Azərbaycan Respublikasının coğrafi xəritəsində mühüm yer tutan Kəlbəcər rayonu ölkənin ən yüksək dağ rayonu kimi özünəməxsus relyef göstəriciləri, zəngin təbii ehtiyatları, strateji mövqeyi və hazırda həyata keçirilən genişmiqyaslı yenidənqurma prosesləri ilə səciyyələnir.
Kiçik Qafqazın mürəkkəb və yüksək dağlıq sistemində yerləşən Kəlbəcər rayonu uca zirvələri, dərin çay dərələri, sıldırım qayalıqları və geniş yaylaları ilə ölkənin təbii-coğrafi quruluşunda xüsusi çəkiyə malikdir. Rayonun dəniz səviyyəsindən yüksəklikdə yerləşməsi onun iqlim şəraitinin, biomüxtəlifliyinin, su ehtiyatlarının, torpaq örtüyünün və sosial-iqtisadi inkişaf istiqamətlərinin formalaşmasında həlledici rol oynamışdır. Murovdağ, Şahdağ, Şərqi Göyçə və Qarabağ silsilələrinin əhatəsində qərar tutan bu ərazi oroqrafik baxımdan ölkənin ən mürəkkəb və sərt relyef quruluşuna malik bölgələrindən biridir. Kəlbəcərin fiziki-coğrafi xüsusiyyətləri onun ölkənin ən yüksək dağ rayonu statusunu bütün parametrləri ilə əks etdirir. Rayon ərazisi əsasən yüksək dağ silsilələri, vulkanik yaylalar, dərin tektonik dərələr və dağətəyi yaylaq qurşaqlarından ibarət olmaqla mürəkkəb geomorfoloji quruluşa malikdir. Dəniz səviyyəsindən yüksəklik artdıqca müşahidə olunan şaquli zonallıq qanunauyğunluğu burada bütün təbii komponentlərin — temperatur rejiminin, yağıntıların paylanmasının, bitki örtüyünün və landşaft qurşaqlarının aydın şəkildə fərqlənməsinə səbəb olur. Bu relyef xüsusiyyətləri regionda sərt, lakin ekoloji baxımdan son dərəcə təmiz dağ iqliminin yaranmasına şərait yaratmışdır. Burada qış fəsli uzunmüddətli, şaxtalı və qarlı, yay fəsli isə sərin, mülayim və rütubətli keçir. Yüksək dağlıq qurşağa xas olan bu iqlim rejimi bölgənin zəngin flora və fauna ehtiyatlarının qorunub saxlanılmasına, geniş subalp və alp çəmənliklərinin, eləcə də yüksək dağlıq qayalıq ekosistemlərinin formalaşmasına bilavasitə təsir göstərir.
Rayonun yüksək dağlıq relyefi eyni zamanda onun zəngin hidroloji potensialını və ölkənin su təhlükəsizliyindəki mühüm rolunu şərtləndirir. Uca dağ silsilələrindən, buzlaq və qar sularından mənbəyini götürən Tərtərçay, Bazarçay, Xaçınçay, Tutqunçay və Levçay kimi gur dağ çayları, çoxsaylı şəlalələr və bulaqlar Kəlbəcəri Azərbaycanın əsas su hövzələrindən birinə çevirir. Yüksək dağlıq ərazilərdə formalaşan bu təmiz su ehtiyatları həm rayonun özünün, həm də ölkənin aran bölgələrinin su təminatında mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Kəlbəcər ərazisi tektonik və vulkanik mənşəli nadir termal və soyuq mineral su yataqları ilə zəngindir. Müalicəvi xüsusiyyətlərinə görə dünyada məşhur olan İstisu mineral bulaqları başda olmaqla, rayondakı onlarla mineral su mənbəyi bölgəyə həm müalicə-kurort, həm də sənaye əhəmiyyətli iqtisadi üstünlük qazandırır. Zəngin meşə massivləri, alp çəmənlikləri və mineral su ehtiyatlarının vəhdəti Kəlbəcərdə ekoturizmin və sağlamlıq turizminin inkişafı üçün misilsiz təbii baza yaradır. Kəlbəcərin Azərbaycanın ən yüksək dağ rayonu olması onun hərbi-strateji və geosiyasi əhəmiyyətini xüsusi olaraq ön plana çıxarır. Mürəkkəb dağ aşırımları, hakim yüksəkliklər, sıldırım silsilələr və ətraf rayonlarla mühüm təbii coğrafi bağlantılar Kəlbəcəri Cənubi Qafqazın ümumi coğrafi-strateji memarlığında həlledici mövqeyə gətirir.
Tarix boyu təbii qala xüsusiyyəti daşıyan bu ərazi regionun ümumi təhlükəsizlik mühitinin qorunması, sərhəd xətlərinin mühafizəsi və dağlıq ərazilərin davamlı dövlət nəzarətində saxlanılması baxımından xüsusi strateji çəkiyə malikdir. Məhz bu coğrafi üstünlüklər Kəlbəcərin ölkənin müdafiə qabiliyyətində və regional sabitliyin möhkəmləndirilməsində əvəzsiz rolunu təsdiqləyir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəşadətli Ordumuzun rəşadəti nəticəsində Kəlbəcər rayonunun azad olunması ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında tarixi dönüş nöqtəsi olmuşdur. İşğaldan azad edildikdən dərhal sonra dövlət başçısının birbaşa nəzarəti, davamlı səfərləri və verdiyi strateji tapşırıqlar əsasında Kəlbəcərin yenidən qurulması dövlət siyasətinin ən mühüm prioritet istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyev Kəlbəcərə etdiyi səfərlər zamanı mühüm infrastruktur, enerji, sənaye, sosial və yaşayış obyektlərinin təməlini qoymuş, bir çox strateji layihələrin açılışında şəxsən iştirak edərək rayonun inkişaf xəritəsini müəyyənləşdirmişdir. Dövlət başçısının rəhbərliyi ilə qəbul edilmiş Kəlbəcər rayonunun və Kəlbəcər şəhərinin Baş Planları yüksək dağlıq ərazinin təbii relyefinə, müasir şəhərsalma prinsiplərinə, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarına, eləcə də "yaşıl enerji" zonası standartlarına uyğun şəkildə hazırlanmışdır. Prezidentin tapşırığına əsasən rayonda aparılan bütün tikinti və quruculuq işləri ekoloji tarazlığın qorunması, müasir mühəndislik texnologiyalarının tətbiqi və sakinlər üçün ən yüksək həyat standartlarının yaradılması prinsiplərinə söykənir.
Kəlbəcərin Azərbaycanın ən yüksək dağ rayonu olması nəzərə alınaraq, Prezident İlham Əliyevin birbaşa tapşırıqları ilə bölgədə misli görünməmiş yol-nəqliyyat və mühəndislik layihələri icra olunur. Sərt qış aylarında rayonun ölkənin digər bölgələri ilə fasiləsiz və təhlükəsiz əlaqəsini təmin etmək məqsədilə Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun inşası və bu yol üzərində Murovdağ silsiləsinin altından keçən dünyanın ən uzun avtomobil tunellərindən biri olan Murovdağ tunelinin tikintisi strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, Kəlbəcər–Laçın avtomobil yolunun, çoxsaylı körpülərin, qalereyaların və yeni tunellərin inşası dağlıq relyefin yaratdığı bütün çətinliklərin müasir mühəndislik həlləri ilə aradan qaldırılmasını təmin edir. Enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət başçısının iştirakı ilə açılışı həyata keçirilən "Kəlbəcər" yarımstansiyası, yüksəkgərginlikli elektrik verilişi xətləri və rayonun zəngin hidroenerji potensialından səmərəli istifadə məqsədilə bərpa edilən və yenidən qurulan kiçik su elektrik stansiyaları ("Kəlbəcər-1", "Çıraq-1", "Çıraq-2", "Qamışlı", "Meydan", "Soyuqbulaq", "Aşağı Vəng", "Nadirxanlı" və digər su elektrik stansiyaları) Kəlbəcəri ölkənin mühüm bərpa olunan enerji mərkəzinə çevirmişdir. Eyni zamanda rayon mərkəzinin və yaşayış məntəqələrinin içməli su təchizatı, kanalizasiya və rabitə sistemləri müasir tələblər səviyyəsində yenidən qurulur.
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Kəlbəcər şəhərində və rayonun kəndlərində müasir yaşayış komplekslərinin, fərdi evlərin, təhsil, səhiyyə, mədəniyyət və inzibati binaların inşası sürətlə davam etdirilir. Prezident İlham Əliyev Kəlbəcər şəhərində ilk yaşayış məhəllələrinin, inzibati binaların, məktəb kompleksinin, rayon mərkəzi xəstəxanasının və istirahət parklarının təməlqoyma və tikinti prosesləri ilə yaxından tanış olaraq müvafiq göstərişlər vermişdir. Yaşayış məntəqələrinin layihələndirilməsi zamanı sərt dağ iqliminə uyğun istilik izolyasiyası, enerji səmərəliliyi və yüksək memarlıq keyfiyyəti əsas götürülür. Kənd yaşayış məntəqələrinin bərpası istiqamətində görülən işlər rayon üzrə planlı məskunlaşmanın əsasını təşkil edir. Belə ki, rayonun Yanşaq kəndinin yenidən qurulması və ümumilikdə 421 ailənin məskunlaşdırılmasının planlaşdırılması, Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşmasının nəzərdə tutulması, həmçinin Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşmasının planlaşdırılması yüksək dağlıq ərazilərdə həyatın sistemli, planlı və uzunmüddətli perspektivə hesablanmış şəkildə bərpa edildiyini göstərən mühüm göstəricilərdir. Kəlbəcərin sosial-iqtisadi dirçəlişində yerli resurslara əsaslanan sənaye və kurort-turizm müəssisələrinin bərpası xüsusi yer tutur. Prezident İlham Əliyevin təməlini qoyduğu və açılışını etdiyi "İstisu" mineral su zavodunun müasir texnologiyalar əsasında yenidən qurulması və fəaliyyətə başlaması bölgənin təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması və Azərbaycanın məşhur mineral su brendinin yenidən daxili və xarici bazarlara çıxarılması baxımından müstəsna əhəmiyyət daşıyır. Bununla yanaşı, "İstisu" Müalicə-İstirahət Kompleksinin inşası Kəlbəcərin sağlamlıq turizmi mərkəzi kimi əvvəlki şöhrətini daha yüksək səviyyədə bərpa etməsinə xidmət edir. Rayonda tarixi-mədəni və dini abidələrin, o cümlədən qədim Xudavəng və Gəncəsər monastır komplekslərinin, məscidlərin və tarixi abidələrin qorunması, eləcə də işğal dövründə dağıdılmış mədəni irsin bərpası dövlət nəzarətində saxlanılır. İqtisadi fəaliyyətin digər mühüm istiqaməti kimi Kəlbəcərdə ənənəvi heyvandarlıq, arıçılıq və yaylaq təsərrüfatının inkişafı üçün geniş dövlət dəstəyi göstərilir. Geniş və məhsuldar alp çəmənlikləri, zəngin balverən bitki örtüyü ekoloji təmiz məhsulların istehsalına, bununla da rayonun aqrar potensialının reallaşdırılmasına zəmin yaradır. Ümumilikdə, Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər özünün nadir təbii-coğrafi xüsusiyyətləri, əvəzsiz hidroloji və ekoloji potensialı, strateji mövqeyi və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir quruculuq mərhələsi ilə ölkənin regional inkişaf strategiyasında xüsusi yer tutur. Yüksək dağlıq relyefin yaratdığı mürəkkəb təbii şəraitə baxmayaraq, rayonda aparılan genişmiqyaslı yol-tunel, enerji, sənaye, sosial və məskunlaşma layihələri Kəlbəcərin həm təbii sərvətlərinin qorunmasını, həm də müasir, abad və dayanıqlı yaşayış məkanına çevrilməsini təmin edir.
Həyata keçirilən ardıcıl dövlət proqramları və bərpa layihələri Kəlbəcərin gələcəkdə ölkənin mühüm sağlamlıq-kurort və ekoturizm, dağ-mədən və yeyinti sənayesi, ekoloji təmiz aqrar istehsal və yaşıl enerji mərkəzlərindən biri kimi hərtərəfli inkişafı üçün möhkəm təməl yaradır.
Şeyda Əliyeva
YAP Naxçıvan şəhər təşkilatı “Əziz Əliyev küçəsi 108” ünvanında yerləşən ərazi partiya təşkilatının fəal üzvü,
Naxçıvan şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri