Azərbaycan-Vyetnam münasibətlərinin təməli hələ XX əsrin ortalarında iki xalqın liderlərinin uzaqgörənliyi ilə qoyulub. Tarixi köklər üzərində qurulan münasibətlər müasir dövrdə yüksəksəviyyəli siyasi dialoqla yeni dinamika qazanıb. 2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, hazırda həm də Vyetnam Sosialist Respublikasının Prezidenti olan To Lamın Azərbaycana dövlət səfəri, səfər çərçivəsində “Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi Bakı-Hanoy münasibətlərini keyfiyyətcə yeni müstəviyə çıxarıb. Bu sənəd təkcə ikitərəfli əlaqələri deyil, həm də Azərbaycanın Cənub-Şərqi Asiyada, Vyetnamın isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əməkdaşlıq imkanlarını genişləndirir. Siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün münbit zəmin yaradıb. Energetika, nəqliyyat və investisiyalardan tutmuş müdafiə, elm və təhsilə qədər geniş sahələri əhatə edən bu tərəfdaşlıq iqtisadi, ticari, elmi, texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, XİN-lərarası siyasi məsləhətləşmələr və parlamentlərarası dostluq qrupları vasitəsilə dəstəklənir. Hakim partiyalar – Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında 2013-cü il Anlaşma Memorandumu və 2023-cü il Əməkdaşlıq Sazişi əsasında qarşılıqlı səfərlər təşkil olunur.
Saday Qasımov
Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsi