PDF Oxu

Siyasət

  • 1 036

"Azərbaycan İlahiyyat İnstitutunda 98 qız tələbə təhsil alır" - SƏDR

"Azərbaycan İlahiyyat İnstitutunda 98 qız tələbə təhsil alır" - SƏDR

Azərbaycanda qadınların dini təhsil alması, dini maarifləndirmə prosesində fəal iştirakı və intellektual potensialının inkişafı üçün geniş imkanlar yaradılıb. Hazırda Azərbaycan İlahiyyat İnstitutunda 318 tələbə təhsil alır ki, onlardan 98-i qızdır. Bundan əlavə, 4 qız tələbə magistratura səviyyəsində təhsilini davam etdirir.SİA xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.O bildirib ki, qadınların cəmiyyət həyatındakı rolunun mühüm istiqamətlərindən biri də dini maarifləndirmə prosesində iştirakıdır. Dini biliklərin düzgün mənimsənilməsi, dini mətnlərin elmi və tarixi kontekstdə şərhi, xurafatla sağlam dini düşüncənin fərqləndirilməsi məsələlərində qadınların fəallığı xüsusi əhəmiyyət daşıyır.Komitə sədri qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri qadınların sağlam və akademik əsaslara söykənən dini təhsil imkanlarının genişləndirilməsidir. Komitə yanında fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda tələbələrə dini mənbələri akademik əsaslarla öyrənmək, dinin tarixi və fəlsəfəsi ilə bağlı biliklərə yiyələnmək üçün şərait yaradılıb.R.Məmmədovun sözlərinə görə, indiyədək Azərbaycan İlahiyyat İnstitutundan bakalavriat səviyyəsi üzrə 126, magistratura üzrə 13, doktorantura üzrə 5, dissertantura üzrə isə 1 qadın məzun olub. Ümumilikdə, ali təhsil ocağını 145 qadın bitirib. İnstitutun nəzdində fəaliyyət göstərən Bakı İlahiyyat Kollecində isə hazırda 19 qız təhsil alır, bu günədək 4 qız məzun olub.O, həmçinin diqqətə çatdırıb ki, 2025-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün “Seyid Yəhya Bakuvi”, “Məhəmməd İrəvani” və “Həmzə Nigari” adına təqaüd proqramları təsis edilib. Proqramların qalibləri arasında qız tələbələrin də olması onların akademik nailiyyətlərinin və intellektual potensialının təşviqinə xidmət edir.Komitə sədri bildirib ki, tələbə qızların sosial inteqrasiyasını gücləndirmək, erkən evlilik, qızların təhsildən yayınması və ailədaxili zorakılıqla bağlı maarifləndirmə təşəbbüslərini dəstəkləmək məqsədilə “Xurşidbanu Natəvan” təqaüdü də təsis olunub.R.Məmmədov vurğulayıb ki, qadının maariflənməsi, ictimai təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarını reallaşdırması gələcəyə yatırılan dəyərli sərmayədir. O qeyd edib ki, qadın milli yaddaşın, mənəvi ənənələrin və sağlam ictimai düşüncənin formalaşmasında mühüm intellektual və ictimai qüvvədir.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər