalı