Azərbaycanın multikultural və tolerant dəyərlərinin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində qadınların rolu mühüm əhəmiyyət daşıyır. Tarixən Azərbaycan qadınları müxtəlif dini icmaların ibadət ocaqlarının tikintisinə və bərpasına dəstək göstərərək cəmiyyətdə dini dözümlülük ənənələrinin möhkəmlənməsinə töhfə veriblər.SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini maarifləndirmənin gücləndirilməsi məqsədilə müxtəlif qurumlarla birgə silsilə tədbirlər keçirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunan budəfəki tədbir tolerant cəmiyyətin gücləndirilməsində qadınların roluna həsr edilib.Onun sözlərinə görə, dövlət-din münasibətlərinin tənzimlənməsi, vicdan azadlığının təmin edilməsi və dini maarifçilik işinin aparılmasında qadınların üzərinə böyük məsuliyyət düşür. Tədbirdə müxtəlif qadın təşkilatlarının, dini icmaların, din xadimlərinin, Azərbaycan İlahiyyat İnstitutunun, Bakı İlahiyyat Kollecinin nümayəndələrinin iştirakı ilə bu sahədə qadınların potensialından daha səmərəli istifadə imkanları müzakirə olunub.Gündüz İsmayılov qeyd edib ki, tolerantlıq ənənələri Azərbaycan xalqının zəngin mədəniyyətinin tərkib hissəsi olmaqla yanaşı, dövlət siyasətinin də mühüm istiqamətlərindəndir. Bu ənənələrin formalaşmasında Azərbaycan qadınlarının tarixi xidmətləri var.Komitə sədrinin müavini nümunə olaraq bildirib ki, Bakıda yerləşən Təzəpir məscidi Azərbaycan qadını Nabat xanım Aşurbəyovanın vəsaiti hesabına inşa etdirilib. Həmçinin Aleksandr Nevski və Arxangel Mixail kilsələrinin tikintisi və bərpasında Azərbaycan qadınları maddi dəstək göstəriblər. Arxangel Mixail kilsəsinin təmiri zamanı qadınların öz zinət əşyalarını təqdim etməsi də ölkəmizdə tolerantlıq ənənələrinin tarixi nümunələrindəndir.
Müəllif: Günel Fərzəliyeva