Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası xalqımızın çoxəsrlik tarixində ən mühüm hadisələrdən biridir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə ölkəmizin qarşısında yeni inkişaf imkanları açmaqla yanaşı, uzun illər işğal altında qalmış torpaqlarımızda həyatın yenidən qurulmasına şərait yaratdı. Bu prosesin mühüm istiqamətlərindən biri də Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışıdır.
25 noyabr 2020-ci il tarixində Kəlbəcərin Azərbaycana qaytarılması dövlətçilik tariximizin əlamətdar hadisələrindən biri oldu. Bu tarixi nailiyyət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, Azərbaycan Ordusunun gücünün və xalqımızın milli birliyinin nəticəsi idi. 1993-cü il aprelin 2-dən işğal altında olan Kəlbəcərin azad edilməsi ilə bölgənin yeni inkişaf mərhələsinin əsası qoyuldu
Dövlət başçısının azad edilmiş Kəlbəcərə səfərləri bu ərazilərin bərpasına göstərilən xüsusi diqqətin bariz nümunəsidir. Prezident İlham Əliyev 2021-ci il avqustun 16-da Kəlbəcərə ilk səfəri zamanı Ömər aşırımı ilə tanış olmuş, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində inşa ediləcək tunelin təməlqoyma mərasimində iştirak etmiş, “Kəlbəcər” yarımstansiyasının açılışını etmişdir. Həmçinin dövlət başçısı bölgənin enerji potensialının artırılması, su elektrik stansiyalarının bərpası və yol infrastrukturunun inkişafı ilə bağlı mühüm tapşırıqlar vermişdir.
2022-ci il iyunun 26-da Prezident İlham Əliyevin Kəlbəcərə növbəti səfəri zamanı şəhərin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimləri, “İstisu” mineral su zavodunun və sanatoriyasının təməlinin qoyulması mühüm hadisələrdən oldu. Bu layihələr göstərirdi ki, Kəlbəcərin bərpası yalnız dağıdılmış infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır, burada müasir şəhərsalma prinsiplərinə əsaslanan yeni yaşayış və iqtisadi inkişaf modeli formalaşdırılır.
2023-cü ildə dövlət başçısının bölgəyə səfərləri zamanı da bir sıra mühüm layihələr həyata keçirildi. Bu yalnız şəhərin deyil, rayonun kəndlərinin də bərpasını əhatə edirdi. Yansaq və Zallar kəndlərinin təməlinin qoyulması, “Qamışlı”, “Meydan” və digər kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi bu istiqamətdə atılan addımların göstəricisi idi. Avqustun 26-da isə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı və İstisu ilə bağlı layihələrin gedişi ilə tanışlıq bölgənin iqtisadi potensialının reallaşdırılması baxımından əhəmiyyətli oldu.
2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfəri quruculuq prosesinin növbəti mərhələsi ilə yadda qaldı. Həmin səfər zamanı “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışı keçirildi, “İstisu” mineral su zavodu istifadəyə verildi, Kəlbəcər şəhərində yeni yaşayış komplekslərinin və inzibati binanın təməli qoyuldu. Eyni zamanda, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi, təhsil infrastrukturu və İstisu Müalicə-İstirahət Kompleksində görülən işlər diqqət mərkəzində saxlanıldı.
Bütün bu işlərin ən mühüm nəticəsi isə insanların doğma yurdlarına qayıtmasıdır. 2025-ci il avqustun 20-dən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır. Uzun illər yurd həsrəti ilə yaşayan insanların öz evlərinə dönməsi Böyük Qayıdış proqramının ən sevindirici nəticələrindəndir. Artıq Kəlbəcərdə yeni evlərdə ailə səsləri eşidilir, sosial həyat canlanır, gələcəyə inam möhkəmlənir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq siyasəti Azərbaycanın yalnız torpaqlarını azad etmədiyini, eyni zamanda həmin ərazilərdə davamlı inkişaf üçün möhkəm təməl yaratdığını göstərir. Kəlbəcər bu gün tarixi Zəfərimizin, dövlətimizin iqtisadi gücünün və xalqımızın quruculuq əzminin canlı nümunəsidir.
25 Noyabr – Kəlbəcər şəhəri günü münasibətilə bir daha əminliklə qeyd edə bilərik ki, bu qədim Azərbaycan torpağı öz əvvəlki şöhrətini bərpa etməklə yanaşı, daha müasir, abad və inkişaf etmiş yaşayış məkanına çevrilir. Kəlbəcərin gələcəyi artıq quruculuq, tərəqqi və Böyük Qayıdışla yazılır.
Hacı Məmmədov
YAP Kəngərli rayon təşkilatının fəalı