Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərini, Azərbaycan–Vyetnam münasibətlərinin zəngin tarixini və gələcək əməkdaşlıq perspektivlərini əks etdirən mühüm siyasi hadisə kimi diqqət çəkir. Müsahibə iki ölkə arasında mövcud olan dostluq və qarşılıqlı etimad münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, strateji tərəfdaşlığın konkret iqtisadi, siyasi və humanitar layihələrlə möhkəmləndirildiyini bir daha nümayiş etdirir.
Dövlət başçısı müsahibəsində Azərbaycan ilə Vyetnam arasında münasibətlərin təxminən 70 illik tarixə malik olduğunu vurğulayaraq, bu dostluğun əsasını qoymuş tarixi şəxsiyyətlərin xidmətlərini xüsusi qeyd edib. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalq arasında münasibətlərin formalaşmasında mühüm başlanğıc olub. 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə sovet nümayəndə heyətinin Vyetnama səfəri əlaqələrin inkişafına yeni təkan verib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə səfərin müddətinin səkkiz günə qədər uzadılması və Vyetnamın əsas regionlarını əhatə etməsi qarşılıqlı əməkdaşlığın genişlənməsinə mühüm töhfə verib.
Bu tarixi ənənələr müasir dövrdə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində daha da inkişaf etdirilib. 2014-cü ildə Azərbaycan Prezidentinin Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri münasibətlərin möhkəmlənməsində əhəmiyyətli rol oynayıb. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə ikitərəfli əlaqələrin tarixində yeni səhifə açıb. Həmin səfər çərçivəsində aparılan müzakirələr və Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Prezident İlham Əliyevin müsahibədə diqqət yetirdiyi əsas məsələlərdən biri siyasi dialoqun davamlılığı və qarşılıqlı əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsidir. Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında əlaqələr yalnız ali səviyyəli görüşlərlə məhdudlaşmır. Hökumətlərarası komissiya, müvafiq dövlət qurumları, parlamentlərarası dostluq qrupları və siyasi partiyalar arasında əməkdaşlıq da münasibətlərin inkişafına xidmət edir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı əlaqələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir, BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi platformalarda qarşılıqlı maraqlara əsaslanan mövqelər nümayiş etdirirlər.
Müsahibədə iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi məsələsi də mühüm yer tutur. Prezidentin bildirdiyinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər Azərbaycan və Vyetnamın iqtisadi potensialını tam əks etdirmir. Hər iki ölkənin qarşılıqlı ticarətin artırılması, yeni investisiya layihələrinin həyata keçirilməsi və biznes əlaqələrinin genişləndirilməsi üçün geniş imkanları mövcuddur.
Energetika sahəsi Azərbaycan–Vyetnam əməkdaşlığının ənənəvi və perspektivli istiqamətlərindən biridir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi sahələrdə birgə fəaliyyət üçün imkanlar yaradır. Bu əməkdaşlıq Azərbaycanın zəngin enerji təcrübəsinin Vyetnamla bölüşülməsinə, eyni zamanda qarşılıqlı iqtisadi maraqların reallaşdırılmasına xidmət edir.
Digər mühüm istiqamət investisiya və nəqliyyat-logistika sahələridir. Vyetnamın ROX Group şirkətinin Azərbaycanda tikinti, infrastruktur, günəş və külək enerjisi layihələrinə maraq göstərməsi iqtisadi əlaqələrin şaxələndirilməsi baxımından əlamətdardır. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq razılaşmaların əldə olunması bu istiqamətdə praktiki addımların atıldığını göstərir.
Nəqliyyat və tranzit imkanları da Azərbaycan–Vyetnam əməkdaşlığının gələcək inkişafında mühüm rol oynaya bilər. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb. Bu göstərici Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində artan rolunun bariz nümunəsidir. Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün əlverişli imkanlar mövcuddur. Azərbaycanın müasir nəqliyyat infrastrukturu, coğrafi mövqeyi və tranzit potensialı Vyetnam şirkətlərinin Avropa bazarlarına çıxışını asanlaşdıra bilər.
Dövlət başçısının müsahibəsində humanitar, təhsil və mədəniyyət əlaqələrinə xüsusi yer ayırması da təsadüfi deyil. Çünki dövlətlərarası münasibətlərin möhkəmliyi yalnız siyasi və iqtisadi əməkdaşlıqla deyil, xalqlar arasında qarşılıqlı hörmət, dostluq və mənəvi yaxınlıqla da ölçülür. Bu baxımdan Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət daşıyır. Fondun Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə və müxtəlif təhsil proqramlarına dəstək göstərməsi Azərbaycan xalqının humanizm və xeyirxahlıq ənənələrinin beynəlxalq miqyasda təzahürüdür.
2025-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri də humanitar əlaqələrin inkişafına mühüm töhfə verib. Səfər zamanı Vyetnamın rəsmi şəxsləri, yaradıcı ictimaiyyətin nümayəndələri və Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşlər keçirilib, Hanoi Ticarət və Turizm Kollecinə maliyyə yardımı göstərilib. Bu təşəbbüslər iki xalq arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Təhsil sahəsində əməkdaşlığın dərin tarixi kökləri vardır. Sovet dövründə Azərbaycanda təxminən 5 min Vyetnam vətəndaşı təhsil alıb. Onlar sonradan əldə etdikləri bilik və təcrübəni öz ölkələrinin inkişafına yönəldiblər. Bu gün də iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələri genişlənir, universitetlər arasında saziş və memorandumlar imzalanır. Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün yaradılmış təhsil qrantı proqramları da vyetnamlı gənclərin Azərbaycan universitetlərində təhsil alması baxımından mühüm imkanlar yaradır.
Mədəni əlaqələr xalqlarımızı birləşdirən digər mühüm körpüdür. Azərbaycanda mütəmadi olaraq Vyetnam günlərinin keçirilməsi, 2026-cı ildə bu tədbirlərin Bakı ilə yanaşı Qəbələdə də təşkil olunması mədəni dialoqun genişləndiyini göstərir. Vyetnamın tanınmış şairi May Van Fanın şeirlərindən ibarət “Sübh çağı” kitabının Azərbaycanda nəşri də ədəbi əlaqələrin inkişafına verilən töhfələrdəndir.
Azərbaycan ilə Vyetnam arasında mədəni münasibətlərin tarixi daha əvvələ gedib çıxır. 1955-ci ildə dahi bəstəkar Qara Qarayevin sovet-vyetnam sənədli filmi üçün “Vyetnam süitası” əsərini yaratması bu əlaqələrin maraqlı səhifələrindəndir. Görkəmli kinorejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda yaşayıb işləməsi, milli kino məktəbinin formalaşmasına və yerli kadrların hazırlanmasına verdiyi töhfələr də xalqlarımızın mədəni yaxınlığını nümayiş etdirir.
Müsahibədə Azərbaycanın Vyetnama çətin günlərində göstərdiyi dəstək də diqqətə çatdırılıb. Ölkəmiz 2024-cü ildə “Yagi” tayfununun, 2025-ci ildə isə güclü daşqınların yaratdığı fəsadların aradan qaldırılması üçün Vyetnama maliyyə yardımı göstərib. Bu addımlar Azərbaycanın beynəlxalq münasibətlərdə həmrəyliyə, humanizmə və qarşılıqlı dəstəyə verdiyi önəmin göstəricisidir.
Prezident İlham Əliyev qarşıdakı Vyetnam səfərinə böyük ümidlərlə yanaşdığını bildirərək, bu səfərin qarşılıqlı faydalı tərəfdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Vyetnamın Cənub-Şərqi Asiyada sürətlə inkişaf edən dövlət, Azərbaycanın isə Cənubi Qafqazın mühüm nəqliyyat, logistika və enerji mərkəzi olması iki ölkə arasında əməkdaşlığın geniş perspektivlərindən xəbər verir.
Bütövlükdə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycanın xarici siyasətində dostluq, qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqlar prinsiplərinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan–Vyetnam münasibətləri artıq yalnız tarixi dostluq ənənələrinə söykənmir, həm də konkret iqtisadi layihələr, strateji tərəfdaşlıq, humanitar təşəbbüslər və beynəlxalq əməkdaşlıqla zənginləşir.
Əminliklə demək olar ki, iki ölkə arasında formalaşmış möhkəm siyasi iradə və qarşılıqlı etimad gələcəkdə daha böyük uğurların əldə olunmasına zəmin yaradacaq. Tarixi dostluqdan strateji tərəfdaşlığa uzanan bu münasibətlər həm Azərbaycan, həm də Vyetnam xalqlarının rifahına, regionlararası əlaqələrin genişlənməsinə və beynəlxalq əməkdaşlığın güclənməsinə xidmət edəcək.
Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı