PDF Oxu

Siyasət

  • 329

Azərbaycan–Vyetnam münasibətlərində yeni əməkdaşlıq perspektivləri - ŞƏRH

Azərbaycan–Vyetnam münasibətlərində yeni əməkdaşlıq perspektivləri - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. Müsahibə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətini, mövcud əməkdaşlığın əsas istiqamətlərini və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla yadda qalıb. Dövlət başçısı müsahibəsində Azərbaycan–Vyetnam əlaqələrinin tarixi əsaslarına toxunmaqla yanaşı, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat sahələrində birgə fəaliyyətin gücləndirilməsi, humanitar və mədəni münasibətlərin inkişafı ilə bağlı fikirlərini bölüşdü. Müsahibədən aydın görünür ki, Bakı və Hanoy arasında formalaşmış dostluq münasibətləri artıq ənənəvi siyasi dialoq çərçivəsini aşaraq konkret iqtisadi layihələr və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq mərhələsinə qədəm qoyur.
Azərbaycan ilə Vyetnam arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri uzun illərdir enerji sahəsi olub. Prezident İlham Əliyev bu baxımdan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR ilə Vyetnam Milli Neft və Qaz Şirkəti – PetroVietnam arasında əlaqələrin dərinləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, eləcə də mütəxəssis hazırlığı sahələrində əməkdaşlığı nəzərdə tutur. Bu sənəd iki ölkənin enerji sektorunda mövcud təcrübə və imkanlarını bir araya gətirmək üçün mühüm zəmin yaradır. Azərbaycanın neft-qaz sənayesində topladığı təcrübə ilə Vyetnamın enerji sahəsindəki potensialının uzlaşdırılması qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə, texniki bilik və peşəkar təcrübə mübadiləsinin genişlənməsinə şərait yarada bilər.
Müsahibədə diqqət çəkən digər məqam Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatına artan marağıdır. Prezident İlham Əliyev tikinti, infrastrukturun inkişafı, günəş və külək enerjisi layihələrində iştirak etmək niyyətində olan “ROX Group” şirkətini bu əməkdaşlığın nümunəsi kimi qeyd edib. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması Vyetnam investorlarının ölkəmizə marağının konkret əməkdaşlıq müstəvisinə keçdiyini göstərir. Azərbaycan Energetika Nazirliyinin 25 sentyabr 2026-cı il tarixli məlumatında isə bu istiqamətdə imzalanmış Anlaşma Memorandumunun Azərbaycanda 600 MVt gücündə quruda külək və Naxçıvan Muxtar Respublikasında 200 MVt gücündə günəş enerjisi layihələrinin həyata keçirilməsi imkanlarının araşdırılmasını nəzərdə tutduğu bildirilir. Bu təşəbbüslər ölkəmizin bərpaolunan enerji potensialının reallaşdırılması, xarici investisiyaların cəlb edilməsi və enerji sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Dövlət başçısının müsahibəsində iqtisadi münasibətlərin inkişafı yalnız enerji və investisiya layihələri ilə məhdudlaşmır. Bildirilib ki, 2025-ci ildə Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, Prezident İlham Əliyev mövcud göstəricinin iki ölkənin iqtisadi imkanlarını tam əks etdirmədiyini və ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün ciddi potensialın olduğunu qeyd edib. Nəqliyyat və logistika sahəsi də bu baxımdan xüsusi perspektiv vəd edir. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olması Azərbaycanın beynəlxalq nəqliyyat marşrutlarında artan rolunu nümayiş etdirir. Prezident Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli istifadə oluna biləcəyini vurğulayıb. Bu yanaşma coğrafi baxımdan fərqli regionlarda yerləşən iki ölkə arasında ticarət əlaqələrinin daha əlverişli logistika imkanları hesabına inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan–Vyetnam münasibətlərinin bugünkü səviyyəyə çatması uzun illər ərzində formalaşmış siyasi dialoqun və qarşılıqlı etimadın nəticəsidir. Bu dostluğun tarixi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfərindən başlayır. 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri isə əlaqələrin inkişafında mühüm mərhələ olub. Prezident İlham Əliyevin müsahibəsində xüsusi xatırlatdığı kimi, Heydər Əliyevin təşəbbüsü ilə səfərin müddəti səkkiz günədək uzadılmış, Vyetnamın əsas regionlarını əhatə etmiş və əldə olunan razılaşmalar ölkənin iqtisadi inkişafına təkan vermişdir. Müstəqillik dövründə də bu ənənə davam etdirilib: 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edib. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri və Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi isə münasibətləri yeni mərhələyə yüksəldib. Hazırda əməkdaşlıq hökumətlərarası komissiya, parlamentlərarası dostluq qrupları, müvafiq dövlət qurumları, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələr vasitəsilə inkişaf etdirilir. BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət də bu tərəfdaşlığın mühüm istiqamətlərindəndir.
İki xalq arasında dostluğun möhkəmlənməsində humanitar, təhsil və mədəni əlaqələrin də xüsusi yeri var. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təşəbbüslər, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisi və təhsil proqramlarına dəstək bu əməkdaşlığın real nəticələrindəndir. Müsahibədə qeyd olunduğu kimi, sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması da xalqlarımız arasında tarixi bağlılığın mühüm göstəricisidir. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirə otağının açılması, Vyetnam Günlərinin keçirilməsi, 2026-cı ildə festivalın Bakı və Qəbələdə təşkil olunması mədəni münasibətlərin davamlı xarakter daşıdığını göstərir. Azərbaycan bəstəkarı Qara Qarayevin 1955-ci ildə “Vyetnam süitası”nı bəstələməsi, rejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda fəaliyyəti də bu əlaqələrin mədəni tarixində özünəməxsus yer tutur. Bütün bunlarla yanaşı, Azərbaycanın 2024-cü ildə “Yagi” tayfununun, 2025-ci ildə isə güclü daşqınların fəsadlarının aradan qaldırılması üçün Vyetnama maliyyə yardımı göstərməsi ölkələr arasındakı münasibətlərin yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də humanizm və həmrəyliyə söykəndiyini təsdiqləyir. Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərir ki, Azərbaycan və Vyetnam arasında mövcud dostluq ənənələri geniş iqtisadi imkanlarla tamamlanır. Siyasi iradə, qarşılıqlı etimad və məqsədyönlü əməkdaşlıq bu münasibətlərin gələcəkdə daha konkret nəticələrlə zənginləşməsi üçün möhkəm əsas yaradır.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər