Zəngin dövlətçilik tariximizdə xalqımızın taleyinə, milli yaddaşına və gələcəyinə mühüm təsir göstərən məqamlar xüsusi yer tutur. Mübarizənin qələbəyə, qətiyyətin tarixi nailiyyətə çevrildiyi belə anlar milli qürur mənbəyi olmaqla yanaşı, dövlətimizin gücünü və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirir. 25 Noyabr – Kəlbəcər şəhəri günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün 30 ilə yaxın işğal altında qalmış Kəlbəcərin azadlığına qovuşmasını, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan tarixi nailiyyəti və doğma yurda qayıdışın başlanmasını simvolizə edir. Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə, füsunkar təbiətə və strateji əhəmiyyətə malik bölgələrindən biridir. 1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilən bu rayon uzun illər doğma sakinlərinin həsrətinə, təbiətinin və tarixi irsinin talan edilməsinə, ağır dağıntılara məruz qaldı. Lakin Kəlbəcər Azərbaycan xalqının yaddaşından heç vaxt silinmədi, onun azadlığı dövlətimizin qarşısında dayanan əsas milli məqsədlərdən biri olaraq qaldı. İşğal dövründə beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasız qalması və Ermənistanın destruktiv mövqeyi Azərbaycanın öz suveren hüquqlarını bərpa etmək əzmini daha da gücləndirdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu tarixi məqsədə çatmaq üçün həlledici mərhələ oldu. Azərbaycan xalqı və dövləti vahid amal ətrafında birləşərək, öz gücünə, ordusuna və haqq mübarizəsinə inam nümayiş etdirdi. 44 gün davam edən müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan misilsiz qələbə regionda yeni reallıqlar yaratdı, uzun illər davam edən işğala son qoydu və ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda tarixi dönüşə çevrildi. Vətən müharibəsi sübut etdi ki, siyasi qətiyyət, hərbi güc, strateji planlaşdırma, müasir texnologiyalar, taktiki çeviklik və vahid məqsəd naminə səfərbər olunduqda tarixi nəticələr əldə etmək mümkündür. Silahlı Qüvvələrimizin döyüş meydanında nümayiş etdirdiyi peşəkarlıq, qəhrəmanlıq və yüksək döyüş ruhu xalqımızın iradəsinin real gücə çevrilməsinin göstəricisi oldu. Kəlbəcərin azadlığı da məhz bu Zəfərin siyasi, hərbi və diplomatik nəticələrinin parlaq təzahürü kimi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq reallaşdı. Bu tarixi hadisənin əhəmiyyəti yalnız Kəlbəcərin işğaldan azad olunması ilə məhdudlaşmır, həm də onun milli dövlətçilik tariximizdə xüsusi yer tutması və rəmzi məna kəsb etməsi ilə şərtlənir. Məhz bu baxımdan 25 Noyabrın Kəlbəcər şəhəri günü kimi qeyd edilməsi, bu tarixi hadisənin milli yaddaşda əbədiləşdirilməsi Zəfərin mənəvi və siyasi mahiyyətinin gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət daşıyır. Kəlbəcər şəhəri günü doğma torpağa qayıdışın, milli qürurun və gələcəyə inamın rəmzi olmaqla yanaşı, vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsidir. Kəlbəcərin azad edilməsindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu torpaqlara səfərləri, həyata keçirilən layihələrlə tanışlığı və yeni infrastrukturun təməlinin qoyulması dövlətimizin azad edilmiş ərazilərin inkişafına verdiyi strateji əhəmiyyətin göstəricisidir. Bu səfərlər Zəfərin siyasi təntənəsi olmaqla yanaşı, quruculuq və Böyük Qayıdış prosesinin konkret hədəflərini müəyyən edən mühüm hadisələrdir. Dövlət başçısının Kəlbəcərlə bağlı mesajları, burada aparılan işlərə diqqəti və gələcək inkişaf perspektivləri ilə bağlı müəyyən etdiyi vəzifələr bu qədim yurdun yenidən dirçəldilməsi prosesinə güclü stimul verir. Kəlbəcərdə yolların çəkilməsi, enerji və kommunikasiya sistemlərinin qurulması, yaşayış məntəqələrinin yenidən planlaşdırılması, sosial və iqtisadi infrastrukturun yaradılması, turizm potensialının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr Azərbaycanın azad edilmiş ərazilərdə yeni həyat qurmaq iradəsinin təzahürüdür. Bu proses yalnız şəhərin fiziki olaraq yenidən inşa edilməsini deyil, həm də onun iqtisadi, sosial və mədəni həyatının bərpasını, sakinlərin doğma yurda təhlükəsiz və dayanıqlı qayıdışını nəzərdə tutur. Bu gün Kəlbəcər işğalın ağır izlərindən qurtularaq yeni inkişaf mərhələsinə qədəm qoyur. Onun küçələrində yenidən həyatın canlanması, doğma sakinlərin qayıdışı, həyata keçirilən quruculuq layihələri və gələcəyə hesablanmış planlar Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə reallaşdırıldığını nümayiş etdirir. Bir zamanlar doğma yurdlarından məcburi köçkün düşmüş insanlar üçün Kəlbəcər indi yalnız xatirələrin deyil, həm də gerçəkləşən ümidlərin ünvanıdır. Zəfərlə azad edilən bu torpaqlar quruculuqla daha da möhkəmlənir, milli yaddaşımızda isə Kəlbəcər daim qəhrəmanlığın, qürurun və əbədi qayıdışın simvolu olaraq yaşayır.
İlkin Əliyev,
YAP Zərdab rayon təşkilatının sədri