PDF Oxu

Siyasət

  • 292

Azərbaycan–Vyetnam münasibətləri: tarixi dostluqdan strateji tərəfdaşlığa doğru - ŞƏRH

Azərbaycan–Vyetnam münasibətləri: tarixi dostluqdan strateji tərəfdaşlığa doğru - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizin uğurlu xarici siyasət strategiyasının, beynəlxalq nüfuzunun və dost dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin mühüm təzahürüdür. Müsahibə Azərbaycan ilə Vyetnam arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin, siyasi dialoqun, iqtisadi əlaqələrin və çoxşaxəli əməkdaşlığın mövcud vəziyyətini, eyni zamanda gələcək inkişaf perspektivlərini əhatə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev müsahibəsində Azərbaycan–Vyetnam münasibətlərinin tarixi köklərinə toxunaraq bu əlaqələrin təxminən 70 illik zəngin tarixə malik olduğunu vurğulayıb. İki xalq arasında dostluğun təməli 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə qoyulub. Həmin münasibətlərin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də mühüm xidmətləri olub. Ulu Öndərin 1983-cü ildə Sovet İttifaqının nümayəndə heyətinə rəhbərlik edərək Vyetnama səfər etməsi, səfərin müddətini səkkiz günə qədər uzadaraq ölkənin müxtəlif bölgələrini əhatə etməsi və əldə olunan razılaşmalar iki ölkə arasında uzunmüddətli əməkdaşlığın əsaslarının möhkəmlənməsinə əhəmiyyətli töhfə verib. Müstəqillik illərində də Azərbaycan–Vyetnam münasibətləri ardıcıl şəkildə inkişaf etdirilib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin may ayında Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm mərhələlər olub. 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə münasibətlərin inkişafında yeni səhifə açıb. Səfər çərçivəsində imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyib.
Bu gün Azərbaycan və Vyetnam arasında siyasi dialoq dövlət başçıları səviyyəsində münasibətlərlə məhdudlaşmır. Hökumətlərarası komissiya, müvafiq dövlət qurumları, parlamentlərarası dostluq qrupları, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələr əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirir. Ölkələrimizin Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti də siyasi tərəfdaşlığın mühüm istiqamətlərindəndir. Müsahibədə xüsusi diqqət yetirilən məsələlərdən biri də iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi olub. Dövlət başçısının qeyd etdiyi kimi, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər Azərbaycan və Vyetnamın iqtisadi potensialını tam əks etdirmir. Hər iki ölkə arasında enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. Energetika sahəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssislərin hazırlanması və digər istiqamətlərdə birgə fəaliyyət üçün yeni imkanlar yaradır. Eyni zamanda, Vyetnam şirkətlərinin Azərbaycanda investisiya layihələrinə marağının artması iqtisadi münasibətlərin daha da dərinləşdiyini göstərir. ROX Group şirkətinin tikinti, infrastruktur və bərpaolunan enerji sahələrində layihələrin həyata keçirilməsinə maraq göstərməsi, 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müvafiq sənədlərin imzalanması bu baxımdan diqqətəlayiqdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq logistika imkanları Vyetnamla əməkdaşlığın genişləndirilməsi üçün də mühüm üstünlüklər yaradır. Prezident İlham Əliyev müsahibəsində tranzit daşımaları sahəsində müşahidə olunan müsbət dinamikanı xüsusi qeyd edib. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit yüklərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün Azərbaycanın imkanlarından istifadə edilməsi gələcəkdə yeni iqtisadi perspektivlər açacaq. Müsahibədə humanitar, təhsil və mədəni əlaqələrin xalqlar arasında dostluğun möhkəmləndirilməsindəki rolu da geniş şəkildə diqqətə çatdırılıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət daşıyır. Fondun Vyetnamda təhsil və sosial infrastruktur sahələrində gördüyü işlər, Ha Giang əyalətində ibtidai məktəbin inşası və müxtəlif təhsil proqramlarına göstərilən dəstək Azərbaycan xalqının humanizm və həmrəylik prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. 2025-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri də humanitar əlaqələrin inkişafına mühüm töhfə verib. Səfər zamanı Vyetnamın dövlət rəsmiləri, yaradıcı ziyalıları və Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşlər keçirilib, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə yardımı göstərilib. Elm və təhsil sahəsində əməkdaşlıq da zəngin tarixi ənənələrə əsaslanır. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin mühüm göstəricisidir. Bu gün də ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, vyetnamlı gənclərin Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsis edilmiş təhsil qrantı proqramlarından yararlanması üçün imkanlar mövcuddur. 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması isə tarixi dostluğun rəmzi kimi xüsusi məna daşıyır. Mədəniyyət sahəsində əlaqələr də xalqlarımızın bir-birini daha yaxından tanımasına və qarşılıqlı mənəvi bağların güclənməsinə xidmət edir. 2026-cı ildə Azərbaycanda Vyetnam Günləri festivalının ilk dəfə Bakı və Qəbələ şəhərlərində keçirilməsi mədəni əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir. Vyetnamın tanınmış şairi Mai Van Phanın “Gün doğarkən” adlı şeirlər toplusunun Azərbaycan dilində nəşr olunması da bu istiqamətdə atılan əhəmiyyətli addımlardandır. Azərbaycan və Vyetnam xalqlarını mədəniyyət sahəsində birləşdirən əlaqələr daha qədim tarixə malikdir. Görkəmli bəstəkar Qara Qarayevin 1955-ci ildə “Vyetnam süitası”nı yaratması, tanınmış kinorejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda fəaliyyət göstərərək milli kino sənətinin inkişafına töhfə verməsi bu dostluğun mədəni salnaməsinin mühüm səhifələridir. Əjdər İbrahimovun “Vyetnamda gördüklərim” kitabının bu il Hanoyda təqdim olunması da xalqlarımız arasında mədəni əlaqələrin davamlılığını nümayiş etdirir. Azərbaycanın dost Vyetnama çətin günlərdə göstərdiyi dəstək də qarşılıqlı etimadın və humanitar həmrəyliyin nümunəsidir. Ölkəmiz 2024-cü ildə “Yaqi” tayfununun, 2025-ci ildə isə güclü daşqınların yaratdığı fəsadların aradan qaldırılması üçün Vyetnama maliyyə yardımı göstərib. Bu addımlar Azərbaycanın beynəlxalq münasibətlərdə dostluq, humanizm və qarşılıqlı dəstək prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir. Prezident İlham Əliyev qarşıdakı Vyetnam səfərinə dair gözləntilərini ifadə edərək bu səfərin iki ölkə arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. Dövlət başçısının vurğuladığı kimi, Vyetnam Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən dövlətlərindən biri, Azərbaycan isə Cənubi Qafqazın mühüm nəqliyyat-logistika və enerji mərkəzidir. Bu potensialların birləşdirilməsi yeni bazarlara çıxış, birgə layihələrin reallaşdırılması, investisiya imkanlarının genişləndirilməsi və hər iki xalqın rifahına xidmət edən təşəbbüslərin həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Ümumilikdə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycanın balanslaşdırılmış, praqmatik və çoxşaxəli xarici siyasət kursunun mahiyyətini bir daha nümayiş etdirir. Müsahibədə səsləndirilən fikirlər təsdiq edir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regional əməkdaşlığın fəal iştirakçısı və müxtəlif coğrafiyaları birləşdirən mühüm strateji mərkəz kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycan–Vyetnam münasibətləri tarixi dostluq, qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulub. Bu gün həmin möhkəm təməl yeni iqtisadi layihələr, genişlənən siyasi dialoq, humanitar təşəbbüslər və strateji tərəfdaşlıq vasitəsilə daha da güclənir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycanla Vyetnam arasında münasibətlər gələcəkdə də yeni məzmun və konkret nəticələrlə zənginləşəcək, iki dost xalqın qarşılıqlı maraqlarına və rifahına xidmət edəcəkdir.

Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər