Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 25 noyabr – Kəlbəcər Şəhəri Günü milli qürurumuzun, dövlətimizin qüdrətinin, xalqımızın sarsılmaz iradəsinin və tarixi ədalətin təntənəsinin ifadəsidir. Bu əlamətdar gün təkcə Kəlbəcərin işğaldan azad edilməsinin ildönümü deyil, həm də Azərbaycan xalqının öz doğma torpaqlarına qayıdış əzminin, milli birliyinin və qalib dövlət kimi yeni reallıqlar yaratmaq gücünün təcəssümüdür.
25 noyabr – Kəlbəcər Şəhəri Günü həm də Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək günüdür. Bu torpaqların azadlığı uğrunda qəhrəmanlıq göstərən şəhidlərimizin fədakarlığı heç vaxt unudulmayacaq. Onların qanı, qazilərimizin şücaəti və Azərbaycan əsgərinin misilsiz döyüş əzmi sayəsində bu gün üçrəngli bayrağımız Kəlbəcərdə qürurla dalğalanır. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, qazilərimizə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.Bu əlamətdar günün qeyd olunması Azərbaycanın qazandığı tarixi Qələbənin əhəmiyyətini bir daha dərk etməyə, milli birliyimizi möhkəmləndirməyə və dövlətçilik ənənələrimizi gələcək nəsillərə ötürməyə xidmət edir. Kəlbəcər Şəhəri Günü xalqımızın öz torpağına bağlılığının, milli iradəsinin və heç bir qüvvənin sındıra bilmədiyi Vətən sevgisinin təntənəsidir.
Bu gün Azərbaycan qalib, qüdrətli və öz gələcəyini müstəqil müəyyən edən dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri, Böyük Qayıdışın uğurla həyata keçirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi Zəfərimizin davamlı nəticələrini nümayiş etdirir.
Əlvan Rəcəbov,
YAP Lerik təşkilatının əməkdaşı