PDF Oxu

Siyasət

  • 342

Azərbaycan–Vyetnam münasibətlərində humanitar əməkdaşlıq: elm, təhsil və mədəniyyət körpüsü - ŞƏRH

Azərbaycan–Vyetnam münasibətlərində humanitar əməkdaşlıq: elm, təhsil və mədəniyyət körpüsü - ŞƏRH

Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət, dostluq və etimad prinsipləri əsasında formalaşaraq inkişaf etmişdir. Coğrafi baxımdan bir-birindən uzaqda yerləşən bu iki ölkəni birləşdirən əsas amillərdən biri xalqlar arasında mövcud olan səmimi münasibətlər və əməkdaşlığa verilən önəmdir. Bu əlaqələr yalnız siyasi və iqtisadi istiqamətlərlə məhdudlaşmır, eyni zamanda humanitar sahədə həyata keçirilən təşəbbüslər, elmi və təhsil mübadiləsi, mədəni layihələr vasitəsilə daha geniş məzmun qazanır.

İki ölkə arasında diplomatik münasibətlərin 23 sentyabr 1992-ci ildə qurulması əməkdaşlığın yeni mərhələsinin əsasını qoymuşdur. Sonrakı illərdə müxtəlif sahələrdə inkişaf edən əlaqələr 2025-ci ilin may ayında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu mühüm siyasi qərar Azərbaycan və Vyetnam arasında mövcud dostluğun daha da möhkəmləndirilməsi ilə yanaşı, humanitar əməkdaşlığın yeni imkanlar qazanmasına da şərait yaratmışdır.
Azərbaycan–Vyetnam münasibətlərinin diqqətəlayiq istiqamətlərindən biri xeyriyyəçilik və humanitar dəstək sahəsində həyata keçirilən layihələrdir. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Fondun müxtəlif ölkələrdə reallaşdırdığı sosial və humanitar təşəbbüslər Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfənin mühüm nümunəsidir. Vyetnamda həyata keçirilən layihələr də bu fəaliyyətin tərkib hissəsidir. Xüsusilə 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi təhsil imkanlarının genişləndirilməsinə xidmət edən əhəmiyyətli təşəbbüslərdən biri olmuşdur.
Bu cür layihələrin əhəmiyyəti yalnız maddi yardımla ölçülmür. Məktəb tikintisi, təhsil müəssisələrinə dəstək və sosial təşəbbüslər insanların gündəlik həyatında müsbət dəyişikliklər yaradır, gələcək nəsillərin inkişafına töhfə verir. Eyni zamanda bu addımlar Azərbaycan xalqının humanizm, mərhəmət və həmrəylik kimi dəyərlərə sadiqliyini nümayiş etdirir. Humanitar yardımın əsas mahiyyəti insanların rifahına töhfə vermək, onların ehtiyaclarına həssas yanaşmaq və cəmiyyətlər arasında qarşılıqlı etimadı gücləndirməkdir.
Humanitar münasibətlərin digər mühüm istiqaməti elm və təhsil sahəsində əməkdaşlıqdır. Azərbaycanla Vyetnam arasında bu sahədə əlaqələrin tarixi kifayət qədər zəngindir. Hələ keçmiş sovet dövründə Vyetnamın minlərlə vətəndaşı Azərbaycanda ali təhsil alaraq müxtəlif ixtisaslara yiyələnmiş, sonradan əldə etdikləri bilik və təcrübəni öz ölkələrinin inkişafına yönəltmişlər. Təxminən 5 min vyetnamlı tələbənin Azərbaycanda təhsil alması iki xalq arasında formalaşmış akademik əlaqələrin miqyasını göstərən mühüm tarixi faktdır.
Bu məzunlar iki ölkə arasında dostluğun qorunmasında və inkişafında özünəməxsus rol oynayırlar. Onların Azərbaycanla bağlı xatirələri, burada qazandıqları biliklər və şəxsi əlaqələri ölkələr arasında təbii ünsiyyət körpüsü formalaşdırır. Bu baxımdan təhsil əməkdaşlığını yalnız universitetlər arasında qurulan əlaqələr kimi qiymətləndirmək düzgün olmazdı. Bu əməkdaşlıq həm də gələcək nəsillərin bir-birini daha yaxından tanımasına, fərqli cəmiyyətlər haqqında düzgün təsəvvür formalaşdırmasına xidmət edir.
Son illərdə keçirilən qarşılıqlı mədəni tədbirlər də bu ənənələrin davam etdirildiyini təsdiqləyir. Azərbaycanda Vyetnam mədəniyyətinin təbliği, mədəniyyət və incəsənət nümayəndələrinin görüşləri, ədəbi əsərlərin tərcüməsi və təqdimatı xalqlar arasında qarşılıqlı marağın artmasına xidmət edir. Vyetnam ədəbiyyatının Azərbaycan oxucularına təqdim edilməsi iki xalqın mənəvi dünyasının daha yaxından tanınmasına imkan yaradır. Eyni zamanda Azərbaycan mədəniyyətinin Vyetnamda tanıdılması ölkəmizin zəngin tarixi və mədəni irsinin beynəlxalq miqyasda təbliği baxımından əhəmiyyətlidir.
Mədəni əməkdaşlığın davamlı inkişafı turizm əlaqələri üçün də əlverişli zəmin formalaşdırır. Azərbaycan öz tarixi abidələri, zəngin mətbəxi, füsunkar təbiəti və müasir turizm infrastrukturu ilə Vyetnam vətəndaşları üçün maraqlı istiqamətdir. Eyni zamanda Vyetnamın qədim tarixi, özünəməxsus milli mətbəxi, təbiət mənzərələri və mədəni irsi Azərbaycan vətəndaşlarının diqqətini cəlb edir. Qarşılıqlı turizm səfərlərinin artması insanların bir-birinin həyat tərzini, adət-ənənələrini və dünyagörüşünü daha yaxından tanımasına şərait yaradır.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan–Vyetnam münasibətlərinin inkişafında humanitar əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Xeyriyyəçilik layihələri insanlara real dəstək göstərir, elmi və təhsil əlaqələri gələcəyin peşəkar kadrlarının yetişməsinə xidmət edir, mədəni mübadilə isə xalqlar arasında mənəvi yaxınlığı gücləndirir.
Əminliklə demək olar ki, qarşılıqlı etimad və ortaq maraqlar əsasında inkişaf edən Azərbaycan–Vyetnam münasibətləri qarşıdakı illərdə elm, təhsil, mədəniyyət və humanitar sahələrdə yeni uğurlarla zənginləşəcək, iki dost xalq arasında mövcud olan əlaqələr daha da möhkəmlənəcəkdir.

Aynur Quliyeva
YAP Şahbuz rayon Ayrınc ərazi partiya təşkilatının müavini, Ayrınc kənd tam orta məktəbinin müəllimi

Digər xəbərlər