25 noyabr Azərbaycan tarixində ərazi bütövlüyümüzün bərpasını, milli iradəmizin və dövlət gücümüzün təntənəsini əks etdirən əlamətdar günlərdən biridir. Bu tarix 30 ilə yaxın işğal altında qalmış Kəlbəcərin azadlığa qovuşmasını, doğma torpaqlarından didərgin salınmış insanların qayıdışına yol açan yeni mərhələnin başlanmasını ifadə edir. Bu gün Kəlbəcər şəhəri günü həm də Azərbaycanın müharibədən sonrakı quruculuq və inkişaf strategiyasının mühüm nəticələrini nümayiş etdirir.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər ağır humanitar və iqtisadi itkilərə məruz qaldı. İşğal zamanı 511 mülki şəxs öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü, rayonun 53 mindən artıq sakini doğma yurdlarından didərgin salındı. Yaşayış evləri, təhsil və səhiyyə müəssisələri, mədəniyyət obyektləri dağıdıldı, rayonun maddi sərvətləri talan edildi. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsində işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb olunsa da, Ermənistan bu tələbləri yerinə yetirmədi. Beynəlxalq ictimaiyyətin qətnamələrin icrasını təmin edə bilməməsi münaqişənin uzun illər həll olunmamış qalmasına şərait yaratdı. Bununla yanaşı, işğal dövründə Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin növbəti dəfə pozulması idi.
Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmi və bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasət 2020-ci ildə tarixi nəticə ilə yekunlaşdı. Sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın birliyi, güclü ordumuz və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərlə başa çatdı. Kəlbəcərin azad edilməsində hərbi-strateji amillər də mühüm rol oynadı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müharibənin ilk günlərində Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri nəzarətə götürərək Ermənistan silahlı qüvvələrinin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdı. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Bununla da Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ tamamlandı. Kəlbəcərin boşaldılması zamanı yaşayış evlərinin yandırılması, mülki obyektlərin və təbiətin dağıdılması isə işğal dövründə həyata keçirilən vandalizm siyasətinin davamı oldu.
Kəlbəcərin azad olunmasından sonra qarşıda duran əsas vəzifə dağıdılmış ərazilərin bərpası, təhlükəsizliyin təmin edilməsi, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təşkili idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işləri bu vəzifələrin kompleks şəkildə həllinə yönəlib. Dövlət başçısının Kəlbəcərə etdiyi mütəmadi səfərlər zamanı çoxsaylı infrastruktur və sosial layihələrin təməlləri qoyulub, bir sıra obyektlər istifadəyə verilib.
2024-cü il mayın 1-də təsdiq edilmiş Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasını nəzərdə tutur. Plana əsasən, 2040-cı ilədək şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması planlaşdırılır. Dörd məktəb, dörd uşaq bağçası, iki xəstəxana, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri və digər sosial obyektlərin inşası nəzərdə tutulur. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması da layihənin mühüm xüsusiyyətlərindəndir. Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcər şəhərində yaşayış kompleksləri inşa edilir, kəndlərin bərpası istiqamətində layihələr həyata keçirilir. 524 ailəlik yaşayış məhəlləsinin yaradılması, Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması bu prosesin mühüm tərkib hissəsidir. Həmin üç kənddə ümumilikdə 1763 ailənin məskunlaşdırılması nəzərdə tutulur. Yaşayış evləri ilə yanaşı, məktəb və uşaq bağçalarının tikintisi insanların doğma torpaqlarında normal həyat şəraitinin təmin edilməsinə xidmət edir. 2025-ci ilin avqustunda Kəlbəcər şəhərinə ilk ailələrin köçürülməsi Böyük Qayıdışın mühüm mərhələsi oldu. 2026-cı il noyabrın 6-na olan məlumata əsasən, rayonda 162 ailə olmaqla 681 nəfər məskunlaşıb. Rayonun gələcək inkişafında nəqliyyat infrastrukturunun xüsusi əhəmiyyəti var. Uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi Kəlbəcərin ölkənin digər bölgələri ilə əlaqəsini yaxşılaşdırmaqla yanaşı, iqtisadi və turizm imkanlarının genişlənməsinə şərait yaradacaq. Layihənin ən mürəkkəb mühəndis qurğularından biri olan 11,7 kilometrlik Murovdağ tunelinin texniki açılışı da bu istiqamətdə görülən işlərin miqyasını göstərir.
Kəlbəcərin iqtisadi potensialının reallaşdırılması da dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Rayonda kiçik su elektrik stansiyalarının yenidən qurulması və yeni stansiyaların inşası bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Eyni zamanda, “İstisu” mineral su zavodunun 2024-cü ildə istifadəyə verilməsi və İstisu Müalicə-İstirahət Kompleksinin yaradılması rayonun sənaye və turizm potensialının inkişafı baxımından yeni imkanlar açır. İllik istehsal gücü 100 milyon şüşədən artıq olan mineral su zavodunda yerli sakinlərin məşğulluğunun təmin edilməsi layihənin sosial-iqtisadi əhəmiyyətini də artırır.
Beləliklə, Kəlbəcərdə həyata keçirilən tədbirlər yalnız dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır. Burada müasir şəhər və kənd mühiti formalaşdırılır, nəqliyyat və enerji sistemləri yenilənir, iqtisadi resurslar dövriyyəyə cəlb olunur, yeni iş yerləri yaradılır. Bu yanaşma işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi inkişafına inteqrasiyasını və Böyük Qayıdışın davamlı xarakter almasını hədəfləyir.
25 noyabrın Kəlbəcər şəhəri günü kimi təsis edilməsi də bu baxımdan xüsusi məna daşıyır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə müəyyən edilən bu gün artıq yalnız azadlıq tarixini deyil, həm də bərpa, quruculuq və doğma yurda qayıdış mərhələsini simvolizə edir.
Bu gün Kəlbəcər Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyduğu strateji hədəflərin həyata keçirildiyi mühüm bölgələrdən biridir. Onun inkişafı hərbi Qələbənin siyasi və iqtisadi nəticələrinin möhkəmləndirilməsi, əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi və regionun gələcək potensialının reallaşdırılması ilə bilavasitə bağlıdır. Kəlbəcərdə aparılan quruculuq işləri Zəfərin yaratdığı yeni reallıqların real inkişaf nəticələrinə çevrilməsinin nümunəsidir.
Pərvin Kərimzadə
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü