25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpası, milli qürurun yüksəlişi və Böyük Zəfərimizin təntənəsi kimi xüsusi yer tutur. Bu əlamətdar gün xalqımızın uzun illər həsrətində olduğu doğma torpaqlarımıza qovuşmasının, dövlətimizin qüdrətinin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin parlaq təcəssümüdür.
Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər zəngin tarixi, füsunkar təbiəti, mineral su ehtiyatları, dağları, meşələri və qədim mədəniyyət abidələri ilə seçilir. Bu torpaq əsrlər boyu Azərbaycan xalqının tarixi-mədəni irsinin ayrılmaz hissəsi olub. Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər uzun illər ağır dağıntılara, talanlara və ekoloji terrora məruz qaldı. Rayonun sakinləri doğma yurdlarından didərgin düşərək məcburi köçkün həyatının çətinliklərini yaşadılar.
Beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, işğal illərində Kəlbəcərin azad edilməsi istiqamətində ədalətli həll təmin olunmadı. Azərbaycan dövləti isə bütün bu müddət ərzində öz prinsipial mövqeyindən dönmədi, ərazi bütövlüyünün bərpasını əsas milli məqsəd kimi müəyyənləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, güclü ordu quruculuğu və xalq-iqtidar birliyi tarixi Zəfərin əsasını qoydu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 25-də Kəlbəcər rayonunun Azərbaycana qaytarılması isə Zəfərimizin mühüm mərhələlərindən biri oldu. Bu hadisə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də illərlə doğma yurdunun həsrəti ilə yaşayan minlərlə insanın qəlbində ümidin yenidən alovlanması idi.
Kəlbəcərin azad olunması ilə bağlı Prezident İlham Əliyevin qətiyyətli mövqeyi bir daha göstərdi ki, Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizin hərbi, siyasi və diplomatik gücü vahid məqsədə – suverenliyimizin və ərazi bütövlüyümüzün təmin edilməsinə xidmət etdi.
Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Zəfərimizin davamıdır. Yeni yolların, tunellərin, yaşayış məntəqələrinin, elektrik stansiyalarının, sosial obyektlərin inşası doğma torpaqlarımızın dirçəlişini sürətləndirir. Kəlbəcərin zəngin təbii sərvətlərindən səmərəli istifadə, turizm imkanlarının inkişafı və müasir infrastrukturun yaradılması rayonun gələcək iqtisadi potensialını daha da artırır.
25 Noyabr həm də şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etdiyimiz gündür. Bu torpaqların azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının fədakarlığı heç zaman unudulmayacaq.
Kəlbəcər bu gün azaddır, qurulur və yenidən dirçəlir. 25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın birliyinin, dövlətimizin gücünün və tarixi ədalətin təntənəsinin rəmzidir. Bu gün hər bir azərbaycanlı üçün qürur və sevinc günüdür. Kəlbəcər əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsidir!
Sevinc Xəlilova
YAP Samux rayon təşkilatının sədr müavini