PDF Oxu

Siyasət

  • 259

Bakı ilə Hanoy arasında yetmiş illik dostluğun yeni mərhələsi - ŞƏRH

Bakı ilə Hanoy arasında yetmiş illik dostluğun yeni mərhələsi - ŞƏRH


Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə müsahibə verib. Müsahibə dövlət başçısının Vyetnama rəsmi səfəri ərəfəsində yayımlanıb və Azərbaycan-Vyetnam münasibətlərinin keçdiyi yolu, bugünkü vəziyyətini və gələcək perspektivlərini əhatə edib. Prezident ikitərəfli əlaqələrin təxminən yetmiş illik tarixə malik olduğunu vurğulayıb və dostluğun köklərinə qayıtmağı, onun əsasını qoyan liderləri minnətdarlıqla yada salmağı vacib sayıb.
Dövlət başçısı bu dostluğun başlanğıc nöqtəsi kimi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya etdiyi unudulmaz səfəri göstərib. Sonrakı mühüm mərhələ kimi 1983-cü ili xatırladıb. O vaxt Heydər Əliyevin başçılıq etdiyi sovet nümayəndə heyəti Vyetnama səfər edib. Ümummilli Liderin təşəbbüsü ilə bu səfər səkkiz günə qədər uzadılıb və ölkənin əsas regionlarını əhatə edib. Həmin illərdə əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına təkan verib və çoxillik əməkdaşlığın istiqamətini müəyyənləşdirib.
Siyasi dialoqdan danışan Prezident İlham Əliyev 2014-cü ildə Vyetnama ilk dövlət səfərini, 2015-ci ilin mayında isə Vyetnam Prezidentinin Azərbaycana cavab səfərini xatırladıb. Keçən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ilk dövlət səfəri zamanı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul edilib. Bu sənəd münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Tərəflər BMT, Qoşulmama Hərəkatı və AQEM kimi beynəlxalq platformalarda da sıx əlaqə saxlayırlar.
İqtisadi-ticari sahədə münasibətlər ardıcıl inkişaf edir. 2025-ci ilin yekunlarına görə ticarət dövriyyəsi 150 milyon dollardan çox olub, lakin Prezident bu göstəricinin real imkanları əks etdirmədiyini deyib. Sovet dövründən tərəfdaşlığın təməlini təşkil edən neft sektoru əsas istiqamət olaraq qalır. SOCAR ilə PetroVietnam arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu kəşfiyyat, texniki xidmətlər və mütəxəssis hazırlığını nəzərdə tutur. Vyetnamın “ROX Group” şirkəti ilə 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər imzalanıb. Tranzit daşımaları isə 2026-cı ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artıb. Azərbaycanın Orta Dəhliz və “Şimal-Cənub” marşrutları Vyetnam yüklərinin Avropaya daşınması üçün əlverişli imkanlar yaradır.
Humanitar, təhsil və mədəni əlaqələr də müsahibədə geniş yer tutub. Heydər Əliyev Fondu Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla Vyetnamda bir sıra layihələr həyata keçirib. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində To Lamın iştirakı ilə Ho Şi Minin Memorial otağı açılıb. Mədəniyyət sahəsində Qara Qarayevin 1955-ci ildə yazdığı “Vyetnam süitası”, rejissor Əjdər İbrahimovun 1959-1962-ci illərdə Vyetnamda fəaliyyəti və bu il Bakı ilə Qəbələni əhatə edən Vyetnam Günləri festivalı xalqlar arasındakı mədəni körpünü göstərir. Azərbaycan 2024-cü ildəki “Yaqi” fırtınasının və 2025-ci ildəki daşqınların nəticələrinin aradan qaldırılması üçün Vyetnama maliyyə yardımı göstərib.
Səfərdən gözləntilərini bildirən Prezident Vyetnamı Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkə, Azərbaycanı isə Cənubi Qafqazın əsas logistika və energetika mərkəzi kimi təqdim edib. Onun fikrincə, tərəflər qüvvələrini birləşdirməklə yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə və biznes üçün əlavə imkanlar yarada bilər. Enerji, sənaye, kənd təsərrüfatı və nəqliyyat-logistika sahələrində əməkdaşlıq potensialının böyük olduğunu vurğulayan dövlət başçısı planauyğun birgə işin qısa zamanda praktik nəticələr verəcəyinə əmin olduğunu bildirib.1959-cu ildə Bakıda atılan dostluq addımı bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı

Digər xəbərlər