PDF Oxu

Siyasət

  • 308

Kəlbəcər: qədim tarixi irsimizin və müasir dirçəlişin ünvanı - ŞƏRH

Kəlbəcər: qədim tarixi irsimizin və müasir dirçəlişin ünvanı - ŞƏRH

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər və sonrakı proseslər Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsi ilə nəticələnməklə qalmadı, eyni zamanda regionun geosiyasi və hərbi mənzərəsini köklü şəkildə dəyişdi. İkinci Qarabağ müharibəsinin başa çatmasını rəsmiləşdirən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı ilə müharibə meydanında azad edilməyən digər işğal altında olan üç rayonumuz (Ağdam, Kəlbəcər və Laçın) sonrakı günlərdə Azərbaycana dinc şəraitdə geri qaytarıldı. Bəyanatın 6-cı bəndinə əsasən Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-də Azərbaycana qaytarmalı olsa da, təhvil vermə prosesi 10 gün yubandı. Bu müddətdə bölgəni tərk edən ermənilər növbəti vandalizm aktları törədərək yaşayış evlərini və meşə sahələrini yandırdılar, infrastruktura ciddi ziyan vurdular. Buna baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi-diplomatik iradəsi və Azərbaycanın hərbi-strateji üstünlüyü nəticəsində 2020-ci il noyabrın 25-də Kəlbəcər bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Bu tarixi hadisənin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamı ilə 25 noyabr Azərbaycanda Kəlbəcər şəhəri günü kimi qeyd olunur.

Kəlbəcər rayonu 1930-cu il avqustun 8-də inzibati rayon kimi yaradılmış və ölkəmizin ərazisinə görə üçüncü ən böyük rayonu kimi mövcud olmuşdur.

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonu olmaqla yanaşı, həm də zəngin tarixi və arxeoloji irsə malik qədim yurd yeridir. Bölgədə aparılmış arxeoloji tədqiqatlar, qayaüstü təsvirlər, qədim yaşayış məskənləri, alban məbədləri və tarixi abidələr bu torpaqların minilliklər boyu fasiləsiz insan məskəni və mədəniyyət ocağı olduğunu sübut edir. Kəlbəcər yalnız Azərbaycanın yox, bütövlükdə dünyanın ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır ki, bu da 4 milyon ildən artıq bir tarix deməkdir.

Kəlbəcər rayonu Qafqaz Albaniyası dövrünə aid tarixi abidələrlə zəngindir. Bunlardan ən məşhuru olan Xudavəng məbəd kompleksindən başqa rayon ərazisində “Laçınqaya”, “Lev”, “Uluxan”, “Qalaboynu”, “Comərd” kimi alban abidələri mövcuddur. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı – sanki “əkiz"ləridir. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s. tarixi yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunun zəngin faktoloji sübutudur.

Uca dağ zirvələri, sıx meşələri, gur çayları və sərt iqlimi ilə seçilən Kəlbəcər təbiətin qüdrəti ilə tarixin yaddaşını özündə birləşdirir. Dağlıq relyefə malik olan Kəlbəcər çox sayda mineral su qaynaqları, axar çaylar və faydalı qazıntılarla da çox zəngindir. Rayonun iqtisadi potensialının əsas sütunlarından biri müalicəvi əhəmiyyətli mineral suları və zəngin su ehtiyatlarıdır. Dünya şöhrətli “İstisu” mineral suyu həm sağlamlıq turizmi, həm də sənaye istehsalı baxımından Kəlbəcərin vizit kartıdır.

1993-cü ilin aprelində erməni faşist qüvvələri tərəfindən işğal olunan Kəlbəcərdə 27 il ərzində tarixi-mədəni abidələr dağıdıldı, təbii sərvətlər talan edildi. Lakin 2020-ci ilin 25 noyabr tarixi ədalətin bərpası, rayonun uca zirvələrində üçrəngli bayrağımızın dalğalanmasının və Kəlbəcərə Böyük Qayıdış prosesinin başlanmasına rəvac verən möhtəşəm gün kimi tarixə düşdü.

Hazırda azad olunmuş ərazilərin bərpası çərçivəsində Kəlbəcərin şəhər və kəndlərinin müasir şəhərsalma standartlarına uyğun yenidən qurulması sürətlə həyata keçirilir. Doğma yurdlarına qayıdan sakinlərin dayanıqlı məskunlaşması üçün yaşayış məntəqələri, sosial və kommunikasiya infrastrukturu yaradılır. Hazırda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti nəticəsində, işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də günbəgün daha da vüsət alan bərpa-quruculuq işləri həyata keçirilməkdədir. 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.

Artıq “Böyük Qayıdış Proqramı” çərçivəsində keçən ilin avqustundan başlayan köç mərhələləri nəticəsində (2026-cı ilin aprelində baş tutan sayca 6-cı köç də daxil olmaqla) Kəlbəcər şəhərinə 162 ailə (təxminən 600 nəfərdən çox sakin) geri qayıdıb və şəhərin yeni yaşayış komplekslərində məskunlaşdırılıb. Hazırda Kəlbəcər şəhərdə 2-ci, 3-cü və 4-cü yaşayış məhəllələrinin inşası sürətlə davam edir və yaxın mərhələdə rayona köçürüləcək əhalinin sayının 17 min nəfərə çatdırılması hədəflənir.

Rayonun kəndlərindən isə, ilk köçün arasında tikinti-bərpa işləri ən sürətlə aparılan Zar kəndinə həyata keçirilməsi planlaşdırılır. Burada birinci mərhələdə 547 fərdi ev (ümumilikdə 855 ailəlik) və zəruri sosial infrastruktur inşa olunur. Bundan başqa, Kəlbəcərin Baş planına əsasən rayonun 124 kəndindən 56-sı yenidən qurulacaq, kiçik kəndlər isə onlara birləşdiriləcək. Birinci mərhələdə İstisu qəsəbəsi, Zar, Yanşaq, Keşdək, Qılınclı, Qamışlı, Hacıkənd, İlyaslar, Lev, Zallar, Başlıbel, Ağcakənd və Zülfüqarlı kəndlərinin bərpası və mərhələli məskunlaşdırılması nəzərdə tutulub. Bu proses Kəlbəcərə müharibədən sonrakı simvolik qayıdışı deyil, sözün tam mənasında genişmiqyaslı, planlı və daimi həyatın bərpası prosesini əks etdirir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri bölgənin bərpasında dönüş nöqtələri kimi yadda qalır. Xüsusilə 25 avqust 2023-cü il tarixli səfər çərçivəsində mühüm infrastruktur və iqtisadi layihələrin icrası və açılışı həyata keçirildi. Kəlbəcərdə “AzərEnerji” ASC-nin “Soyuqbulaq”, “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışı edən dövlət başçımız “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldu və Zar kəndinin təməlqoyma mərasimini həyata keçirdi.

Ümumiyyətlə, dövlət başçımızın tapşırığına əsasən, bu günədək Kəlbəcər rayonunda “Kəlbəcər-1”, “Meydan”, “Qamışlı”, “Soyuqbulaq”, “Çıraq-1”, “Çıraq-2”, “Zar” Kiçik Su Elektrik stansiyaları (KSES), həmçinin “Yuxarı Vəng” Su Elektrik Stansiyası, habelə 110/35 kV-luq “İstisu” yarımstansiyası istismara verilmişdir. Bunu da qeyd edək ki, Kəlbəcər rayonu azad ediləndən dərhal sonra Daşkəsən rayonundan Kəlbəcərə 3500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 km məsafədə yüksəkgərginlikli ikidövrəli ötürmə xətti çəkilərək, sıldırımlı dağlarda, havanın sərt şaxtalı olduğu, qarın qalınlığının 3-5 metrə çatdığı yolsuz ərazilərdə hündülüyü 50 metr, çəkisi 10 ton olan anker dayaqlar quraşdırılaraq elektrik enerjisi verilişi təmin edilmiş, çətin relyefdə yerləşən Kəlbəcərdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilmiş və 2021-ci ilin yayında yarımstansiya istifadəyə verilmişdi.

2025-ci il iyunun 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə səfərləri zamanı şəhərə köçən sakinlərlə görüşərək onlara yeni mənzillərin açarlarını təqdim etdilər. Səfər zamanı “Kəlbəcər” yarımstansiyası, Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları istismara açılmış, Lev çayı üzərində su elektrik stansiyasının tikintisi ilə tanışlıq olmuş, Kəlbəcər-Laçın avtomobil yolu üzərində yaradılacaq 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyulmuşdu. Bundan başqa, Azərbaycan prezidnetiı rayonun Yanşaq, Zallar və Zar kəndlərinin, habelə İstisu qəsəbəsinin, Kəlbəcər şəhərində birinci və ikinci yaşayış komplekslərinin, inzibati binanın və məktəb binasının təməllərinin qoyulması, “İstisu” mineral su zavodunun açılış mərasimlərində iştirak etmişdi.

Erməni vandalizmi dövründə yandırılmış evlərin, viran qoyulmuş yurd yerlərinin və məhv edilmiş meşələrin yerində bu gün artıq müasir Azərbaycanın quruculuq simasının Kəlbəcərdəki nişanələri kimi yaşıl enerji mənbələri, müasir yol-nəqliyyat şəbəkəsi, sağlamlıq və turizm ocaqları, doğma torpağına qayıdan insanların yeni həyatı formalaşır. Bir zamanlar yalnız həsrət və ağrı ilə xatırlanan uca dağ zirvələri artıq yaradıcılıq əzminin, müasir şəhərsalma mədəniyyətinin və iqtisadi dirçəlişin ünvanına çevrilib. Kəlbəcər şəhərindən, Yanşaq, Zallar və Zar kəndlərindən başlayan bu böyük quruculuq dalğası rayonun bütün yaşayış məntəqələrini əhatə edərək bölgəni Azərbaycanın ən abad və müasir guşələrindən birinə çevirir.

Beləliklə, 25 noyabr – Kəlbəcər Şəhəri Günü təkcə rayonun işğaldan azad olunma tarixi deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin iqtisadi və siyasi qüdrətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin təntənəsidir. Dağların qoynunda yenidən doğulan Kəlbəcər bundan sonra da milli birliyimizin, suverenliyimizin və Qarabağla Şərqi Zəngəzurun əbədi dirçəlişinin sarsılmaz rəmzi olaraq daim Ana Vətənə bağlı yaşayacaq və inkişaf edəcəkdir.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər