Kəlbəcər Azərbaycanın zəngin tarixi, füsunkar təbiəti, mineral su ehtiyatları, strateji əhəmiyyəti və milli-mədəni irsi ilə seçilən bölgələrindən biridir. Dağlıq relyefi, təbii sərvətləri, meşələri, çayları və mineral bulaqları ilə seçilən bu rayon uzun illər Azərbaycanın iqtisadi, ekoloji və turizm potensialının mühüm mərkəzlərindən biri olmuşdur. Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Kəlbəcər uzun müddət işğal altında qalmış, rayonun tarixi və mədəni irsinə ciddi ziyan vurulmuş, əhalisi doğma yurdlarından didərgin düşmüşdür.
1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı qətnamə Kəlbəcərin işğalına beynəlxalq hüquqi münasibətin ifadəsi baxımından mühüm sənədlərdən biridir. Qətnamədə Kəlbəcər rayonunun və Azərbaycanın digər işğal olunmuş ərazilərinin tutulması ilə bağlı narahatlıq ifadə edilmiş, hərbi əməliyyatların dayandırılması və işğalçı qüvvələrin Kəlbəcərdən çıxarılması tələb olunmuşdur. Bununla belə, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər uzun illər ərzində işğalın sona çatmasına və Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail ola bilməmişdir. İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın ərazilərində həyata keçirilən qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla, bölgənin demoqrafik və tarixi simasının dəyişdirilməsinə yönəlmişdir. Kəlbəcərin tarixi-mədəni irsinin qorunmasına laqeyd münasibət, yaşayış məntəqələrinin dağıdılması, təbii sərvətlərin istismarı və yerli əhalinin doğma torpaqlarına qayıdış hüququnun məhdudlaşdırılması işğalın ağır nəticələrindən olmuşdur. Azərbaycan dövləti bütün bu müddət ərzində öz ərazi bütövlüyünün bərpasını əsas prioritet kimi müəyyən etmiş, beynəlxalq hüquqa əsaslanan mövqeyini ardıcıl şəkildə müdafiə etmişdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqın birliyi və həmrəyliyi nəticəsində işğal altında olan ərazilər azad edildi. 25 noyabr 2020-ci il Kəlbəcərin Azərbaycana qaytarılması tarixində xüsusi əhəmiyyət daşıyır. Bu gün 25 noyabrın Kəlbəcər şəhəri günü kimi qeyd edilməsi doğma torpağa qayıdışın, tarixi ədalətin bərpasının və milli iradənin təcəssümüdür. Bu tarix Kəlbəcərin azadlığı uğrunda mübarizə aparan qəhrəmanların xatirəsinə ehtiram, gələcək nəsillərə ötürülən tarixi yaddaş və Zəfər rəmzi kimi böyük məna daşıyır. Kəlbəcərin azad edilməsindən sonra bölgədə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri, həyata keçirilən layihələrlə yerində tanış olması və strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi dövlətin Kəlbəcərin gələcəyinə xüsusi diqqət yetirdiyini göstərir. Bölgənin yenidən qurulması yalnız yaşayış məntəqələrinin bərpası deyil, eyni zamanda müasir infrastrukturun yaradılması, iqtisadi potensialın reallaşdırılması, sosial xidmətlərin təşkili və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi məqsədlərini daşıyır. Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı şəhərin gələcək inkişafının əsas istiqamətlərini müəyyən edən mühüm strateji sənəddir. Baş plan çərçivəsində şəhərin müasir urbanizasiya prinsipləri əsasında qurulması, yaşayış məhəllələrinin salınması, sosial obyektlərin, təhsil və səhiyyə müəssisələrinin, inzibati binaların, yol-nəqliyyat infrastrukturunun inkişafı nəzərdə tutulur. Yeni Kəlbəcər şəhərinin ekoloji tarazlığın qorunması, təbii landşaftın mühafizəsi, müasir memarlıq və şəhərsalma standartlarının tətbiqi əsasında formalaşdırılması gələcək nəsillər üçün dayanıqlı yaşayış mühitinin yaradılmasına xidmət edir.
Kəlbəcərin iqtisadi inkişafında bölgənin enerji ehtiyatlarından səmərəli istifadə xüsusi əhəmiyyət kəsb edir. Çayların hidroenerji potensialı, dağlıq ərazinin təbii imkanları və əlverişli su ehtiyatları kiçik su elektrik stansiyalarının yaradılması üçün geniş perspektivlər açır. Bu istiqamətdə həyata keçirilən layihələr işğaldan azad edilmiş ərazilərin enerji təminatının gücləndirilməsi, ekoloji cəhətdən təmiz enerji istehsalının artırılması və ölkənin enerji təhlükəsizliyinə töhfə verilməsi baxımından mühüm rol oynayır. Kəlbəcərdə yaradılan və istifadəyə verilən su elektrik stansiyaları bölgənin iqtisadi dirçəlişinin, enerji müstəqilliyinin və yaşıl inkişaf strategiyasının mühüm elementləridir.
2022-ci il iyunun 26-da Prezident İlham Əliyevin Kəlbəcərə səfəri rayonun bərpa və inkişaf tarixində əlamətdar hadisələrlə yadda qalmışdır. Səfər çərçivəsində “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı olmuş, rayon ərazisində hərbi hissənin fəaliyyəti ilə bağlı tədbirlər həyata keçirilmişdir. Dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanış olmuş, Kəlbəcər şəhərinin Baş planına baxmış, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoymuşdur. Eyni zamanda, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi keçirilmiş, “İstisu” mineral su zavodunun və sanatoriyasının təməli qoyulmuş, “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanışlıq olmuşdur. Bu tədbirlər Kəlbəcərin həm iqtisadi, həm də sosial və turizm potensialının inkişaf etdirilməsinə yönəlmiş kompleks yanaşmanın göstəricisidir.
2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyevin Kəlbəcərə növbəti səfəri bölgədə həyata keçirilən layihələrin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirmişdir. Həmin səfər zamanı Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışı olmuş, Xudavəng monastır kompleksinə baxış keçirilmişdir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa edilən 4-cü tuneldə və yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanışlıq bölgənin nəqliyyat əlçatanlığının artırılması baxımından əhəmiyyətlidir. Müasir yol infrastrukturu Kəlbəcərin digər rayonlarla əlaqələrinin genişləndirilməsi, iqtisadi fəaliyyətin canlandırılması və turizmin inkişafı üçün əsas şərtlərdən biridir.
Kəlbəcərin dirçəlişi Azərbaycanın Zəfər tarixinin davamı, dövlətçilik gücünün və milli iradəsinin təcəssümüdür. Doğma torpaqların bərpası, onların iqtisadi və sosial potensialının reallaşdırılması, tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi bu gün qarşıda duran mühüm vəzifələrdəndir. Kəlbəcər yenidən Azərbaycanın inkişaf edən, yaşayan, qurulan və gələcəyə inamla baxan bölgəsinə çevrilir.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri