PDF Oxu

Siyasət

  • 270

Kəlbəcər- Zəfərimizin növbəti qürur səhifəsi - ŞƏRH

Kəlbəcər- Zəfərimizin növbəti qürur səhifəsi - ŞƏRH

Azərbaycanın hər bir guşəsinin özünəməxsus gözəlliyi, zəngin təbiəti, tarixi, coğrafiyası, mədəniyyəti vardır. Lakin düşmən məhz Vətənimizin sayılıb-seçilən təbii sərvətləri olan zəngin, strateji mövqeyi və mədəni irsi ilə fərqlənən torpaqlarımızı hədəfə almışdır. Kəlbəcər də bu torpaqlar sırasında xüsusi yeri olan, məftunedici gözəlliyi və zəngin sərvətləri ilə seçilən doğma diyarlarımızdan biri idi.

Kəlbəcərin tarixi-mədəni irsinə nəzər salsaq onun Alagöl, Qaragöl, Zalxagöl, Ayıçınqılı, Pəriçınqılı ərazilərində minlərlə qayaüstü rəsm təsvirlərinin aşkarlandığını görərik. Bu rəsmlər insanların həyatını, məşğuliyyətini, ibtidai ovçuluq, təsərrüfat fəaliyyətini əks etdirmişdir. Qafqaz Albaniyası dövrünün memarlıq nümunələrindən olan Xudavəng məbəd kompleksi də xalqımızın qədim mədəniyyətinin, memarlıq ənənələrinin əsas göstəricilərindəndir. Müxtəlif qəbirüstü abidələr, qədim qalalar, yaşayış məskənlərini də davamı olaraq misal göstərə bilərik. Hələ təbiətin ona bəxş etdiyi füsünkar təbii gözəlliklər bu diyarın əvəzsiz təbii xəzinəsidir. Xüsusilə, məşhur olan İstisu mineral bulaqları Kəlbəcəri ölkə hüdudlarından kənarda da tanıtmışdır.

Əfsus ki, bu gözəlliklərə uzun illər əvvəl həsrət qalmışdıq. Belə ki, 1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan tərəfindən işğal edildi. Doğma diyarımız ağır dağıntılara, itkilərə, talanlara, tarixi-mədəni irsimizin məhv edilməsi təhlükəsinə məruz qaldı. 2020-ci il noyabrın 25-də isə Kəlbəcərin Azərbaycana yenidən qaytarılması tariximizdə yeni başlanğıc nöqtəsi oldu. Zəfərimizin davamı olaraq reallaşan bu hadisə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğunun və Azərbaycan Ordusunun sarsılmaz qüdrətinin növbəti uğurlu qələbəsinin təcəssümü idi.

Yeni inkişaf mərhələsi yaşayan Kəlbəcərdə bu gün həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Böyük Qayıdışın real təzahürüdür. Artıq burada həyat yenidən canlanmış, uzun sürən sükutun qarşısını böyüməkdə olan yeni gənc nəsillərimiz əvəz etmişdir.

25 noyabrı Kəlbəcər Şəhəri Günü kimi qeyd etməklə, biz həm də milli kimliyimizin, tariximizin və əzəldən bizə məxsus olan doğma torpaqlarımızın qayıdışını böyük ruh yüksəkliyi ilə yaşadıq və bu qələbəni görmək bizim qismətimiz oldu.

Artıq Kəlbəcəri öyrənmək üçün kitabları vərəqləməyə ehtiyac yoxdur. Düşmən tapdağından azad olan diyarımızı gedib özümüz də təmiz havasından udaraq, açıq səma altında canlı tarix muzeyi kimi tamaşa edə bilərik. Kəlbəcər bizim keçmişimizdən gələn tarixi yaddaşımızdır və bu günümüzün, gələcəyimizin qürurudur. Onun hər daşında, hər qayasında Vətən uğrunda canından keçən Şəhidlərimizin qan izi vardır. Torpaqlarımızın azadlığına öz canı ilə yol açan qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik. Bayramınız mübarək olsun, Zəfərimizin carçıları!

Əliəskərova Nuray,

YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər