PDF Oxu

Siyasət

  • 237

Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi - ŞƏRH

Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi - ŞƏRH

25 Noyabr Kəlbəcərin rəsmi şəhər günü kimi qeyd olunur və bu tarix qədim yurd yerimizin tarixi, mədəniyyəti, möhtəşəm təbiəti və yenidən qurulma yolunda olan bölgənin zəngin irsini anmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Kəlbəcər həm coğrafi mövqeyi, həm də təbii sərvətləri ilə Azərbaycanın ən unikal rayonlarından biridir. 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatından sonra Ermənistan ordusu Kəlbəcəri tərk etməyə məcbur oldu. Bu, Azərbaycan Ordusunun qətiyyəti, mövqelərinin gücü, yüksəkliklərdə qazandığı üstünlüyün nəticəsi idi. Ermənistan Kəlbəcəri döyüşmədən təhvil verməyə məcbur qaldı. Bu fakt Kəlbəcər istiqamətində aparılan əməliyyatların nə qədər effektiv olduğunu bir daha sübut edir. Kəlbəcərə nəzarət bütün Qarabağ ərazisinin təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan Ermənistanla sərhəd bölgələrində strateji mövqeləri bərpa etdi. Kəlbəcərin azad edilməsi Azərbaycanı bölgədə daha güclü hərbi-siyasi aktora çevirdi. Kəlbəcər rayonunun işğaldan azad olunması Azərbaycanın iqtisadi, strateji və sosial inkişafına yeni bir mərhələ açdı. İşğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Kəlbəcərdə də ilkin məqsədlərdən biri bölgənin infrastrukturunu tamamilə yenidən qurmaq, müasir standartlara uyğun bərpa etmək və regionu ölkənin iqtisadi sisteminə sürətli şəkildə inteqrasiya etmək oldu. Bu sahədə həyata keçirilən ən irimiqyaslı layihələrdən biri Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisidir. Bu yol həm strateji, həm iqtisadi, həm də turizm baxımından bölgənin gələcək inkişafının əsas sütunlarından biri sayılır. Ümumi 82 kilometr uzunluğa malik olan bu avtomobil yolu I, II və III texniki dərəcələrə uyğun olaraq inşa edilir və yolun müxtəlif hissələrində iki, üç və dörd hərəkət zolağı nəzərdə tutulub. Bu, yolun həm təhlükəsizliyini, həm də intensiv hərəkətə hazır olmasını təmin edən mühüm mühəndislik həllidir. Yolun 56 kilometrlik hissəsini Toğanalı–Kəlbəcər, 26 kilometrlik hissəsini isə Kəlbəcər–İstisu istiqaməti təşkil edir. Artıq tikintinin 87 faizi tamamlanıb. Bu göstərici layihənin böyük surətlə və yüksək mühəndis dəqiqliyi ilə həyata keçirildiyini göstərir. Yol şəbəkəsinin formalaşdırılması təkcə nəqliyyat əlaqələrini bərpa etmir, eyni zamanda Kəlbəcərin iqtisadi dirçəlişinə, turizm potensialının açılmasına və bölgədə yeni yaşayış məntəqələrinin formalaşmasına böyük imkan yaradır.

Bu gün Kəlbəcərdə həyata keçirilən bərpa və yenidənqurma işləri rayonun gələcək inkişafının möhkəm təməlini formalaşdırır. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plan əsasında yaşayış, sosial, nəqliyyat və ictimai infrastrukturun müasir tələblərə uyğun qurulması planlaşdırılıb. Baş plana əsasən, şəhərin ərazisinin təxminən 290 hektara çatdırılması, əhalisinin isə 17 min nəfərədək yüksəlməsi nəzərdə tutulur. Yaşayış fondunun genişləndirilməsi ilə yanaşı, məktəblərin, uşaq bağçalarının, səhiyyə müəssisələrinin, mədəniyyət və istirahət obyektlərinin yaradılması da layihənin əsas istiqamətlərindəndir. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması nəzərdə tutulur. Bu yanaşma Kəlbəcərin təbii mühitinin qorunması ilə müasir şəhərsalma prinsiplərinin uzlaşdırılmasına xidmət edir.
Şəhərdə inşa edilən yaşayış kompleksləri keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışını təmin etmək məqsədi daşıyır. 19,5 hektar ərazidə salınan 524 ailəlik yaşayış kompleksində çoxmənzilli binalar və fərdi yaşayış evləri tikilir, sakinlərin rahatlığı üçün parklar, istirahət guşələri, uşaq oyun və idman meydançaları, sosial-məişət obyektləri yaradılır. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı şəhərə köçmüş ailələrə mənzillərin açarlarının təqdim edilməsi doğma yurda qayıdış prosesinin mühüm mərhələsi oldu. Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı 2025-ci il avqustun 20-dən başlanıb və bu proses mərhələli şəkildə davam etdirilir.
Bölgənin kənd yaşayış məntəqələrinin bərpası da Böyük Qayıdış proqramının mühüm istiqamətlərindəndir. Yanşaq, Zallar və Zar kəndlərində yeni yaşayış məhəllələrinin salınması, fərdi evlərin, məktəb və uşaq bağçalarının inşası nəzərdə tutulur. Bu layihələr kəndlərin sosial-iqtisadi həyatının bərpasına, sakinlərin məşğulluğunun təmin edilməsinə və bölgədə dayanıqlı məskunlaşmanın formalaşmasına imkan yaradacaq.
Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri əzəmətli, nəhəng və genişmiqyaslıdır. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi diqqət və nəzarətində saxlayır.
Prezident, Müzəffər Ali Baş Komandanın yürütdüyü uğurlu və qətiyyətli siyasət nəticəsində işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Kəlbəcər şəhərində fasiləsiz həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan kəndlər tezliklə bu torpaqların Azərbaycanın çiçəklənən diyarına çevriləcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri

Digər xəbərlər