PDF Oxu

Siyasət

  • 201

Azərbaycan – Vyetnam dostluğu və strateji tərəfdaşlığı: Tarixi köklərdən 2026-cı il rəsmi səfərinə - ŞƏRH

Azərbaycan – Vyetnam dostluğu və strateji tərəfdaşlığı: Tarixi köklərdən 2026-cı il rəsmi səfərinə - ŞƏRH

Müasir beynəlxalq münasibətlər sistemində coğrafi məsafədən asılı olmayaraq xalqlar və dövlətlər arasında qurulan strateji tərəfdaşlıq əlaqələri tarixi etimada, qarşılıqlı hörmətə və ortaq inkişaf maraqlarına əsaslanır. Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında təxminən yetmiş illik tarixi dövrü əhatə edən dostluq və əməkdaşlıq münasibətləri bu baxımdan nümunəvi dövlətlərarası model kimi çıxış edir. İki ölkə arasındakı münasibətlərin müasir dinamikası həm zəngin tarixi irsə, həm də qlobal iqtisadi-humanitar çağırışlara cavab verən praqmatik siyasi iradəyə söykənir. Azərbaycan–Vyetnam dostluğunun bünövrəsi XX əsrin ortalarında iki xalqın görkəmli dövlət xadimlərinin uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Bu münasibətlərin başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya etdiyi unudulmaz tarixi səfərdir. Həmin səfər iki xalq arasında səmimi dostluq, qarşılıqlı rəğbət və həmrəylik ənənələrinin təməlini formalaşdırmışdır. Bu tarixi əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində isə 1983-cü il əsl sıçrayış ili olmuşdur. Belə ki, həmin dövrdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Vyetnama səfər edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə səfərin müddəti səkkiz günə qədər uzadılmış və ölkənin əsas strateji regionlarını əhatə etmişdir. Həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının bərpasına və inkişafına güclü təkan verməklə yanaşı, uzunmüddətli ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirmişdir.

1959-cu ildə Prezident Ho Şi Minin Bakıya tarixi səfəri ilə başlanan, 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri ilə möhkəmlənən və 2026-cı ilin noyabrında Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə yeni mərhələyə qədəm qoyan dostluq əlaqələri yüksək strateji səviyyədə inkişafını davam etdirməkdədir.

Zamanın sınaqlarından uğurla çıxmış tarixi dostluğa əsaslanaraq müstəqillik illərində Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında siyasi dialoq ardıcıl şəkildə dərinləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri və 2015-ci ilin mayında Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri ikitərəfli münasibətlərin hüquqi və siyasi bazasını daha da möhkəmləndirmişdir. Bu qarşılıqlı səfərlər dövlətlərarası əlaqələrin bütün sahələr üzrə sistemli inkişafına yeni impuls vermişdir. İkitərəfli münasibətlərin tarixində mühüm mərhələlərdən biri də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin qəbul edilməsi olmuşdur. Energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər geniş spektri əhatə edən bu sənəd əlaqələri strateji tərəfdaşlıq müstəvisinə yüksəltmişdir. 2026-cı il noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlməsi ikitərəfli münasibətlərin gündəliyində yeni mərhələnin açılışı kimi qiymətləndirilir. Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü rəsmi qarşılanma mərasimində Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının ədliyyə naziri Hoanq Than Tunq və digər rəsmi şəxslər qarşılamışlar. Səfər çərçivəsində Hanoyda yüksək səviyyəli görüşlər keçirilmiş, Azərbaycan-Vyetnam sənədləri mübadilə edilmiş, o cümlədən Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü, Vyetnamın Baş naziri və Vyetnam Milli Assambleyasının sədri ilə danışıqları baş tutmuşdur. Dövlət başçısı həmçinin Hanoyda “İnqilab şəhidləri” abidəsini və Ho Şi Minin məqbərəsini ziyarət etmiş, rəsmi səfər noyabrın 21-də başa çatmışdır. Dövlət başçılarının təmasları ilə paralel olaraq hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında sıx dialoq aparılır və hər iki ölkə BMT, Qoşulmama Hərəkatı və AQEM kimi beynəlxalq platformalarda qarşılıqlı dəstək nümayiş etdirir.

Azərbaycan–Vyetnam münasibətlərinin mühüm dayaqlarından birini iqtisadi-ticari və enerji əməkdaşlığı təşkil edir. 2025-ci ilin yekunlarına əsasən ikitərəfli ticarət dövriyyəsinin həcmi 150 milyon ABŞ dollarını ötərək müsbət artım dinamikası nümayiş etdirmişdir. Bununla belə, hər iki ölkənin iqtisadi potensialı bu göstəricinin daha da yüksəldilməsi üçün geniş imkanlar açır. Tarixən əməkdaşlığın təməlində dayanan neft-qaz sektorunda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu karbohidrogen yataqlarının kəşfiyyatı, işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı istiqamətində yeni layihələrin reallaşdırılmasına şərait yaradır.

Bununla yanaşı, qeyri-neft sektorunda və qarşılıqlı investisiya qoyuluşlarında da fəallıq artmaqdadır. Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatına marağının bariz nümunəsi kimi tikinti, infrastruktur və bərpaolunan enerji (günəş və külək enerjisi) layihələri üzrə fəaliyyət göstərən “ROX Group” şirkəti ilə 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış əməkdaşlıq sənədlərini qeyd etmək olar. Nəqliyyat-logistika sahəsində də mühüm sıçrayış əldə edilmişdir: 2026-cı ilin yanvar–sentyabr aylarında tranzit daşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olmuşdur. Azərbaycanın Orta Dəhliz və “Şimal–Cənub” nəqliyyat dəhlizləri üzərindəki strateji mövqeyi Vyetnam yüklərinin Avropa bazarlarına və əks istiqamətə səmərəli daşınması üçün əlverişli logistika körpüsü yaradır.

Dövlətlərarası münasibətlərin dərinləşməsində və xalqların bir-birinə yaxınlaşmasında humanitar diplomatiya, xeyriyyəçilik layihələri və təhsil əlaqələri müstəsna əhəmiyyət daşıyır. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fondun dəstəyi ilə Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin inşa edilməsi, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyinin göstərilməsi və müxtəlif sosial-təhsil proqramlarının həyata keçirilməsi insan amilinə verilən yüksək dəyərin göstəricisidir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri, ölkə rəhbərləri, yaradıcı ziyalılar və Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə keçirdiyi görüşlər humanitar tərəfdaşlığa yeni nəfəs vermişdir.

Xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir. Hər iki ölkənin aparıcı ali təhsil müəssisələri arasında imzalanmış tərəfdaşlıq müqavilələri və memorandumlar tələbə-müəllim mübadiləsini, birgə elmi tədqiqatların aparılmasını təşviq edir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün təsis edilmiş təhsil qrant proqramları Vyetnam gənclərinə ölkəmizin nüfuzlu universitetlərində təhsil almaq imkanı yaradır. Bu akademik əlaqələr dərin tarixi köklərə əsaslanır; belə ki, hələ sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda ali təhsil alaraq ölkələrinin inkişafına töhfə vermişdir. 2025-ci ildə Ho Şi Minin anadan olmasının 135-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində görkəmli dövlət xadiminin Memorial otağının açılması bu tarixi bağlılığın rəmzinə çevrilmişdir.

Qarşılıqlı mədəni fəaliyyət təhsil əlaqələrini ahəngdar şəkildə tamamlayaraq iki xalq arasında mənəvi körpüləri daha da möhkəmləndirir. Azərbaycanda ənənəvi olaraq keçirilən Vyetnam Günləri mədəniyyətlərarası dialoqun mühüm platformasına çevrilmişdir. 2026-cı ildə keçirilən dördüncü festivalın ilk dəfə olaraq həm Bakı, həm də Qəbələ şəhərlərini əhatə etməsi bu təşəbbüsün miqyasının genişləndiyini göstərir. Ədəbi əlaqələr müstəvisində tanınmış vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşr edilməsi xalqlarımızın bir-birinin zəngin ədəbi irsi ilə tanış olmasına xidmət edir. Azərbaycan–Vyetnam mədəni dialoqu yarım əsrdən artıq zəngin yaradıcılıq ənənələrinə malikdir. Hələ 1955-ci ildə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin ilk Sovet–Vyetnam sənədli filmi üçün bəstələdiyi “Vyetnam süitası” və görkəmli kinorejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda yaşayaraq milli kino məktəbinin formalaşmasına verdiyi misilsiz töhfələr, həmçinin onun “Vyetnamda gördüklərim” kitabının Vyetnam dilinə tərcümə olunaraq Hanoyda təqdim edilməsi ortaq mədəni yaddaşımızın parlaq səhifələridir. Bundan əlavə, möhkəm dostluq bağları çətin sınaq günlərində qarşılıqlı yardımda da özünü göstərir; Azərbaycanın 2024-cü ildə “Yaqi” fırtınasının və 2025-ci ildə genişmiqyaslı daşqınların fəsadlarının aradan qaldırılması üçün Vyetnama göstərdiyi maliyyə dəstəyi iki ölkə arasındakı səmimi həmrəyliyin bariz təzahürüdür.

Ümumiləşdirərək qeyd etmək olar ki, 1959-cu ildə Prezident Ho Şi Minin Bakıya tarixi səfəri ilə başlanan və 2026-cı ilin noyabrında Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan–Vyetnam dostluğu bu gün yüksək strateji tərəfdaşlıq səviyyəsində irəliləyir. Vyetnamın Cənub-Şərqi Asiyada dinamik inkişaf edən iqtisadi güc, Azərbaycanın isə Cənubi Qafqazın aparıcı energetika və nəqliyyat-logistika mərkəzi kimi çıxış etməsi qarşılıqlı fəaliyyət üçün böyük quruculuq potensialı yaradır. Siyasi etimad, enerji və nəqliyyat layihələri, dinamik elm-təhsil əməkdaşlığı və zəngin mədəni mübadilə hər iki xalqın uzunmüddətli rifahına və beynəlxalq sabitliyə xidmət edən sarsılmaz təməl rolunu oynayır.

Sevinc Səmədova

YAP Naxçıvan şəhər təşkilatı “Cəlil Məmmədquluzadə 42” ünvanında yerləşən ərazi partiya təşkilatının fəal üzvü,

Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı

Digər xəbərlər