PDF Oxu

Siyasət

  • 329

Azərbaycanın beynəlxalq nüfuzu, strateji tərəfdaşlığı və gələcəyə baxışı - ŞƏRH

Azərbaycanın beynəlxalq nüfuzu, strateji tərəfdaşlığı və gələcəyə baxışı - ŞƏRH

2026-cı il noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizin xarici siyasət prioritetlərinin, beynəlxalq münasibətlər sistemində mövqeyinin və Azərbaycan–Vyetnam əlaqələrinin inkişaf perspektivlərinin təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu müsahibə Azərbaycanın dünya dövlətləri ilə qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlara əsaslanan əməkdaşlıq siyasətinin ifadəsi kimi diqqət çəkir.

Müsahibədə Azərbaycan–Vyetnam münasibətlərinin təxminən 70 illik tarixi, iki ölkə arasında siyasi dialoqun mövcud vəziyyəti, iqtisadi və ticari əməkdaşlığın genişləndirilməsi, enerji, nəqliyyat, logistika, təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin inkişafı geniş şəkildə təhlil olunub.

Prezident İlham Əliyev Azərbaycan–Vyetnam dostluğunun tarixi köklərinə toxunaraq qeyd edib ki, bu münasibətlərin formalaşmasında hər iki xalqın görkəmli dövlət xadimlərinin mühüm xidmətləri olub. 1959-cu ildə Vyetnamın Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalq arasında dostluq əlaqələrinin əsasını qoyan mühüm hadisələrdən biri kimi tarixə düşüb. 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri ikitərəfli əməkdaşlığın inkişafına yeni təkan verib. Həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına töhfə verməklə yanaşı, uzunmüddətli əməkdaşlığın təməllərini möhkəmləndirib.

Dövlət başçısı müsahibəsində Azərbaycan ilə Vyetnam arasında siyasi dialoqun ardıcıl inkişaf etdiyini vurğulayıb. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfəri münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm mərhələlər olub. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və səfər çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi isə ikitərəfli əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu sənəd siyasi, iqtisadi və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün mühüm hüquqi-siyasi zəmin yaradıb.

Müsahibənin mühüm istiqamətlərindən birini iqtisadi və ticarət əlaqələri təşkil edir. Prezident İlham Əliyevin bildirdiyinə görə, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər iki ölkənin iqtisadi potensialını tam əks etdirmir. Hər iki dövlətin qarşılıqlı ticarətin artırılması, investisiya imkanlarının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanları mövcuddur.

Enerji sahəsində əməkdaşlıq Azərbaycan–Vyetnam münasibətlərinin ənənəvi istiqamətlərindən biridir. SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, eləcə də mütəxəssislərin hazırlanması kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur. Bununla yanaşı, bərpaolunan enerji istiqamətində də yeni imkanlar yaranır. Vyetnamın ROX Group şirkətinin Azərbaycanda tikinti, infrastruktur, günəş və külək enerjisi layihələrinə maraq göstərməsi iqtisadi tərəfdaşlığın şaxələndirilməsi baxımından əhəmiyyətlidir.

Dövlət başçısı Azərbaycanın beynəlxalq nəqliyyat və logistika imkanlarının Vyetnamla iqtisadi əlaqələrin inkişafında mühüm rol oynaya biləcəyini də diqqətə çatdırıb. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit yükdaşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe, müasir nəqliyyat infrastrukturu və beynəlxalq nəqliyyat dəhlizlərində iştirakı Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılması üçün əlavə imkanlar yaradır. Xüsusilə Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Müsahibədə humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa da xüsusi yer ayrılıb. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun Vyetnamla humanitar əlaqələrin inkişafına verdiyi töhfələri vurğulayıb. Fondun Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək göstərməsi, təhsil proqramlarında iştirakı və digər xeyriyyə təşəbbüsləri xalqlar arasında dostluğun möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycanla Vyetnam arasında təhsil əlaqələrinin zəngin tarixi mövcuddur. Sovet dövründə təxminən 5 min vyetnamlı gənc Azərbaycanda təhsil alıb, burada qazandıqları bilik və təcrübəni sonradan öz ölkələrinin inkişafına yönəldiblər. Bu gün də iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri və anlaşma memorandumları imzalanır. Vyetnam vətəndaşlarının Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulan təhsil qrantı proqramlarından yararlana bilməsi də bu əlaqələrin genişləndirilməsinə xidmət edir.

Mədəniyyət sahəsində əməkdaşlıq da iki xalqı bir-birinə yaxınlaşdıran mühüm amillərdəndir. Azərbaycanda Vyetnam Günlərinin keçirilməsi, Vyetnam ədəbiyyatının ölkəmizdə tanıdılması, eləcə də Azərbaycan incəsənət nümayəndələrinin bu ölkə ilə bağlı fəaliyyəti qarşılıqlı mədəni əlaqələrin zənginliyini göstərir. Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 1955-ci ildə yaratdığı “Vyetnam süitası” və kinorejissor Əjdər İbrahimovun Vyetnam kinosunun inkişafına verdiyi töhfələr bu dostluğun mədəni tarixinin parlaq səhifələridir.

Prezident İlham Əliyev müsahibəsində xalqlar arasında dostluğun yalnız iqtisadi və siyasi əlaqələrlə məhdudlaşmadığını, çətin günlərdə göstərilən qarşılıqlı dəstəyin də münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. Azərbaycanın 2024-cü ildə Vyetnamda baş vermiş Yagi tayfununun fəsadlarının aradan qaldırılmasına, 2025-ci ildə isə güclü daşqınların vurduğu zərərin nəticələrinin aradan qaldırılmasına maliyyə yardımı göstərməsi humanizm və həmrəylik prinsiplərinə sadiqliyin nümunəsidir.

Müsahibənin sonunda dövlət başçısı Vyetnama qarşıdan gələn rəsmi səfərinin iki ölkə arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyacağına əminliyini ifadə edib. Azərbaycanın Cənubi Qafqazda mühüm nəqliyyat, logistika və enerji mərkəzi, Vyetnamın isə Cənub-Şərqi Asiyada sürətlə inkişaf edən dövlət olması qarşılıqlı əməkdaşlıq üçün geniş perspektivlər açır.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycanın çoxşaxəli xarici siyasətinin, beynəlxalq əməkdaşlığa açıq mövqeyinin və dost ölkələrlə münasibətlərin inkişafına verdiyi önəmin növbəti ifadəsidir. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan–Vyetnam münasibətləri tarixi dostluq ənənələrinə söykənərək yeni strateji məzmun qazanır. Siyasi dialoqun gücləndirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi, humanitar və mədəni əməkdaşlığın dərinləşdirilməsi hər iki xalqın maraqlarına xidmət edir.

Bu baxımdan, 19 noyabr 2026-cı il tarixli müsahibə yalnız iki ölkə arasındakı mövcud münasibətlərin qiymətləndirilməsi deyil, həm də gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi və diplomatik mesaj kimi dəyərləndirilə bilər.

Xəyyam Vəliyev,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər