PDF Oxu

Sosial

  • 344

Lerikdə kənd təsərrüfatının inkişafına dəstək - FOTOLAR

Lerikdə kənd təsərrüfatının inkişafına dəstək - FOTOLAR

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasına başlanıldığı qısa müddət ərzində Lerik rayonunda müxtəlif istiqamətlər üzrə yeni təsərrüfatların yaradılması, mövcud istehsal sahələrinin genişləndirilməsi və kənd təsərrüfatı məhsullarının istehsalına marağın artırılması istiqamətində mühüm addımlar atılıb.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayevin, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İzzət Talıbovun, Lerik Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Cahani Nüsrətzadənin və Lerik Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Rafət Həmidovun iştirakı Dövlət Proqramının icrası istiqamətində rayonda həyata keçirilən tədbirlərin vəziyyətinə dair yerində baxış keçirilib.
Baxış zamanı rayonun Piran kəndində fəaliyyət göstərən quşçuluq müəssisələrinin, Bilnə kəndində balıqçılıq və heyvandarlıq təsərrüfatlarının, Hiveri kəndində intensiv meyvə bağının, Tatoni kəndində çiyələk təsərrüfatının, Brkandul kəndində xırdabuynuzlu heyvandarlıq təsərrüfatının, eləcə də Nüvədi kəndində Dövlət Proqramı çərçivəsində təşəbbüsə yeni qoşulmuş fermer tərəfindən yaradılan xırdabuynuzlu heyvandarlıq təsərrüfatının fəaliyyəti ilə tanış olunub. Təsərrüfatların mövcud vəziyyəti, istehsal potensialı, əldə olunan nəticələr və gələcək inkişaf perspektivləri barədə məlumat verilib. Aqrar sahədə müasir texnologiyaların və innovativ istehsal üsullarının tətbiqi, məhsuldarlığın artırılması, istehsal və emal imkanlarının genişləndirilməsi, fermerlərin fəaliyyətinin stimullaşdırılması və rayonun kənd təsərrüfatı potensialından səmərəli istifadə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Fermer və sahibkarlara fəaliyyətlərinin genişləndirilməsi, istehsalın səmərəliliyinin artırılması və Dövlət Proqramının yaratdığı imkanlardan maksimum yararlanmaqla bağlı müvafiq tövsiyələr verilib. Həmçinin fermer və sahibkarların aqrar sahədə qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yolları da müzakirə edilib. Mövcud problemlərin həlli, təsərrüfatların inkişafına dəstək göstərilməsi və fəaliyyətlərinin genişləndirilməsi məqsədilə aidiyyəti qurumlar qarşısında müvafiq məsələlərin qaldırılacağı bildirilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər