25 noyabr Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan, tarixi Zəfərimizin və milli qürurumuzun təcəssümü olan əlamətdar günlərdən biridir. Bu tarix Kəlbəcər şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi xalqımız tərəfindən böyük sevinc və fəxarət hissi ilə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il noyabrın 25-i Kəlbəcər şəhəri günü kimi qeyd edilir. Bu əlamətdar tarix təkcə bir şəhərin azadlığını deyil, həm də tarixi ədalətin bərpasını, doğma torpaqlarımıza qayıdışın başlanmasını və dövlətimizin gücünü ifadə edir.
Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmaqla, zəngin tarixi, mədəniyyəti və təbii sərvətləri ilə seçilən bölgələrimizdəndir. Rayonun tarixi keçmişi minilliklərin dərinliklərinə gedib çıxır. Burada aşkar edilmiş arxeoloji tapıntılar, qədim yaşayış məskənləri, qayaüstü təsvirlər və memarlıq abidələri sübut edir ki, Kəlbəcər ərazisi hələ ibtidai insanların məskunlaşdığı dövrlərdən etibarən mühüm yaşayış və mədəniyyət mərkəzlərindən biri olmuşdur.
Kəlbəcərin qədim tarixini təsdiqləyən ən mühüm arxeoloji nümunələrdən biri Zar mağara düşərgəsidir. Burada aparılmış tədqiqatlar nəticəsində Paleolit dövrünə aid daş əmək alətləri aşkar edilmişdir. Bu tapıntılar bölgənin qədim insan icmalarının həyatında mühüm yer tutduğunu göstərir. Eyni zamanda, Qaragöl, Zalxagöl, Alagöl, Ayıçınqılı, Pəriçınqılı və digər ərazilərdə aşkar edilmiş minlərlə qayaüstü təsvir xalqımızın qədim dünyagörüşü, məişəti, təsərrüfat fəaliyyəti və mənəvi həyatı haqqında qiymətli məlumatlar verir. Həmin təsvirlərdə ov səhnələri, heyvan fiqurları, günəş və ay rəmzləri, eləcə də müxtəlif məişət və mərasim elementləri öz əksini tapmışdır.
Kəlbəcər həmçinin Qafqaz Albaniyası dövrünə aid memarlıq abidələri ilə zəngindir. Xudavəng monastır kompleksi, eləcə də Laçınqaya, Lev, Uluxan, Qalaboynu və Comərd abidələri bölgənin qədim mədəniyyət tarixinin mühüm nümunələridir. Bu abidələr Azərbaycanın tarixi-mədəni irsinin zənginliyini nümayiş etdirməklə yanaşı, onun qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini də ortaya qoyur.
Coğrafi baxımdan da Kəlbəcər ölkəmizin ən seçilən bölgələrindəndir. Azərbaycanın ən yüksək dağ rayonu hesab edilən Kəlbəcər mürəkkəb dağ relyefi, uca zirvələri, geniş yaylaqları, gur çayları, sıx meşələri və mineral su mənbələri ilə fərqlənir. Dəniz səviyyəsindən minlərlə metr yüksəklikdə yerləşən əraziləri, xüsusilə Camışdağ və Dəlidağ zirvələri bölgənin möhtəşəm təbiət mənzərəsini formalaşdırır. Tərtər çayı və onun qolları, eləcə də dünya şöhrətli İstisu mineral bulaqları Kəlbəcərin təbii sərvətlərinin mühüm hissəsini təşkil edir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbədən sonra imzalanmış üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarıldı. Bu hadisə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, Azərbaycan Ordusunun gücünün və xalqımızın birliyinin növbəti təntənəsi oldu.
Dövlət başçısının azad edilmiş Kəlbəcərə səfərləri bölgənin gələcək inkişafının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2021-ci il avqustun 16-da Kəlbəcərə ilk səfəri zamanı bir sıra mühüm infrastruktur layihələrinin təməli qoyulmuş, elektrik yarımstansiyasının açılışı keçirilmiş, bölgənin enerji təminatı və nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Sonrakı səfərlərdə də yol infrastrukturu, yaşayış məntəqələrinin bərpası, su elektrik stansiyalarının tikintisi və digər layihələr diqqət mərkəzində olmuşdur.
Xüsusilə, 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfəri zamanı “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışı, “İstisu” mineral su zavodunun fəaliyyətə başlaması, yeni yaşayış komplekslərinin və İstisu qəsəbəsinin təməlinin qoyulması bölgənin inkişafında mühüm mərhələ təşkil etmişdir.
2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışının başlanması isə Böyük Qayıdış proqramının ən mühüm hadisələrindən biri olmuşdur. Artıq Kəlbəcər yalnız azad edilmiş torpaq deyil, insanların yenidən yaşadığı, qurub-yaratdığı doğma yurddur.
Bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın gücünü, dövlətimizin öz vətəndaşlarına qayğısını və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir. Əminliklə demək olar ki, Kəlbəcər qarşıdakı illərdə ölkəmizin mühüm iqtisadi, turizm və mədəniyyət mərkəzlərindən birinə çevriləcəkdir.
25 Noyabr – Kəlbəcər şəhəri günü xalqımızın yaddaşında azadlığın, qürurun, tarixi ədalətin və doğma torpaqlara qayıdışın rəmzi kimi əbədi yaşayacaqdır.
Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini