Kəlbəcər – Azərbaycanın ərazi bütövlüyünün, dövlətçilik iradəsinin və Böyük Qayıdışın rəmzi
Azərbaycanın qədim və füsunkar diyarlarından olan Kəlbəcər 25 noyabr 2020-ci ildə işğaldan azad edilərək doğma Vətənə qovuşdu. Bu tarixi hadisə xalqımızın uzun illər davam edən yurd həsrətinə son qoymaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ oldu.
Kəlbəcərin azad edilməsindən sonra rayonun yenidən qurulması, infrastrukturunun bərpası, iqtisadi potensialının hərəkətə gətirilməsi və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azad olunmuş Kəlbəcərə həyata keçirdiyi səfərlər bu prosesin ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsinin mühüm göstəricisidir.
Prezident İlham Əliyev 16 avqust 2021-ci ildə Kəlbəcərə ilk səfərini həyata keçirdi. Səfər zamanı Kəlbəcər şəhərində Azərbaycan bayrağı ucaldıldı, Ömər aşırımı və Toğanalı-Kəlbəcər avtomobil yolunun tikintisi ilə tanışlıq oldu, Murovdağ tunelinin təməli qoyuldu. Həmçinin Kəlbəcər yarımstansiyasının açılışı keçirildi və hərbi hissədə yaradılmış şəraitlə tanışlıq baş tutdu.
26 iyun 2022-ci ildə – Silahlı Qüvvələr Günü münasibətilə Kəlbəcərə növbəti səfər zamanı yeni komando hərbi hissəsinin açılışı keçirildi. Bununla yanaşı, Kəlbəcər şəhərinin Baş planı təqdim olundu, Kiçik Su Elektrik Stansiyasının açılışı keçirildi, İşğal və Zəfər muzeyləri kompleksinin, Rəqəmsal İdarəetmə Mərkəzinin və İstisu mineral su zavodunun təməlləri qoyuldu.
2023-cü il Kəlbəcərin quruculuq tarixində xüsusi əhəmiyyət daşıdı. Mayın 27–28-də Prezident İlham Əliyevin səfəri zamanı Yanşaq və Zallar kəndlərinin təməli qoyuldu, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli atıldı. Həmin səfər çərçivəsində bir sıra su elektrik stansiyalarının açılışı keçirildi və hərbi hospital istifadəyə verildi.Avqustun 25–26-da reallaşan növbəti səfər zamanı Soyuqbulaq, Çıraq-1 və Çıraq-2 kiçik su elektrik stansiyaları istifadəyə verildi, Zar kəndinin təməli qoyuldu. Dövlət başçısı İstisu mineral su zavodunda və müalicə-istirahət kompleksində aparılan işlərlə tanış oldu.2023-cü il noyabrın 7–8-də baş tutan səfər də Kəlbəcərin inkişafı və bölgədə aparılan bərpa işləri baxımından əlamətdar oldu.
2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfəri zamanı İstisu mineral su zavodunun, Zar və Yuxarı Vəng kiçik su elektrik stansiyalarının açılışları keçirildi. Kəlbəcər şəhərində yeni yaşayış kompleksinin təməli qoyuldu, İstisu qəsəbəsinin salınması istiqamətində mühüm addımlar atıldı. Səfər çərçivəsində sosial infrastrukturun inkişafı və avtomobil yollarının tikintisi ilə bağlı layihələrə də baxış keçirildi.2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə növbəti səfəri zamanı şəhərin üçüncü və dördüncü yaşayış komplekslərinin, eləcə də şəhər parkının təməli qoyuldu. Kəlbəcər sakinləri ilə görüş keçirildi və onlara yeni mənzillərin açarları təqdim olundu. Aşağı Vəng, Nadirxanlı və Çaykənd kiçik su elektrik stansiyaları istifadəyə verildi. Həmçinin yerli istehsalın və sahibkarlığın inkişafı istiqamətində görülən işlərlə tanışlıq oldu.
Kəlbəcərə səfərlər Böyük Qayıdışın və dövlət quruculuğunun mühüm mərhələsidir
Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri yalnız infrastruktur layihələrinin açılışı və təməlqoyma mərasimləri ilə məhdudlaşmır. Bu səfərlər, eyni zamanda, dövlətin azad edilmiş ərazilərin təhlükəsizliyinə, iqtisadi inkişafına, sosial rifahına və əhalinin doğma torpaqlarına qayıdışına verdiyi önəmin ifadəsidir.
Bu gün Kəlbəcərdə yeni yaşayış məhəllələri salınır, yollar çəkilir, enerji infrastrukturu qurulur, sənaye və turizm imkanları inkişaf etdirilir. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların öz evlərinə qayıtması isə həyata keçirilən siyasətin ən mühüm nəticələrindəndir.
Kəlbəcərin bugünkü mənzərəsi müharibədən sonrakı bərpa və quruculuğun, milli həmrəyliyin və dövlət məsuliyyətinin nümunəsidir. Bu torpaqların azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi, sağlamlığını itirən qazilərimizin fədakarlığı və Azərbaycan Ordusunun qəhrəmanlığı isə Kəlbəcərin hər qarışında öz əksini tapır.Kəlbəcərin azad edilməsi tariximizin şanlı səhifəsidir, onun yenidən qurulması isə gələcək nəsillər üçün yaradılan yeni həyatın təməlidir.
Kəlbəcər yenidən qurulur, doğma sakinlərinə qovuşur və Azərbaycanın gələcəyinə doğru inamla addımlayır.
Qarabağ Azərbaycandır!
Əlisoy Əli
YAP Şərur rayon təşkilatının fəal üzvü