25 Noyabr – Kəlbəcər şəhəri günü Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan, milli qürur hissini gücləndirən və azad edilmiş torpaqlarda başlanan yeni həyatın mahiyyətini əks etdirən əlamətdar tarixdir. Kəlbəcərin azadlığı xalqımızın uzun illər boyu yaşatdığı doğma yurda qovuşmaq arzusunun gerçəkləşməsi, ərazi bütövlüyümüzün təmin olunması və tarixi ədalətin bərpası deməkdir. 2020-ci il noyabrın 25-də Kəlbəcərin Azərbaycana qaytarılması ilə bu qədim diyarın taleyində yeni səhifə açıldı. Artıq Kəlbəcər işğalın acı izləri ilə deyil, azadlığından sonra qazandığı inkişaf, quruculuq və tərəqqi ilə gündəmə gəlir.
Kəlbəcər tarixən Azərbaycanın zəngin keçmişini özündə əks etdirən, mədəni irsi və təbii sərvətləri ilə seçilən bölgələrdən olub. Ərazidə aparılmış arxeoloji araşdırmalar burada insanların qədim dövrlərdən məskunlaşdığını sübut edən çoxsaylı maddi nümunələri üzə çıxarıb. Qayaüstü təsvirlər, qədim mağaralar, yaşayış izləri, məbəd və digər tarixi abidələr Kəlbəcərin mühüm tarixi-mədəni mərkəzlərdən biri olduğunu göstərir. Bu irs xalqımızın minilliklərə uzanan həyat tərzini, dünyagörüşünü və mədəni inkişafını öyrənmək baxımından qiymətli mənbədir. Kəlbəcərin tarixi zənginliyi onun yalnız coğrafi ərazi deyil, həm də milli yaddaşımızın mühüm bir parçası olduğunu təsdiqləyir.
Ölkəmizin ən yüksək dağ rayonlarından olan Kəlbəcər təbii gözəllikləri, dağ çayları, meşələri, yaylaqları, mineral bulaqları və əlverişli turizm imkanları ilə böyük potensiala malikdir. Bölgənin tanınmış “İstisu” mineral suları uzun illər Azərbaycanın təbii sərvətləri arasında xüsusi şöhrət qazanıb. Bu qiymətli mənbənin yenidən iqtisadi dövriyyəyə daxil edilməsi məqsədilə müasir “İstisu” mineral su zavodunun inşası həyata keçirilir. Eyni zamanda, “İstisu” Müalicə-İstirahət Kompleksinin yenidən qurulması Kəlbəcərin sağlamlıq turizmi istiqamətində mövqeyinin gücləndirilməsinə, bölgəyə yerli və xarici turistlərin cəlb edilməsinə imkan verəcək. Bu layihələr təbii resursların qorunması və iqtisadi səmərəlilik prinsipləri əsasında bölgənin gələcək inkişafına töhfə verəcək.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Kəlbəcərə səfərləri bölgənin inkişafında yeni mərhələnin əsasını qoyan mühüm hadisələrdir. 2023-cü il avqustun 25-də dövlət başçısının Kəlbəcərə səfəri zamanı “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası istifadəyə verildi. Prezident “İstisu” mineral su zavodunun tikintisi, Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldu, “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik Stansiyalarının açılışında iştirak etdi. Səfər çərçivəsində Zar kəndinin təməli qoyuldu. Bu təşəbbüslər Kəlbəcərin enerji təminatının gücləndirilməsi, sənaye imkanlarının genişləndirilməsi və iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Dövlət başçısının bölgəyə mütəmadi səfərləri, layihələrin icrasına nəzarəti və yeni hədəflərin müəyyənləşdirilməsi azad edilmiş ərazilərin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu göstərir.
Kəlbəcərdə bərpa prosesi yalnız şəhər infrastrukturunun yenilənməsi ilə məhdudlaşmır, rayonun kəndlərinin də müasir yaşayış məntəqələrinə çevrilməsini əhatə edir. Yanşaq kəndində 421 ailənin, Zallar kəndində 487 ailənin, Zar kəndində isə 855 ailənin məskunlaşdırılması planlaşdırılır. Bu yaşayış məntəqələrində aparılan işlər əhalinin rahatlığı, təhlükəsizliyi və gündəlik ehtiyaclarının təmin olunması nəzərə alınmaqla həyata keçirilir. Yeni evlər, yollar, kommunikasiya xətləri və sosial infrastrukturun yaradılması kəndlərin əvvəlki həyat ritminə qayıtmasına, eyni zamanda daha müasir imkanlarla inkişaf etməsinə zəmin hazırlayır. Böyük Qayıdışın əsas məqsədi insanları sadəcə öz torpaqlarına qaytarmaq deyil, onların həmin ərazilərdə dayanıqlı, firavan və perspektivli həyat sürməsinə şərait yaratmaqdır.
Kəlbəcərin gələcəyi bu gün atılan quruculuq addımları ilə formalaşır. Enerji layihələri, turizm infrastrukturu, mineral su istehsalı, kəndlərin yenidən salınması və nəqliyyat əlaqələrinin inkişafı bölgənin iqtisadi həyatına yeni dinamika gətirir. Uzun illər düşmən işğalı nəticəsində dağıdılmış, təbii və tarixi sərvətləri talan edilmiş Kəlbəcər indi öz potensialını Azərbaycanın ümumi inkişafına yönəldir. Hər yeni layihə, istifadəyə verilən obyekt və doğma yurda qayıdan ailə azadlığın real nəticəsini, dövlətimizin gücünü və xalqımızın qətiyyətini nümayiş etdirir.
25 Noyabr – Kəlbəcər şəhəri günü tarixi yaddaşın qorunması, Zəfər ruhunun yaşadılması və gələcəyə inamın möhkəmləndirilməsi baxımından böyük məna daşıyır. Kəlbəcər bu gün Azərbaycanın qalib dövlət kimi yaratdığı yeni reallıqların, milli iradənin və quruculuq əzminin canlı təcəssümüdür. Doğma torpağında yenidən həyat quran Kəlbəcər hər keçən gün daha da inkişaf edir, öz tarixi kimliyini qoruyaraq gələcək nəsillərə abad, güclü və yaşanılan bir yurd kimi təqdim olunur. Bu dirçəliş Azərbaycanın Zəfər salnaməsinin davamı, xalqımızın torpağa bağlılığının və dövlətimizin sarsılmaz gücünün ifadəsidir.
Səxavət Həsənov
YAP Kəngərli rayon təşkilatının fəalı