PDF Oxu

Siyasət

  • 307

25 Noyabr – Kəlbəcər Şəhəri Günü: tarixi qayıdışın və quruculuğun təntənəsi - ŞƏRH

25 Noyabr – Kəlbəcər Şəhəri Günü: tarixi qayıdışın və quruculuğun təntənəsi - ŞƏRH

Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini, əzəmətli təbiətini və milli yaddaşını özündə yaşadan Kəlbəcər bu gün dövlətimizin qüdrətinin, xalqımızın sarsılmaz iradəsinin və Böyük Qayıdışın rəmzinə çevrilib. 25 Noyabr – Kəlbəcər şəhəri günü təkcə ərazi bütövlüyümüzün bərpası ilə bağlı şanlı tarixi deyil, həm də doğma torpaqlarımızda həyatın yenidən canlanmasını, gələcəyə inamla atılan addımları ifadə edən əlamətdar gündür. 2020-ci il noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını qoydu, illərlə doğma yurd həsrəti çəkən insanların qayıdışına, bölgənin yenidən dirçəldilməsinə geniş imkanlar açdı.

Kəlbəcər minilliklərə söykənən tarixi ilə Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bölgənin ərazisində aşkarlanan arxeoloji nümunələr, qədim mağaralar, qayaüstü təsvirlər, daş abidələr və müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri burada zəngin sivilizasiya izlərinin mövcudluğunu təsdiqləyir. Tərtər çayı boyunca yerləşən qədim mağaralar, 30 min ildən artıq tarixə malik yaşayış məskənləri, təxminən 6 min il yaşı olan qaya təsvirləri Kəlbəcərin arxeoloji baxımdan mühüm əhəmiyyətini ortaya qoyur. Bu torpaq müxtəlif tarixi dövrlərin izlərini qoruyaraq Azərbaycanın milli-mədəni irsinin ayrılmaz parçası kimi bu gün də öz dəyərini yaşadır.
Kəlbəcər həm də Azərbaycanın ən yüksək dağ rayonudur. Uca dağları, geniş yaylaqları, sıx meşələri, saf bulaqları, mineral su ehtiyatları və zəngin biomüxtəlifliyi ilə seçilən bu diyar ölkəmizin təbii sərvətlər xəzinəsidir. Xüsusilə, məşhur “İstisu” mineral bulaqları Kəlbəcərin şöhrətini ölkə hüdudlarından kənara çıxarmış, bölgənin müalicəvi turizm potensialının formalaşmasında mühüm rol oynamışdır. Uzun illər tanınan İstisu brendinin yenidən dirçəldilməsi, mineral suyun istehsalı və müasir turizm infrastrukturunun yaradılması Kəlbəcərin iqtisadi inkişafında yeni imkanlar açır. Bu istiqamətdə inşa edilən “İstisu” mineral su zavodu və Müalicə-İstirahət Kompleksi bölgənin təbii potensialının səmərəli istifadəsinə, turizmin inkişafına və yeni iş yerlərinin yaradılmasına xidmət edir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri, burada həyata keçirilən layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı bölgənin inkişafına göstərilən yüksək diqqətin və dövlət siyasətinin ardıcıl xarakterinin bariz nümunəsidir. 2023-cü il avqustun 25-də dövlət başçısının Kəlbəcərə səfəri çərçivəsində “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı oldu, “İstisu” mineral su zavodunun tikintisi və Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanışlıq keçirildi. Həmin səfərdə “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik Stansiyaları istifadəyə verildi, Zar kəndinin təməli qoyuldu. Bu layihələr Kəlbəcərin enerji potensialının genişləndirilməsi, iqtisadi fəallığının artırılması və müasir infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı Kəlbəcərdə də geniş vüsət alıb. Şəhərin və kəndlərin müasir tələblərə uyğun yenidən qurulması, yaşayış evlərinin, sosial obyektlərin, yolların və kommunal infrastrukturun inşası insanların doğma torpaqlarına qayıdışını təmin edən əsas istiqamətlərdəndir. Yanşaq kəndinin yenidən qurulması və burada ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılır. Zallar kəndində 487 ailənin, Zar kəndində isə 855 ailənin yaşayışı üçün şərait yaradılması nəzərdə tutulur. Bu layihələr yalnız yeni evlərin tikilməsi deyil, kənd həyatının bərpası, sosial mühitin formalaşması, məktəb, xidmət və digər zəruri infrastrukturun yaradılması deməkdir.
Kəlbəcərdə aparılan quruculuq işləri şəhər və kəndlərin simasını dəyişməklə yanaşı, bölgənin gələcək inkişaf modelini də müəyyənləşdirir. Yaşayış məntəqələrinin planlı şəkildə salınması, alternativ enerji imkanlarından istifadə, yol və nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, turizm, kənd təsərrüfatı və sənaye sahələrinin inkişafı Kəlbəcərin iqtisadi həyatına yeni nəfəs verir. Dövlətin məqsədyönlü siyasəti nəticəsində vaxtilə dağıdılmış və həyatın dayandığı bu ərazilərdə müasir, təhlükəsiz və rahat yaşayış mühiti qurulur, doğma torpaqlar öz sakinlərinə qovuşur.
25 Noyabr – Kəlbəcər şəhəri günü xalqımızın yaddaşında azadlığın, qürurun, tarixi ədalətin və milli birliyin təcəssümü kimi yaşayır. Kəlbəcərin yenidən qurulması, tarixi irsinin qorunması, təbii sərvətlərinin ölkə iqtisadiyyatına qazandırılması və sakinlərinin doğma yurdlarına qayıdışı Azərbaycanın Zəfərdən sonra müəyyən etdiyi inkişaf strategiyasının real nəticələridir. Bu gün Kəlbəcər viranəlikdən dirçəlişə, həsrətdən qayıdışa, keçmişin ağrılarından gələcəyin ümidlərinə doğru irəliləyir. Qədim yurdumuzun hər bir guşəsində ucalan yeni tikililər, bərpa olunan yollar və yenidən məskunlaşan kəndlər Azərbaycanın qalibiyyət salnaməsinin davamı, dövlətimizin gücünün və xalqımızın əbədi torpaq sevgisinin ifadəsidir.

Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər