PDF Oxu

Siyasət

  • 258

Tarixi qayıdış və Böyük Qayıdışın təntənəsi - ŞƏRH

Tarixi qayıdış və Böyük Qayıdışın təntənəsi - ŞƏRH

Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və füsunkar təbiətə malik diyarlarından biridir. Uca dağları, saf suları, mineral bulaqları, meşələri və təbii sərvətləri ilə seçilən Kəlbəcər ölkəmizin ən gözəl guşələrindən hesab olunur. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatları və tarixi abidələri onun Azərbaycanın ictimai-iqtisadi və mədəni həyatında mühüm yer tutmasını şərtləndirmişdir. Kəlbəcərə 1930-cu ildə inzibati rayon statusu verilmişdir. Bu qədim diyar əsrlər boyu Azərbaycan xalqının tarixi yaddaşını, milli-mənəvi dəyərlərini və zəngin irsini özündə yaşatmışdır.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti Kəlbəcərin də taleyinə ağır zərbə vurmuşdur. 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun dinc əhalisi doğma yurd-yuvasından didərgin düşmüş, minlərlə insan uzun illər məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. İşğal dövründə Kəlbəcərin yaşayış məntəqələri, tarixi-mədəni abidələri və infrastrukturu dağıdılmış, təbii sərvətləri talan edilmişdir.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə nəticələnmiş, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ olmuşdur. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarılmışdır. Bu hadisə xalqımızın yaddaşına böyük tarixi qələbə, ədalətin və milli iradənin təntənəsi kimi həkk olunmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu nailiyyət Azərbaycanın gücünü, xalqımızın birliyini və dövlətimizin qətiyyətini nümayiş etdirmişdir.
Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlətimizin qarşıya qoyduğu əsas məqsədlərdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, layiqli qayıdışının təmin edilməsidir. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsinin inşası bu istiqamətdə atılan mühüm addımlardandır
Kəlbəcərin inkişafı baxımından yol-nəqliyyat infrastrukturunun yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi bölgənin digər rayonlarla əlaqəsinin yaxşılaşdırılması, iqtisadi potensialının üzə çıxarılması və turizmin inkişafı üçün geniş imkanlar yaradır. Murovdağ silsiləsindən keçən tunel və digər mühüm yol infrastrukturu layihələri Kəlbəcərə gediş-gəlişi daha rahat və təhlükəsiz edəcək. Bununla yanaşı, elektrik enerjisi, su təchizatı və digər kommunal sahələrdə görülən işlər rayonun davamlı inkişafına möhkəm zəmin yaradır.
Prezident İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri bölgənin dirçəlişinin və dövlətimizin bu torpaqlara xüsusi diqqətinin bariz nümunəsidir. Dövlət başçısı 2021-ci il avqustun 16-da Kəlbəcərə səfəri zamanı Ömər aşırımı ilə tanış olmuş, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa ediləcək 11,6 kilometr uzunluğunda tunelin təməlini qoymuşdur. Səfər zamanı Prezident İlham Əliyev Kəlbəcərdə arıçılarla görüşmüş, şəhərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmış, hərbi hissədə yaradılmış şəraitlə tanış olmuşdur. Dövlət başçısı, həmçinin dağıdılmış “İstisu” sanatoriyasına baxış keçirmiş və yeni tikilən 51 kilometr uzunluğunda İstisu-Minkənd avtomobil yolunun gedişatı ilə maraqlanmışdır. Bu səfər Kəlbəcərin yenidən qurulması istiqamətində görülən işlərin sürətləndirilməsi, bölgənin iqtisadi imkanlarının qiymətləndirilməsi və gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır.
Bu gün Kəlbəcər yalnız yenidən qurulan bir rayon deyil, həm də Azərbaycanın gücünün, milli birliyinin və tarixi ədalətin bərpasının rəmzidir. Bir vaxtlar dağıdılmış yaşayış məntəqələrinin yerində müasir binalar ucaldılır, yollar çəkilir, enerji infrastrukturu yaradılır və doğma torpaqlara qayıdış təmin edilir. Kəlbəcərin zəngin təbii sərvətləri, xüsusilə İstisu mineral bulaqları, turizm və iqtisadiyyatın inkişafı üçün böyük potensiala malikdir.
25 Noyabr – Kəlbəcər şəhəri günü xalqımızın yaddaşında azadlığın, qürurun, qayıdışın və yenidən doğuluşun bayramı kimi yaşayır. Bu əlamətdar gün Kəlbəcərin işğaldan azad olunması uğrunda mübarizə aparmış qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizin fədakarlığını yüksək qiymətləndirmək üçün də mühüm fürsətdir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Kəlbəcər gündən-günə inkişaf edəcək, öz tarixi simasını bərpa edəcək və gələcək nəsillər üçün abad, firavan yaşayış məkanına çevriləcəkdir. Kəlbəcər artıq azaddır, doğma sakinlərini qarşılayır və Azərbaycanın Böyük Qayıdış tarixində öz layiqli yerini tutur.

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri

Digər xəbərlər