25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının tarixi Zəfərini, milli iradəsini və doğma torpaqlara qayıdış əzmini təcəssüm etdirən əlamətdar günlərdən biridir. Bu tarix Kəlbəcərin uzun illər davam edən işğaldan azad edilməsini, tarixi ədalətin bərpasını və bölgədə genişmiqyaslı quruculuq işlərinin başlanmasını ifadə edir. Kəlbəcərin azad olunması Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində mühüm tarixi hadisə olmaqla yanaşı, xalqımızın qətiyyətinin və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş Zəfərin parlaq təzahürüdür.
Kəlbəcər qədim tarixi, zəngin təbii sərvətləri, füsunkar təbiəti və strateji coğrafi mövqeyi ilə Azərbaycanın xüsusi əhəmiyyətə malik bölgələrindən biridir. Rayon ərazisində aşkar edilmiş arxeoloji abidələr, qədim yaşayış məskənləri, qayaüstü təsvirlər, qəbir abidələri və müxtəlif tarixi nümunələr bu torpaqların qədim dövrlərdən insanların yaşayış məskəni olduğunu təsdiqləyir. Xüsusilə Qobustanla müqayisə edilən qayaüstü təsvirlər və qədim insan izləri Kəlbəcərin mühüm tarixi-mədəni irsə malik olduğunu göstərir. Kəlbəcər həm də Azərbaycanın ən yüksək dağ rayonudur. Əzəmətli dağları, sıx meşələri, mineral bulaqları, çayları və zəngin flora-faunası bölgənin turizm və iqtisadi potensialını daha da artırır.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra imzalanmış üçtərəfli Bəyanata əsasən, 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarıldı. Beləliklə, Kəlbəcərin işğaldan azad olunması ilə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ tamamlandı. Prezident İlham Əliyevin Sərəncamı ilə 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisəyə verilən yüksək siyasi və mənəvi qiymətin ifadəsidir.
Kəlbəcərin azad edilməsindən sonra bölgədə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, yol-nəqliyyat, enerji, sosial və kommunal infrastrukturun yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir. Bu işlərin əsas məqsədi keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və rahat şəraitdə qayıdışını təmin etməkdir.
Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcərin kəndlərinin də yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Yanşaq kəndinin bərpası və burada ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb. Zallar kəndində 487 ailənin, Zar kəndində isə 855 ailənin məskunlaşması nəzərdə tutulub. Bu yaşayış məntəqələrində müasir evlərlə yanaşı, məktəb, uşaq bağçası və digər sosial obyektlərin inşası, əhalinin rahat yaşayışı və məşğulluğu üçün zəruri şəraitin yaradılması diqqət mərkəzindədir. Bu layihələr Kəlbəcərin yalnız yaşayış məntəqəsi kimi deyil, həm də iqtisadi və sosial baxımdan inkişaf edən bir bölgə kimi dirçəldilməsinə xidmət edir.
Kəlbəcərin iqtisadi potensialının bərpasında təbii sərvətlərdən səmərəli istifadə də mühüm yer tutur. Xüsusilə məşhur “İstisu” mineral suyu bölgənin tanınmış təbii sərvətlərindən biridir. Uzun illər ərzində Azərbaycanın sağlamlıq və turizm potensialında xüsusi yer tutmuş “İstisu”nun yenidən istehsala qaytarılması məqsədilə müasir mineral sudoldurma zavodu inşa edilib. Bu layihə yerli istehsalın inkişafına, yeni iş yerlərinin yaradılmasına və Kəlbəcərin turizm imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyevin 25 avqust 2023-cü ildə Kəlbəcərə səfəri rayonun bərpası və gələcək inkişafı baxımından mühüm hadisələrlə yadda qalıb. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib, “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Həmçinin “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışı olub. Səfərin mühüm hadisələrindən biri də Zar kəndinin təməlqoyma mərasimi idi. Bu layihələr Kəlbəcərin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, təbii resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsi və yaşayış məntəqələrinin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün Kəlbəcər yenidən qurulan yolları, müasir infrastrukturu, bərpa edilən yaşayış məntəqələri və iqtisadi layihələri ilə Azərbaycanın Böyük Qayıdış strategiyasının mühüm ünvanlarından birinə çevrilir. Vaxtilə doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıtması tarixi ədalətin bərpasının ən mühüm göstəricisidir. Kəlbəcərin hər bir kəndində aparılan quruculuq işləri dövlətimizin gücünü, xalqımızın birliyini və gələcəyə inamını nümayiş etdirir.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımız üçün sadəcə təqvim tarixi deyil, milli qürur, qəhrəmanlıq və Zəfər rəmzidir. Bu gün Kəlbəcər azaddır, Azərbaycan bayrağı bu qədim diyarda əzəmətlə dalğalanır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Kəlbəcər öz tarixi şöhrətini bərpa edəcək, Azərbaycanın ən gözəl və inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.
Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı