Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, nüfuzunun və etibarlı tərəfdaş rolunun artması həm rəsmi Bakı ilə münasibətləri genişləndirmək istəyən dövlətlərin sayını artırır, həm də tarixi əlaqələrə malik ölkələrlə yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasına zəmin yaradır. Belə dövlətlərdən biri də ölkəmizin çoxillik əlaqələrə malik olduğu Vyetnamdır. Tarixi köklər üzərində qurulan münasibətlər müasir dövrdə yüksəksəviyyəli siyasi dialoqla yeni dinamika qazanıb.
Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət, Vyetnamın Prezidenti Çıonq Tan Şanqın isə 2015-ci ildə Azərbaycana rəsmi səfərləri ikitərəfli əlaqələrin institusional əsaslarını möhkəmləndirib. Bu xəttin məntiqi davamı kimi 2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, hazırda həm də Vyetnam Sosialist Respublikasının Prezidenti olan To Lamın Azərbaycana dövlət səfəri, səfər çərçivəsində “Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi Bakı-Hanoy münasibətlərini keyfiyyətcə yeni müstəviyə çıxarıb. Bu sənəd təkcə ikitərəfli əlaqələri deyil, həm də Azərbaycanın Cənub-Şərqi Asiyada, Vyetnamın isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əməkdaşlıq imkanlarını genişləndirir. Prezident İlham Əliyevin Asiya ölkələrinə səfərləri əlaqələrin səviyyəsini daha da artırır.
Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycanın beynəlxalq əməkdaşlıq strategiyasının əsas istiqamətlərini, Vyetnamla münasibətlərin mövcud səviyyəsini və gələcək inkişaf perspektivlərini aydın şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində məhz bu tarixi bağlılığın ardıcıl siyasi dialoq və yeni əməkdaşlıq imkanları ilə tamamlandığı aydın görünür. Dövlət başçısının xatırlatdığı 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri və 1983-cü ildə Heydər Əliyevin Vyetnama səfəri iki ölkə arasında dostluğun möhkəm təməlinin formalaşmasında mühüm mərhələlər olub. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərinin geniş proqramı, ölkənin müxtəlif bölgələrini əhatə etməsi və əldə olunan razılaşmaların iqtisadi inkişafa verdiyi töhfə onun uzaqgörən siyasi düşüncəsinin miqyasını nümayiş etdirir. Bu faktlar göstərir ki, Azərbaycan-Vyetnam əlaqələri təsadüfi yaxınlaşmanın deyil, gələcəyə hesablanmış münasibətlərin nəticəsidir.
Müsahibədə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi xüsusi yer tutur. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötəməsi müsbət dinamikanın göstəricisidir. Bununla belə, mövcud rəqəmlər əməkdaşlığın real imkanlarını tam əks etdirmir. Energetika, neft-qaz sənayesi, kənd təsərrüfatı, infrastruktur, tikinti, bərpaolunan enerji və nəqliyyat-logistika sahələri qarşılıqlı investisiyalar və birgə layihələr üçün geniş perspektivlər açır. Bu gün Azərbaycan qlobal iqtisadi proseslərin sürətlə dəyişdiyi, beynəlxalq ticarət və investisiya münasibətlərinin yeni məzmun daşıdığı bir zamanda iqtisadi tərəfdaşlıq coğrafiyasını genişləndirməyə xüsusi önəm verir. Asiyanın sürətlə inkişaf edən ölkələrindən biri olan Vyetnamla münasibətlər iqtisadi əlaqələrin şaxələndirilməsi, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın inkişafından dolayı xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlət başçılarının dialoqu hökumətlərarası komissiyalar, aidiyyəti qurumlar, parlamentlərarası dostluq qrupları, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıqla tamamlanır. Bu mexanizmlər tərəfdaşlığı real layihələrlə zənginləşdirir.
Azərbaycanın Vyetnamın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşması, Vyetnamın isə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək verməsi münasibətlərin qarşılıqlı etimad üzərində qurulduğunu təsdiqləyir.
Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Vyetnamın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi nümayiş etdirdiyi möhkəm və ədalətli mövqe Azərbaycan tərəfindən minnətdarlıqla xatırlanır.
Azərbaycan-Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar, təhsil və mədəni əlaqələrdir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr, təhsil təşəbbüsləri, mədəni tədbirlər və humanitar dəstək xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edir. Vaxtilə Azərbaycanda təhsil almış minlərlə vyetnamlı mütəxəssisin öz ölkəsinin inkişafına töhfə verməsi də bu əlaqələrin uzunmüddətli və səmərəli xarakter daşıdığını təsdiqləyir. Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərir ki, Azərbaycan xarici siyasətində dost ölkələrlə münasibətlərin dərinləşdirilməsinə, yeni iqtisadi tərəfdaşlıqların qurulmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri