Vətən sevgisinin, milli qürurun və tarixi ədalətin təntənəsinə çevrilən 25 noyabr tarixi Azərbaycan xalqının yaddaşına əbədi Zəfər səhifəsi kimi yazılıb. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin məntiqi davamı kimi 2020-ci il noyabrın 25-də Kəlbəcərin bir güllə belə atılmadan, siyasi-diplomatik yolla düşmən tapdağından qurtulması xalqımızın yaddaşına əbədi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə bu möhtəşəm tarixin "Kəlbəcər Şəhəri Günü" kimi təsis edilməsi isə Dəlidağın, Murovun əzəmətinə göstərilən dövlət qayğısının və ehtiramın bariz ifadəsidir.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi gündən etibarən Kəlbəcər 27 il boyunca ağır yaralar aldı, kəndləri viran qoyuldu, qədim tarixi abidələri və zəngin təbiəti amansız talana məruz qaldı. Lakin yurd-yuvasından didərgin düşmüş on minlərlə kəlbəcərlinin qəlbindəki ümid işığı heç vaxt sönmədi. Bu inamı yaşadan və böyüdən ən böyük güc Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli mövqeyi idi. Ulu Öndər kəlbəcərlilərlə görüşlərində bu qədim diyarın Azərbaycanın ayrılmaz parçası olduğunu hər zaman böyük inamla vurğulayır, "Kəlbəcər erməni silahlı qüvvələrinin işğalından azad olacaqdır və bizim soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar" deyərək xalqı gələcək Qələbəyə hazırlayırdı.
Ulu Öndərin o vaxtlar böyük uzaqgörənliklə söylədiyi bu tarixi vəsiyyəti onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev gerçəyə çevirdi. Dəmir yumruq ətrafında birləşən Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və dövlət başçısının qətiyyətli diplomatiyası nəticəsində Kəlbəcər yenidən öz əsl sahiblərinə qovuşdu. 2020-ci il noyabrın 25-də xalqa müraciətində "Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Kəlbəcər bizim qədim Azərbaycan torpağıdır" sözləri ilə müjdə verən Prezident İlham Əliyev həm də bu torpaqların yeni dirçəliş dövrünün başlandığını elan etdi.
Bu gün öz büllur bulaqları, şəfalı İstisuyu, qızıl yataqları və qədim Alban abidələri ilə seçilən Kəlbəcər dövlət başçısının birbaşa nəzarəti altında nəhəng quruculuq meydanına çevrilib. Sərt dağlıq relyefdə çəkilən müasir yollar, strateji Murovdağ tuneli, inşa edilən elektrik stansiyaları, yenidən qurulan İstisu sanatoriyası və salınan müasir yaşayış kompleksləri Böyük Qayıdışın canlı nümunəsidir. Artıq doğma yurda qayıdan kəlbəcərlilərin ocaqlarında yenidən işıq yanır, uşaqların gülüş səsi Murovun zirvələrində əks-səda verir. Kəlbəcər bu gün Ulu Öndərin inamının, Müzəffər Ali Baş Komandanın qətiyyətinin və xalqımızın əbədi Zəfər ruhunun təntənəsi olaraq özünün ən parlaq dövrünü yaşayır.
Sitarə Babayeva
YAP Lənkəran rayon təşkilatının məsləhətçisi